“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.
AYXAN AYVAZ
“KÜÇƏDƏKİ MONOTAMAŞA”
1.
Hekayəmə lap balacalıqdan başlayım. Uşaqlığım çox zülmlü keçib. Atamın içib anamı döydüyünü görmüşəm. Başını qapıya çırpdığını da. Arada anamı xilas etmək üçün irəli atılsam da, xeyri yox idi. Axı balaca uşaq nə edə bilərdi?
Hə, o illər atam işdən qovuldu, ancaq içir, gəlib anamı döyürdü. Bir gün anam dözmədi, məni də götürüb dədəsi evinə getdi. Amma orada heç kim ona qayğı göstərmədi. Hamı dedi ki, geri qayıt. Atam da gəlib çıxdı, yalvardı, yaxardı, axırda arvadı da, məni də qabağına qatıb evə apardı.
Mən universitetə hazırlaşanda evimizdə qıtlıq oldu. Yemək yox, içmək yox. Axırda atam oğurluğa başladı. Bir gün kiminsə evini soyanda ev yiyəsini də bıçaqladı. Atama on il verdilər. Anam nə gedəndə, nə də qayıdanda ağladı. İşləməyə, bazarda paltar satmağa başladı. Türmə ziyarətində atama qəbul olunduğumu deyəndə yaman sevindi. Sonra elə burada qalıb işlədim. Atam da türmədən çıxdı, bizə gəldi, toyumuzda iştirak elədi. Aradan bir az keçdi, qapımızdakı it öldü. Anam deyirdi ki, kişi mehrini itə salmışdı. Gözünü itdən qırağa qoymurdu. Hara gedirdi, it də bunun böyrüncə. İt öləndən iki gün keçmədi, atam da keçindi...
Qoy adımı da deyim. Mənim adım Ulduzədir. On bir uşaq anasıyam. Bir oğlum vərəmdən ölüb, 18 yaşında. Beş uşağımı baldızım aparıb özü ilə, dördü də türmədədir. Biri də harasa qaçıb gedib, bilmirəm. Səkkiz oğlan, iki qız. Göyçək uşaqlardı hamısı. Uşaqlarımın çoxusu çıxıb getdi. Nə gəlirlər, nə yerlərini bilirəm ki, hardadırlar, nə iş görürlər. Əvvəl onlara yaxşı baxırdım. Ayaqlarım şikəst olandan sonra uşaqlarımın bir neçəsini veriblər uşaq evinə.
Hər şey yoldaşım rəhmətə gedəndən sonra başladı. Cavan vaxtında ömrünü tapşırıb getdi. O da vərəmdən öldü. Oğlum ona çox oxşayırdı, vərəmdən ölən oğlum. Mən tək başına baxdım o uşaqlara ərimin ölümündən sonra. Xalça yuyurdum. Təndirdə çörək yapırdım. Qonu-qonşunun paltarlarını yuyurdum. Hər işə qaçırdım. Onları mən o cür böyütmüşəm, min bir zülmlə.
Bilirsiniz, məni yandırmaq istəyiblər. Hə, hə, yandırmaq. Özü də diri-diri! “Limonka” atıb yandırıblar məni, zorla xilas olmuşam. Ümnisə adında qadın vardı orada, günü 20 qəpiyə “çiqan” saxlayırdı. Məni də öz caynağına keçirmək istədi, daş atıb başımı tutdum.
Ömrümün çoxu, 30 ili küçədə keçib. Məni televizorda da göstəriblər. Gözlərim həmişə yaşlı olur, amma ümidliyəm, hər şeyin yaxşı olacağına inamım böyükdür.
2.
Köhnə bakılıyam. Atam İçəri Şəhərdəndir. O vaxt Sovetskidə çoxuşaqlı ailə olduğumuza görə o vaxtın rəhbəri mənə ev vermişdi. Yanımda balalarım Nizami küçəsində eləcə durmuşduq. İndiki kimi yadımdadır, saatın kəfkiri 3-ü vururdu. Əlimi yuxarı qaldırıb dua elədim ki, ey pərvərdigar, elə et ki, buradan məni evə aparsınlar, köhnə ev də olsa razıyam. İnanırsınız, bir limuzin maşın dayandı. Başında silindr, əlində çəlik bir kişi çıxdı içindən. Dedi, sən niyə oturmusan burada. Mən də dedim ki, çoxuşaqlı qadınam, ərim də yoxdur, mənə ev versinlər deyə oturmuşam burada. Dedi, anaya kömək edin, uşaqları da götürün. Şofer uşaqları da götürdü, oturduq maşına, gəldik Mərkəzi Komitəyə, rəhbərin yanına. Yadımdadır, o kişi yuxarıda var-gəl eləyirdi, popiros da damağında. Uşaqlarımı aşağıda saxladılar, əmzik-zad tapıb sakitləşdirdilər. Hamısı çığırışırdı. Birtəhər onların başını aldatdılar. Məni də apardılar yuxarı.
Rəhbər rusca məndən soruşdu:
– Nə olub?
