“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
8-Cİ DƏRC
Kitab təkcə düşüncəni deyil, bəzən doğru insanı özünə çəkəcək qədər parlaq olur
Səkkizinci hissə
Günlər bir-birini əvəz edirdi. Artıq iş həftəsinin ortası idi. Bu günün sonuncu pasiyenti, Lalə idi. İçəri daxil olub sakitcə qarşımdakı kresloda əyləşdi. Danışmağa hazır görünürdü. Hal-əhval tutduqdan sonra mətləbə keçdim:
- Lalə xanım, sizcə, söhbətimizi haradan davam etdirməliyik?
O, inamla cavab verdi:
- Unutmamışam, hər şey yadımdadır.
- O zaman sizi dinləyirəm.
- Həbsxanadan çıxanda içimdə yüngüllük hiss edirdim. Samirin işləməyimə razı olması mənim üçün böyük bir rahatlıq idi. Küçənin sakit axınına qarışaraq, evə tərəf addımlayırdım. İçimdəki sevinc hissi o an etibarilə bütün qorxularımı unutdurmuşdu. Bundan sonra hər şey yaxşı olmalı idi… Amma həyat heç vaxt gözlədiyimiz kimi olmur.
Evə çatanda telefonuma naməlum nömrədən zəng gəldi. Ekrana tərəddüdlə baxdım, amma Samir olma ehtimalına görə cavab verdim:
- Alo?
Cavab gəlmədi. Bir neçə saniyə səssizliyi dinlədim, sonra zəngi sonlandırdım.
Gecə oldu. Artıq yatağa girmək üzrə idim ki, telefonum yenidən çaldı. Eyni naməlum nömrə. Zəngi açdım.
- Lalə… – Ürəyim sürətlə döyünməyə başladı.
- Samir?
- Elə bildin sənə rahat yaşamağa icazə verəcəyəm?
Özümü ələ almağa çalışdım.
- Samir, sən nə danışırsan? Axı razılaşdıq…
Samir, acı-acı güldü.
- Razılaşdıq? Mən sənin üzünə gülümsəyib içimdə yanan alovu söndürdüm eləmi? Sən evində rahat oturub işləyəcəksən, mən isə bu çirkab yerdə çürüyəcəyəm?! Sən məni gözləməyəcəksən, Lalə! Gec-tez başqasıyla yeni həyat quracaqsan. Amma mən buna imkan verməyəcəyəm.
- Sən nələr danışırsan? Mən səni gözləyirəm, Samir!
- Yalan danışma!
Samir birdən qışqırdı.
- Sənin həyatını cəhənnəmə çevirəcəyəm, Lalə! Mənim yaşadıqlarımı sən də yaşayacaqsan!
- Nə demək istəyirsən?
- Hər addımını biləcəm. Səni izləyirəm. Gözlərim hər yerdədir. Qorxmağa hazır ol!
Zəng sonlandı. Telefonumu yerə saldım və təlaş içində otağa baxdım. Birdən pəncərənin qarşısında bir kölgə sezdim. Qışqıraraq geri çəkildim. Kölgə tərpəndi və yox oldu.
Bütün gecəni oyaq qaldım. Sabah, evdən çıxmağa cəsarət etmirdim. Telefonuma gələn ismarıclar isə məni dəhşətə gətirirdi:
“Qapının önündə durmuşam.”
“Əllərin niyə titrəyir?”
“Bilmək istədiyim odur
… Sən məni sevirsən?!”
Tələsik pəncərənin pərdəsini çəkdim. Başım gicəllənirdi. Dəli olmaq həddində idim. Günlər keçdikcə vəziyyət daha da pisləşdi. Küçəyə çıxanda elə hiss edirdim ki, kimsə məni izləyir. Evə qayıdanda güzgüdə, sanki arxamda bir kölgə görünürdü.
Bir axşam qapının altından bir məktub atılmışdı. Zərfi görəndə çox qorxdum. Titrəyən əllərimlə məktubu açdım.
