Redaksiyanın poçtundan - Pərvanə Əliqızının “Sünbül hörüklər” hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Pərvanə Əliqızının “Sünbül hörüklər” hekayəsi təqdim edilir. Portalımız vasitəsilə ədəbi debüt edən müəllifin bu, sizlərin diqqətinizə çatdırdığımız sayca 4-cü hekayəsidir.

 

Deyirlər, keçmişə qayıtmaq olmur. Yalnız xatirələrə dalmaqla nəyisə yada salmaq mümkündür. Bilmirəm, bəlkə də, zamanın əksinə getməyi bacarmışdım, yaxud otuz iki il boyunca ən kiçik detallarına qədər xatırladığım o tablonun içinə sızmışdım.

Yolboyu gördüklərim mənə bugünün reallığı kimi görünmürdü. Elə bil müharibə filmlərinin çəkiliş meydançasına gəlmişdim. Bütün müharibə filmləri kimi bunun da minlərlə baş qəhrəmanı vardı.

Yola dörd nəfər çıxmışdıq. Bir ailənin dörd üzvü: atam, qardaşım, bacım. Hərəmiz bir cür yaşayırdıq bu hissləri.

Sükan arxasında əyləşən qardaşım məni həvəsə gətirmək üçün:

– Görəcəksiniz, səfərimiz çox rahat keçəcək, – dedi.

Bacım: – Bircə tez gedib çatsaydıq, – desə də, ürkək baxışlarından həyəcanı, bir az da qorxusu aydınca oxunurdu.

Atam anasının qucağına tələsən uşaq kimi gözünü yoldan çəkmir, arada dərindən köks ötürürdü. Hamısı bir az kədərli görünsə də, mən heç kimə bildirmək istəmədiyim çılğın bir sevinc yaşayırdım. Çünki əmanətimə qovuşacaqdım.

Məni orada illərdir əmanət qalan bir parçam gözləyirdi!

Evimizə – yataqda üzülüb sümük yığınına dönmüş xəstəyə bənzəyən o xarabalığa çatdıq. Başqa vaxt olsa, ağlayardım, üsyan edərdim.

Amma indi yox!

Zamanı aşıb geri qayıtmışdım.

Ağlamaq olmazdı.

Bu günü çox arzulamışdım!

Əlimi üstündə gəzdirdiyim qırmızı çay daşlarının istiliyi məni uşaqlığıma qaytardı.

Hamı sağdır: anam, nənəm, qonşular, şəhid sinif yoldaşım... Məhəlləmizin toy-büsatlı, çal-çağırlı vaxtlarıdır. Uzun saçlarımı sünbül hörürəm. İndi kol-kos basmış, addım atanda ilan yuvasına toxunmaqdan qorxduğum yollarda, təzə çantamı yellədə-yellədə məktəbə gedirəm.

Həyatımızın sakitliyini birdən-birə top və raket səsləri pozur. Bir də evimizlə vidalaşdığım gün düşür yadıma. Hörüklərimi kəsib divarın içindəki balaca oyuğa qoyduğum, evdə işləyən ustaların yarımçıq atıb getdiyi palçıqla üstünü suvadığım anı xatırlayıram.

Son anda da doğma həyətimizdən ayrılıb gedəcəyimizə inanmıram!

Bəs niyə çox sevdiyim saçlarımı burda əmanət qoyuram?

Bəlkə, getmək istəmədiyim üçün?

Yox, deyəsən, qəlbimin bir yanı ilə də uzun, əzablı ayrılığa inanıram.

Araya illərin amansız həsrəti düşdü. Hər ümidimi itirəndə: “Evimizdən uzaqlarda ölsəm də, bir parçam ordadır” – deyib təskinlik tapdım. 

Ovaxtdan heç vaxt saçlarımı uzatmadım. Hərdən ərkim çatan qızların uzun saçlarına sığal çəkib dedim: “Mənim də belə hörüklərimi vardı!” İnanmadılar.

Geridə qoyub gəldiyim həsrət, əzab və ayrılıq dolu illərin ağrısını çıxmaq üçün özümə söz vermişdim: bu gün burada düz otuz iki ilin yaşanmamış bütün sevincini yaşayacağam.