– Növbədəyəm, amma mənim evimi vermirlər.
O da harasa zəng elədi, dedi ki, bu söhbəti qurtarın, Ulduzə xanıma evini verin...
Hə, indi 70 yaşım var. Sovetskini də dağıtdılar. Bu saat da orada qeydiyyatdayam. Sovetski dağılıb, o evim də əlimdən çıxıb. Amma mənə ev verən o kişini unutmuram. İndi hər gün dağılmış, evləri uçulmuş Sovetskiyə gedib gecələyirəm. Hər yerə səpələnmiş daşların arasında öz evimi axtarıram...
3.
Mən yaxşı gün görməmişəm. Uşaqlığımı oradan-buradan danışdım, bildiniz. Ondan sonrası da heç yaxşı olmadı. Ərim öldü, elə o gündən bədbəxt günə qaldım. Onda qaynanam sağ idi.
Ərə gedəndə 20-21 yaşım var idi. Əslində, ailə qurmaq niyyətində deyildim. Məni zorla ərə verdilər. Toyumu görərdiniz, əməlli-başlı dəm-dəsgah idi. Di gəl, mən mısmırığımı sallayıb oturmuşdum.
Mən heç yoldaşımın üzünü görməmişdim. Atam məni küçəyə buraxırdı ki, onun üzünü də görəm? Biz beş bacı olmuşuq. Atam qapıdan qırağa ayağımızı qoymağa icazə vermirdi. Əli də bərk, bazburtlu kişi idi, qorxurduq ondan. Sevgi nə olan şeydi, bilməmişik.
Hə, nə deyirdim, mən varlı adamın gəlini olmuşam. Üç yerdə mülküm olub. O vaxt yolda tapdığım bir uşağa baxmışam. Bir dəfə pilləkəndən yıxılıb, qollarından tutmuşam. Yemək vermişəm, su içdirmişəm. Xeyirxah olmuşam, hamı çox istəyib məni. Süpürgəçi ilə süpürgəçi, alverçi ilə alverçi olmuşam.
Restoranım olub, 28 mayda, yuxarısı kafe, aşağısı xaşxana. İki taksim var idi, gecə biri gəlirdi məni götürməyə. Bilmirəm, xasiyyət mənə atamdan keçmişdi, ya yox. Amma içən adamdan zindeyi-zəhləm gedirdi. Ərim də elə xeyirə-şərə yarayan biri deyildi. Bir də görürdüm, gecənin gec vaxtı qapı döyülür, qapı gözcüyündən baxırdım, görürdüm ki, ərimdi, özü də lül-piyandı, qoymurdum evə.
4.
Mirmövsüm ağanın türbəsinə aparırlar məni, yemək bişirirəm, kartof soyuram, qocalara Quran oxuyuram, bir də görürsən uşaq saxlamağa çağırırlar. Ayaqlarım şikəstdir indi, xəstəyəm. Belə kökdə kimdi mənə baxan? Böyük balığın bir başıdır, bir də quyruğu. Özüm özümə baxa bilməsəm, heç kim mənə baxan deyil.
İndi küçənin ortasında qalıram. Sovetskidə. Axşamlar ora gedirəm, əlimdə ədyal, pal-paltar. 24 saat küçədəyəm mən. Gecə də Sovetskiyə qayıdanda itlər qabağımı kəsir. Ancaq elə onlar da, deyəsən, artıq evsiz olduğumu bilirlər, neçə vaxtdır yoxa çıxıblar. Daha üstümə cuman itlər də yoxdur.
Hərdən çağırırlar, gedib evlərdə işləyirəm. Qocalar üçün xörək bişirirəm.
Həmişə otururam bu bahalı restoranın yanında. Baxın, görürsünüz, bu “kasinkam”dı, axşam atıram başıma. Jaketimdi, soyuq olanda geyinirəm. Hələ bir azdan nə təhər külək qopacaq burada. Buranın havasına bələdəm.
Küçə ilə dost olmuşam artıq, ən yaxın dostum olub bu küçə.
5.
Mənim 13 yaşımdan vergim var, özü də ayağım yüngüldür. İndi bir azdan aşağıdan, “Manqal”dan məni çağıracaqlar: “Ay bibi, gəl sənə çay verim”. Ayağım düşərli olur. Mən oturan kimi də sabahısı gün banket olur, boğaza qədər adam yığılır içəridə.
Bir də görürsən Sovetskidə bir mağazaya girirəm. Uzaqdan bir oğlan əl eləyir ki, ay xala, dayanginən, pul-zad lazım döyül, götür nə istəyirsən. Mat qalıram ki, bunlar simicin biridilər, niyə belə eləyirlər, görən.
Allahın vergisi var məndə. O vergi olmasaydı, mən çoxdan ölərdim.