“Səni məndən başqa kimsə sevə bilməz. Heç kim! Unutma, Lalə!”
Çarəsiz halda dizlərimin üstünə çökdüm. Mən artıq öz həyatına sahib deyildim. Samir uzaqda olsa da, onun ruhu hər yerdə idi. Bu qorxulu oyun nə vaxt bitəcəkdi? Və bitəcəkdimi?
Günlər keçdikcə Samirin zəngləri daha qorxunc olurdu. Əvvəlcə sadəcə izlədiyini bildirirdi, sonra isə açıq-aşkar hədələməyə başlamışdı.
Bir axşam hava qaralmışdı. Otaqda sakitlik hökm sürürdü. Birdən yenə telefonuma zəng gəldi. Naməlum nömrə. Artıq bilirdim kimdir… Əllərim əsə-əsə cavab verdim.
- Lalə... – Samirin səsi qaranlığın içindən pıçıldadı.
- Gecən xeyir olsun, gözəlim… Rahat yatırsan?
Mənim ürəyim əsirdi.
- Samir, xahiş edirəm, bəsdir… Mən qorxuram…
- Qorxursan?
O, güldü.
- Hələ bu nədir ki?! Lalə, ölməkdən qorxursan?
Boğazım qurudu.
- Sən nə istəyirsən? Axı, mən sənə heç nə etməmişəm…
- Amma sən edəcəksən! – Samirin səsi sərtləşdi. – Sən məni gözləməyəcəksən, Lalə. Sən başqa bir həyat quracaqsan. O gün gələcək və mənə xəyanət edəcəksən!
Lalə başını buladı.
- Bu doğru deyil!
- SUS! – Samir qışqırdı.
- Mənim dəli olduğumu düşünürsən?! Yaxşı… Onda sənə bir şey sübut edim.
Telefonun digər ucunda qısa bir sükut oldu. Sonra Samir sakit, amma vahiməli səslə danışmağa başladı.
- İndi bax gör, kimsə qapını döyəcək…
Qanım dondu.
- Nə?!
Bu an qapı üç dəfə döyüldü.
Tuk! Tuk! Tuk!
Bədənim buz kimi oldu.
- Aç qapını, Lalə… – Telefondan hələ də Samirin səsi gəlirdi. – Aç və gör! Sən tək deyilsən!
Dəhşət içində qapıya yaxınlaşdım. Dəstəyi tutmağa cəsarət etmirdim. Bir addım geri çəkildim. Kimsə qapının altından bir kağız parçasını içəri sürüşdürdü. Titrəyən əllərlə kağızı açıb oxudum:
“Ölümdən qorxma. Çünki o, sənə sandığından daha yaxındır!”
Qışqırıb kağızı yerə atdım. Nəfəs almaqda çətinlik çəkirdim. Telefon əlimdən sürüşüb yerə düşdü. Amma zəng hələ də davam edirdi. Və mən, Samirin kinayəli gülüşünü eşidirdim…
Özümü çox çarəsiz hiss edirdim, amma bir çıxış yolu tapmalı idim. Samirin psixologiyası artıq tamamilə pozulmuşdu. Nə hisslərini, nə də hərəkətlərini idarə edə bilmirdi. Onunla hər danışığım qorxu dolu bir kabusa çevrilirdi. O isə sanki mənim qorxumdan zövq alırdı. Bunu düşünmək belə, içimi titrədirdi.
Saatlarla düşündüm. Kimdən kömək istəyə bilərdim? Ailəmi bu işə qatmaq istəmirdim. Dostlarıma danışsam, yalnız təsəlli verəcəkdilər, amma mənə konkret bir çıxış yolu lazım idi. Başqa heç kim ağlıma gəlmirdi. Ümidimi itirmək üzrə idim ki, qəfil Rüstəm yadıma düşdü...
- Bağışlayın, sözünüzü kəsirəm. Səhv etmirəmsə,
Rüstəm bəy, sizə hədiyyə kitabı səhv göndərən şəxs idi, düzdür?
