Bizdən keçən “Ürək notu: vanil” Featured

“Hardan bilirsən axı Adəm necə biri olub?”

 

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”     

        

Qulu Ağsəs hansısa çıxışında, təxminən, belə demişdi: “Yazma... Qələmi at kənara. Yaşa. Görsən ki, yazmasan, durammırsan, demək, yazıçısan”.  Bu yazı da olsun yazmasam, durammadıqlarımdan...

 

“Vəfalım mənim...” Əlibala Hacızadənin əsəridir. Əsərin sonlarına yaxın eşidirik (oxuyuruq) bu iki kəlməni Gülmirənin dilindən. O, bunu özünə ünvanlayır...Orxanın xəyalı vasitəsilə...  Və biz oxucu kimi qalırıq dördyol ayrıcında: “Orxan sağ olsaydı, Gülmirəyə bu sözləri deyərdimi?” Yaxud, Əlibala Hacızadənin başqa bir sualıyla qarşı-qarşıya qalırıq: “Gülmirə Əqdəmin nəyi idi?”  Bu suallar illər uzunu düşüncəmizdə tufan qoparırsa, demək, Əlibala Hacızadə yaxşı yazıb... Ruhu şad olsun!

“Günəş hardan baxır bizə?” Bu sualı isə Xanım Anela verib oxucusuna “Ürək notu:vanil” əsərində. Həftələr keçib o kitabı oxumağımdan. Hələ də bu sualı görürəm hər göy üzünə baxanda... Demək, Xanım da yaxşı yazıb. Ömrü uzun olsun!

 

*

Romanın qəhrəmanı Günəşdir. Vanil ətri ona anasından yadigar qalıb... Burada Xanım Anelanın yazıçı kimi daha bir xüsusiliyinin şahidi oluruq. Və təbii ki, Vəfa Mürsəlqızının anasının qoxusu hopmuş şərfini xatırlayırıq.  Bir əsərdəki kiçik epizod ilə başqa bir mətni xatırlamaq oxucunun hünəri deyil, “mənim əsərim həyatın içindəndir” deyərək öyünməkdə haqlı olan yazıçının hünəridir.

...Ədəbi əsər hərdən bir ovuc kül təsiri də bağışlayır. Biz o küldə eşələnə-eşələnə həm özümüzü itiririk, həm də külün danışdıqlarını dinləyirik. “Başına kül olsun!” deyimini indiyədək iki cür izahda eşitmişəm. Bizim tərəflər-göyçəlilər bu ifadəni “ağlın getsin” mənasında işlədir, yaşlılar təfəkkürdəki mirasa işıq salırlar:

-Kimsə havalananda, onu bacalı otağa salır, bacadan başına kül ələyirlər. Kül onun havasını təmizləyir.

Azərbaycanın yeganə yeraltı muzeyinin bələdçisi İntizar Bədəlova isə bu deyimin dəfn adətlərimizdən gəldiyi qənaətindədir:

-O vaxt ölüləri yandırmaq adəti vardı. Doğmaları, yaxınları onun külünü başlarına sovurur, yas saxlayırdılar. “Başına kül olsun!” qarğışı o deməkdir ki, “əzizin, doğman ölsün, onun külünü başına tökəsən!”

Aha... Yenə qaldıqmı haçacığırda?! Hər şeyi araşdırmaq, sorğulamaq, daim şübhə duymaq yazıçının canındadır axı. Məcbur, iki cığırı da sonacan gedəcəyik...

“Ürək notu: vanil”in bir ovuc kül olduğu yerdən qoyuluruq yola. Baxırıq, Xanım Anela Günəşi havalandırıb,  onun havası da, vərəq-vərəq vurub oxucunu.

Sağdakı cığırın aparıb çıxardığı talada ocaq qalayan xatirələrimizdir. Yandırdığı da qanadlarımız. “Sabah yenə uçacağam eşqin səmasında...”-deyib arzu tutduğumuz andaca, nə vaxtsa  səmadan itələndiyimiz düşür yadımıza, qanadlarımızın ütük iyi gözlərimizdən yaş gətirir. Vicdanımızda göynəyənin əslini, materialını tapammayanda adını “dərd” qoyub havalanırıq.  Bir baxırıq, qanadlarımızın külü qalıb xatirələrin yandırdığı ocağın yerində... Başımıza sovururuq ki, havamız alınsın, qayıdaq “adam olaq”.

Soldakı cığırın apardığı isə tala deyil... Düz qayadır. Dümdüz... Gömgöy... Dibi görünməyən... Dibinə atılan daşın səsi, ən tezi, 30 saniyəyə gəlir qulağımıza (kimdə var o hünər ki, saat tuta?!), sanırıq, daş kiminsə ətəyinə düşür... “Kimdir aşağıda ətəyini açıb daşımızı gözləyən?” deyə soruşmayın, hər xatirədə ayrı ad gəlir dilimizə. Kimi desək, növbəti xatirədə yalançı çıxacağıq, “gərək, günahına girməyəydim onun” deyə peşmanlayacağıq... Düz qaya... Hamının “dümdüz” olduğu yerlərdəki “əyriliyimizi” özümüzə etiraf etdiyimizdə, bir baxırıq, dünyaya, insanlara olan inamımız çoxdan o qayadan aşağı atılıb...Və ölüb... Biz də, ta neynək, onsuz yaşaya bilməyəcəyimizi sandığımız doğmamızı-inamımızı yandırıb, külünü başımıza sovururuq...