Bizim bir uzaq qohumumuz var idi. “Detdom”da olmuşdu yazıq. Sovetskidə bir oğlan bunu ələ salırdı. Adı da Fidan idi. Deyirdim, Fidan, o oğlan sənnən ancaq gəzmək istəyir. Deyirdi yox, Hüseyn məni alacaq. Dedim, yox, almayacaq, amma sənə uzaq ellərdən, uzaq bir ölkədən elçi düşəcək. Qız çöndü getdi, inanmadı mənə. Üstündən bir az keçdi, qız gəldi ki, uzaq eldən elçi var. Tay bilmədim Amerikadan gəlib bu oğlan, yaxud Rusiyadan, onu heç cür bilə bilmədim. Gözləri işıq saçırdı qızın, sevincək olmuşdu. Sonra dedim ki, sənin yanına biri gələcək, sən onu görəndə çox xoşbəxt olacaqsan. Sən demə, bunun qardaşı uzaq bir ölkədə işləyirmiş, bunu demişdim ki, səhərisi gün qardaşı qızın qapısını döydü.
Elə bilməyin falçıyam, cadu-piti eləyirəm ha! Məndə fala baxmaq deyil, ürəyimə gəlir eləcə. Hiss eləyib deyirəm. Məsələn, deyirəm ki, ey İlahi, yağışı dayandır, mən küçədə yağışın altındayam. Bir də görürəm yağış dayandı.
6.
20 yanvar vaxtları idi. Mən mühafizəçi işləyirdim. Belimdə də tapança olurdu. Nə qədər adamı xilas elədim onda. Neçə il mühafizə işləmişəm e... Oradan da təqaüdə çıxmışam. Mənə “erkək Fatma” deyirdilər.
Çox yerdə işləmişəm. Saçımı süpürgə eləmişəm uşaqlarıma görə. İndi heç biri axtarıb eləmir. Elə bil mən adda biri yoxdur. Qohumlarım da it-bat olub. Ölüblər, deyəsən. Sağ adamlar məni niyə axtarmasın ki? Artıq öyrəşmişəm belə yaşamağa. Küçə doğma evim kimidir.
Ev demişkən, yaxşı yadıma düşdü. Uşaq yandırmışdı evimizi birinci dəfə. Böyümüşdü, bığı-zadı çıxmışdı. Deyirdi, mənə rahatlıq ver, evlənmişəm, sığışa bilmirəm.
Deyə bilmirdim, bu evin nəyinə gəlirsən, ocaqda yemək bişirirəm.
Harada mən sənə yer verim? Yoxdu da. Neyləyim mən?
Hə, bax belə. Oğlumun birini də pullu bir qız götürüb aparıb. Vallah. Göyçək oğlandı da, xoşuna gəlib. Gəlib otururdu evimizin qabağında, deyirdim, ağız, nə oturmusan burada. Deyirdi, oğlunuza vurulmuşam, yaman göyçək oğlandı. Ay qız, sənin mənim oğlumla nə işin var? Hələ gör mən sənə icazə verəcəm oğlumla evlənəsən. Deyir, yox, vurulmuşam.
Eh, hansı birini danışım? Hamı atıb getdi məni. Bircə bu küçədən başqa...
7.
Köhnə tanışlarımın uşaqları gəlib deyirlər, sənə bir balaca yer düzəldəcəyik, qalarsan orada. Ümidim bircə bunadır, görək nolur. Sovetskidə dağılan evlərin daşlarından balaca bir ev düzəldəcəklərini söz veriblər.
Həmişə burda, “Manqal”ın aşağısında, ya da məsciddə otururam.
Restoranda uşaqlara dua edirəm, yemək verirlər. Səid adlı bir oğlan olur burada, restoranı var. Ona dua elədim ki, maşını olsun. Allah yetirdi. O da deyir, haçan gəlsən, sənə qurbandır yemək.
Bu restoranın qabağında oturmağıma baxmayın. Bunlarla aram yoxdur. Bir pişiyi var idi bunların, iri gözlü, iri quyruqlu. Onu mən tapıb gətirmişdim, xeyri olmadı. Burada oturduğuma baxmayın, zəhləm gedir bunlardan. Dua elədim, o dəqiqə pişik çıxdı ortaya. Qədrimi bilmədilər.
Kaş keçən günlərimi də dua eləyib geri qaytara bilsəydim. İndi buradan getməliyəm Sovetskiyə, bir azdan axşam düşəcək. Şey-şüyümü də götürüb yola düzəlməliyəm. Ürəyimə damıb ki, ayın işığı düşəcək yoluma...
8.
Onu həmişə bu küçədə görürəm. Gəlib keçəni söhbətə tutur, onlarla danışmağa çalışır. Hərdən onun söhbətinə qulaq asılan da tapılır. Çox keçmir həmin adam bezir, əlini yelləyib gedir. Ulduzə xanım bir mövzudan o birinə elə adlayır ki, heç cür hadisələrin axarını tutmaq olmur. Məni tanıyır. Görən kimi əlini yelləyir.
– Mənim həyatımı yaz, – deyir.
Mən də ona həmişə söz verirəm.
– Yazacam, – deyib hər dəfə cibimdən 20 qəpik tapıb onun qırışlı ovcuna qoyuram.
“Ədəbiyyat və incəsənət”
(05.06.2026)