- Hə düzdür, Humay xanım. Çox danışmamışdıq, amma nə üçünsə o, mənə güvəniləcək bir insan təsiri bağışlamışdı. Bəlkə də sadəcə, ümidə ehtiyacım var idi. Son çarə olaraq telefonu götürüb ona yazdım:
“Salam, Rüstəm bəy. Necəsiniz? Bağışlayın ki, sizi narahat edirəm. Sizə yazan, Lalədir. Kitablarımız səhv düşən xanım… Güman edirəm ki, məni tanıdınız.”
Mesajı göndərən kimi narahatlıq içində telefonu əlimdə sıxıb gözləməyə başladım. Nə cavab verəcəkdi? Bəlkə də, heç oxumazdı. Oxusa belə, niyə ona yazdığıma məna verə bilməzdi.
Bir neçə dəqiqə sonra telefon titrədi.
“Salam, Lalə xanım. Təşəkkür edirəm, siz necəsiniz? Əlbəttə, tanıdım. Buyurun, narahat etmədiniz.”
Onun mehriban və sakit səsi qulaqlarımda səsləndi. Bu cümlədəki səmimiyyətə dayanaraq bir az rahatladım. Sonra yazmağa davam etdim:
“Təşəkkür edirəm, Rüstəm bəy. Bu məsələni sizə necə deyəcəyimi bilmirəm… Nədənsə, ağlımdan sizdən kömək istəmək keçdi.”
Bir az gözlədim. Yenə cavab gəldi:
“Buyurun, Lalə xanım. Əlimdən gələn bir şey olacaqsa, məmnuniyyətlə kömək edərəm.”
Ürəyimdə bir inam yarandı. Bu insan mənə həqiqətən kömək etməyə hazır idi. Barmaqlarım titrəyərək növbəti mesajı yazdım:
“Sizə az da olsa, yoldaşımın qısqanclığı ilə bağlı danışmışdım. Ancaq məsələ daha ciddidir. O, maşın qəzası törədib. Həmin qəzada bir nəfərin ölümünə səbəb olub. Hazırda həbsdədir. Mən isə o həbs olunandan sonra, məcbur işləmək istədim. Amma o, buna razı olmadı. Nəhayət, evdən çıxmadan işləyə biləcəyim bir iş tapdım. Əvvəlcə etiraz etsə də, sonradan razılaşdı. O an, çox sevindim… Amma bu sevincim çox çəkmədi.”
Məktubu yazarkən həyəcandan bəzən hərfləri tapıb yazmaqda çətinlik çəkirdim. Yenə də davam etdim:
“O gün onun yanından sevincək evə qayıtdım. Elə bildim ki, hər şey yoluna düşəcək. Amma gecə zəng etdi… Səsi əvvəl sakit idi, sonra get-gedə dəyişdi, sərtləşdi. Sonra isə hədələr başladı. Kimsə arxamca düşür, evə naməlum məktublar qoyulur. O məktublarda isə hədələr, qorxunc sözlər var… Ölüm təhdidləri. Mən nə edəcəyimi bilmirəm, həm qorxuram, həm də tək başına çıxış yolu tapa bilmirəm…”
Göndər düyməsini basanda əllərim tər içində idi. Artıq ürəyimin döyüntüsünü qulaqlarımda hiss edirdim. Sanki həyatımın bir sirrini açıqlamış, özümü qorunmasız buraxmışdım.
Bir neçə dəqiqə sonra cavab gəldi:
“Hə… Aydındır. Əvvəla, qorxmayın. Bir çıxış yolu tapmaq lazımdır. Bu artıq qısqanclıq deyil, ciddi psixoloji problemlərin əlamətidir. Siz belə edin: gedin həbsxanaya, orada bu barədə söz açın və məktubları, mesajları göstərin. Onlar, onunla mütləq söhbət edəcəklər.”