Və beləcə, “Ürək notu:vanil”in adı burnumuza vanil ətri gətirsə də, ruhumuza kül ətri bəxş edir. Sözün qüdrətindən qələminin payına düşəni məharətlə cücərdib külü vanillə naxışlayan Xanıma, yazıçı həmkarı olaraq, bir daha təşəkkür edirəm!

 

         *

Həyatın ögeyi olan Günəş oğlunun adını Adəm qoyur. Və bizimlə söhbətə başlayır:

 

“İlk insan, ilk kişi kimi...Qızım olsa, Həvva olacaqdı, yəqin. Hərdən ağlıma elə qəribə fikirlər gəlirdi ki... Məsələn, deyirdim, hardan bilirsən axı Adəm necə biri olub? Maraqlıdı, sevmişdimi Həvva Adəmi?”

Romanda bizə ünvanlanan bu iki sualdan birincisinə cavabım, sadəcə, gülümsəməkdir. Hərənin “evcik adamı” ayrı cür olur-eyni şey üçün tutulan arzuların da vaxtı, ölçüsü fərqlidir.

İkinci suala isə 2017-ci ildə yazdığım şeirlə cavab vermək istəyirəm:

 

Nə gözəldi ayrılıq...

Ünvanı mən olunca,

Nə gözəldi söyüşlər...

Dörd yanı yarıq-yarıq

Dünyanın...

Su dolunca,

Başlayar yanğın kimi

Həvva günahı eşqlər....

 

Hansı oxucu, hansı yazıçı həmkarım Xanım Anelanın Günəşin diliylə bizə ünvanladığı suallara nə cavab verəcək, bilmirəm. Bəlkə, gələn il bu kitabı yenidən oxuyanda, mənim də cavablarım fərqli olacaq... Hələliksə, bir onu bilirəm ki, Xanım Günəşi yazanda qələmini qarğışa da, söyüşə də batırmaqdan çəkinməyib. Yoxsa, Günəş obrazı bu qədər real, bu qədər gözəl- çatışmayan cəhətləri və yüksək insani keyfiyyətləri ilə-olmazdı bizimçün.

 

         *

Ədəbiyyat, bir az da, son sözü gecikdirmək sənətidir. “Son sözünü əvvəldə demək” heç vaxt yaxşı xüsusiyyət sayılmayıb, sayılmır, sayılmayacaq da... Xanım Anela da Günəşin taleyi ilə bağlı Tanrı Ataya, Təbiət Anaya gileyini sonraya saxlayıb.  Ta ki, Adəm Həvvasını tapıb, ta ki,  oxuduqca, bizə elə gəlir, “dünya düzələ bilər”. 

Günəş anasının məzarını ziyarət edir... Deyir:

 

“İşığın gəlib, anam. Cəhənnəm qaranlığının ortasına buraxıb getdiyin İşığın...”

Bu, Günəşin cəhənnəm həyatı ilə barışmasıdırmı? Məncə, yox...

Gəncdim, həyatla aram heç düzəlmirdi. Onda yazmışdım: “Həyat, sən cəhənnəmsənsə, mən də alovlarla oynamağı sevirəm, unutma!” İndi, hərdən, bu sözlərimi xatırlayanda, düşünürəm ki, əgər alovlarla oynamağı bacarmasaydım,  xatirələrin qanadlarımı ütdüyü  ocaqdan sağ çıxammazdım.

İnsan cəhənnəmlə barışmır, dönüb olur onun ən mübariz sakini!

 

         *

Xanım Anelanın yazıçı kimi uğurudur “Ürək notu:vanil” romanı. 

“Bir gün yataqda” hekayəmi oxuyandan sonra sevdiyim Aləmzər Əlizadə demişdi: “O şəpiti ədəbiyyata gözəl gətirmisən”. İndi mən bu cümləni azacıq dəyişib Xanıma ünvanlamaq istəyirəm: “Vanili ədəbiyyata gözəl gətirmisiniz, qəşəng Xanım!”

...Elə mətn var, şadara kimidir; bu üzündən baxanda, o üzündəkilər görünür.

...Elə mətn var, teatr pərdəsi kimidir; kulisdə baş verənləri sirr kimi gizlədir.

...Elə mətn var, insan kimidir; tanıdıqca, gah sevinirsən, gah heyfsilənirsən...

...Elə mətn var, insan ondan keçəmmir, o keçir insandan...

“Ürək notu:vanil” sonunculardandır-bizdən çoxdan keçib o; həm yol kimi, həm də geridə qoyduqları kimi. Yolu irəliyədir-gələcəyədir! Yolu uğurlu olsun!                                 

 (iyun, 2026, Şəki)

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.