Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Uşaq olanda kitab oxuyan adam mənə çox fərqli görünürdü. Elə bil bu insanlar bir az başqa dünyadan gəlmişdilər. Metroda, avtobusda, ya da parkda kitab açıb oxuyan birini görəndə içimdə avtomatik bir fikir yaranırdı: “Nə gözəldir…”
O zaman kitab oxumaq adi bir vərdiş yox, bir növ mədəni görüntü idi. İnsan kitab oxuyanda sanki ətrafına sakit bir hörmət dalğası yayılırdı. Heç kim “niyə oxuyur?” demirdi. Əksinə, içində bir maraq, bir rəğbət yaranırdı. Kitab oxuyan adam həyatın içində olsa da, eyni zamanda ondan bir az uzaq, bir az da yüksəklikdə görünürdü. İndi isə eyni səhnə bəzən tam başqa reaksiyaya səbəb olur. Metroda kitab oxuyan birinə baxan insanların gözlərində qəribə bir ifadə görmək olur: təəccüb, anlaşılmazlıq, bəzən isə açıq sual - “hələ də kitab oxuyan var?”
Hətta daha sərt bir reallıq var: artıq kitab oxuyan adam bəzən “köhnə tip” kimi qəbul olunur. Sanki zamanın ritmindən geri qalmış, sürətə qoşulmayan bir insan. Amma nə dəyişdi? Əslində dəyişən kitab deyil. Dəyişən bizim diqqətimizdir.Bir vaxtlar uzun mətnlərə səbrimiz var idi. Hekayənin inkişafını gözləyirdik, səhifələri yavaş-yavaş çevirirdik, obrazların iç dünyasına girirdik. İndi isə dünya bizə başqa bir vərdiş öyrədib: sürət. Qısa videolar, ani xəbərlər, sürüşdürülən mətnlər… Hər şey dərhal olmalıdır.
Telefon ekranı bizə fasiləsiz axın verir. Gözümüzü bir şeyə bağlamır, əksinə, daim yeni bir şeyə aparır. Bu axında dayanmaq çətinləşir. Kitab isə bunun tam əksidir. O, səni saxlayır. Səndən vaxt istəyir. Səndən diqqət istəyir. Ən önəmlisi — səni yavaşladır. Bəlkə də kitab oxuyan adamın “qəribə” görünməsinin səbəbi budur: o, sürətin içində dayanmağı seçir.
Uşaq vaxtı bu dayanma mənə gözəl görünürdü. İndi isə bəzən insanlar üçün anlaşılmazdır. Çünki artıq dayanmaq boşluq kimi qəbul edilir. Sanki insan nəsə etmirsə, geridə qalır.
Amma kitab oxuyan adam “etmir” kimi görünürsə də, əslində ən çox edən odur: düşünür, təsəvvür edir, daxil olur, yaşayır. Sadəcə bu proses görünmür.
Kitab oxuyan adam heç vaxt tam sosial deyil. O, ətrafda oturur, amma başqa bir məkandadır. Onun başında başqa bir dünya var. Bəzən bu, insanlara uzaq görünür. Sanki o, burda deyil.
Halbuki kitab oxuyan adam heç vaxt tək deyil. O, müəlliflə danışır, obrazlarla yaşayır, başqa bir zamanın içində olur. Sadəcə bu ünsiyyət səssizdir. Bugünkü dünyada isə səs vacibdir. Paylaşmaq vacibdir. Görünmək vacibdir. Səssiz olan hər şey isə tədricən “qəribə” kateqoriyasına düşür. Bəlkə də problem kitab oxuyan adamın azalmasında deyil. Problem onu görən gözlərin dəyişməsindədir.
Uşaq vaxtı “nə gözəldir” dediyimiz şeyə indi “nə əcəb?” deməyimiz təsadüf deyil. Bu, təkcə kitabın yox, diqqətin dəyişməsidir. Biz artıq oxuyanı yox, danışanı görürük. Yazanı yox, paylaşanı izləyirik. Düşünəni yox, reaksiya verəni anlayırıq.
Bir gün yenə metroda, avtobusda, parkda kitab oxuyan birini görəndə içimizdəki ilk reaksiya dəyişəcək. “Nə əcəb oxuyur?” yox, “nə yaxşı ki hələ də oxuyan var” deyəcəyik. O zaman anlayacağıq ki, qəribə olan kitab oxuyan adam deyil - qəribə olan, onu qəribə hesab etməyə alışmağımızdır. Lakin bildirmək lazımdır ki, kitab oxuyan çoxdur. Onları anlamayan da bir o qədər çoxdur...
“Ədəbiyyat və incəsənət”
(29.05.2026)