Susuzluqdan soluxmuş yarpaqları və az qala yerdəki bütün alaq otlarını öpüb oxşayırdım. Deyəsən, onlar da məni tanıyır, xəfif-xəfif titrəyirdilər.

Hamısının qorxusunu ciyərimə çəkdim!

Qəddimi dikəldib təbəssümlə atama baxdım, nə düşündüyünü duymağa çalışdım. Ürəyimdən keçəni oxudu:

– Heç elə bil aradan illər keçməyib! Yenə öz evimdəyəm...

Təəccübləndim. Nə qəribə idi. Eyni anda ikimizin də eyni hissi yaşamışdıq.

Qardaşmla bacım boş çöllərə baxıb, bir vaxtlar evimizin yaşıllıqlar içində necə itib-batdığından danışdılar, evimizin arxadakı təpənin daha da kiçildiyini dedilər.

Sonra hərə bir kənara çəkilib gizlincə göz yaşlarını sildi.

Atam, qardaşım və bacım köçkünlükdə itirdiyimiz əzizlərin xatirəsini yad etmək üçün nənəmgilin həyətinə gedəndə, vaxt itirmədən uçub-tökülmüş balaca daş topasının arasında axtarışa başladım. Atamın “ehtiyatlı ol” xəbərdarlığını nəzərə almadım.

Kökündən qopmuş fidanlar küləyin qabağında necə büzüşüb titrəşirdisə, vətənsizlik də bizi eləcə gözüqıpıq eləmişdi. Başımı qaldırıb atama baxdım. Bir əlini gözünə günlük edib, o birini belinə qoymuşdu. Harasa diqqətlə baxırdı. Bəlkə, o da məhəlləmizin çal-çağırlı günlərinə boylanırdı. Həmişəkindən şux, həmişəkindən gümrah görünürdü. Daha da ümidləndim. Artıq heç nədən qorxmurdum.

Daşları tələsik kənara atmağa başladım. Günəşin istisindən çox, içimdəki yanğı yanaqlarımı qarsırdı. Üzümdəki tər damcıları çənəmin altında birləşib torpağa damcılayırdı. Dizlərimi yerə atıb daşların arasını axtarırdım. Getdikcə inadım artır, daha sürətlə hərəkət edirdim.

Atam gözünü uzaqlardan çəkib soruşdu:

– Xəzinə axtaranlar kimi bu daşın-torpağın arasından nə eşələnirsən?

– Saçlarımı!

Əvvəl heç nə başa düşmədi. Məsələnin nə yerdə olduğunu yadına salanda asta addımlarla mənə yaxınlaşdı, əlini o vaxtdan heç uzanmayan saçlarımda gəzdirdi, astadan nəsə pıçıldadı. Gözləri doldu. Səssizcə qolumdan tutub məni ayağa qaldırdı.

İkimiz də susub yerdən qaldırdığım daşların altında qaynaşan cürbəcür həşəratlara baxdıq. Siçan-siçovul yuvası ilə dolu idi buralar. İndi evimizin sakinləri bunlar idi.

Təəssüflə başımı qaldırıb uçub-dağılmış divara baxdım. Qulağımda anamın səsi cingildədi: “Bu evə sən doğulan il köçmüşük, evimiz səninlə yaşıddır!”

Elə  o an anladım: həmyaşıdım evimiz ruhumu o hörüklərlə özünə bağlamışdı. Məni geri çəkib gətirən də otuz il boyu heç vaxt qırılmayan bu bağ idi. Hörüklərim öz müqəddəs missiyasını yerinə yetirib torpağa qarışmışdı. İndi mən bu torpağın, bu torpaq isə mənim bir parçam idi.

Gün yavaş-yavaş əyilirdi. Ot basmış yollarda maşın və insan səsləri artmağa başladı. Evlərini ziyarətə gələnlər geri dönürdü. Yoldan keçənlər biri-birini tanımasalar da, dayanıb gözaydınlığı verirdilər:

– Həmişə vətəndə! 

Hamının üzünə qüruba enən günəşin işığına bələnmiş təbəssüm qonurdu. 

Biz geri dönəndə artıq şər qarışırdı. Yolun hər iki tərəfində dalğalanan sünbül zəmilərinin rəngi tündləşir, get-gedə torpağa qarışan sünbül hörüklərimin rəngini alırdı.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.