Səhər açılan kimi yola düşdüm. İçimdəki hisslər bir-birinə qarışmışdı – qorxu, həyəcan, bəlkə də bir az ümid. Taksi ilə həbsxanaya çatanda bədənimi soyuq tər bürüdü.
İçəri girib gözləmə zalında əyləşdim. Ətrafdakı insanlara baxdım. Hamısının baxışlarında bir nisgil vardı. Bəzisi oğlunu, bəzisi ərini, bəzisi atasını görməyə gəlmişdi. Hər kəsin bir dərdi var idi, amma öz dərdim mənə daha ağır görünürdü.
Sonra titrəyən əllərim ilə çantamı bərk-bərk tutaraq həbsxana əməkdaşlarının otağına doğru addımladım. Həyəcandan bədənim titrəsə də, geri dönmək fikrində deyildim. Özümü ələ almalı idim.
Qapını döyüb içəri keçdim. Qarşımda oturan mavi rəngli uniforma geyinmiş, sərt baxışlı kişi, başını qaldırıb mənə baxdı. Nə üçün gəldiyimi soruşdu.
- Mənim həyat yoldaşım, Samir, buradadır. Onunla bağlı ciddi bir problemim var.
Məmur diqqətlə mənə baxdı.
- Nə baş verib?
Çantamdan telefonumu çıxarıb aldığım hədələyici mesajları göstərdim. Sonra isə qapıma qoyulan məktubları ona uzatdım.
- Bilmirəm, bu mesajları və məktubları özü yazır, yoxsa kimsə onun adından edir, amma mən özümü təhlükədə hiss edirəm.
Həbsxana əməkdaşı diqqətlə mesajlara baxdı. Sonra üzünü mənə çevirdi:
- Siz əminsiniz ki, bu mesajlar birbaşa Samirdən gəlir? Bəlkə, kənardan kimsə onun adından sizə göndərir?
Mən çaşdım.
- Mən bilmirəm… Amma o, mənim hara getdiyimi, nə
etdiyimi bilir. Sanki çöldə də, onu əvəz edən biri var…
Məmur başını tərpətdi.
- Əgər, Samirin həbsxanadan kənarda belə bir təsiri varsa, deməli, burada onunla iş birliyində olan kimlərsə var. Biz bununla bağlı araşdırma aparacağıq.
İçimdə həm rahatlıq, həm də yeni bir narahatlıq hissi yarandı. Samir tək deyildi.
Məmur isə davam etdi:
- Sizə tövsiyəm odur ki, təhlükəsizliyiniz üçün, polisə də müraciət edin. Biz burada daxili araşdırmaya başlayacağıq. Samirin davranışları müşahidə ediləcək. Hər hansı şübhəli bir şey olsa, tədbir görəcəyik.
Başım ilə təsdiqlədim.
- Çox sağ olun. Mən polisə də, məlumat verəcəyəm.
Otaqdan çıxanda nəfəs almağımın bir az asanlaşdığını hiss etdim. Bu dəfə Samirin qarşısında hüquq-mühafizə orqanları dayanacaqdı. Amma bu, hələ başlanğıc idi. İndi məsələ evin ətrafında dolaşan adamı tapmaq idi.
Həbsxanadan çıxanda havanın soyuqluğunu hiss etdim. Taksiyə minən kimi telefonunu çıxarıb Rüstəm bəyə yazdım:
“Salam, Rüstəm bəy. Mən həbsxanadan çıxdım. Dediyiniz kimi edib, məsələni rəhbərliyə bildirdim. Sizinlə daha ətraflı danışmaq istəyirəm. Mümkünsə, zəng edim?”
Cəmi bir neçə dəqiqə sonra cavab gəldi:
“Salam, Lalə xanım. Əlbəttə, zəng edə bilərsiniz.”
Zəng etdim, telefon bir neçə dəfə çağırdı, sonra səs eşidildi.
- Buyurun, Lalə xanım, sizi dinləyirəm.
Hər şeyi – Samirin mənə etdiyi hədələri, həbsxana rəhbərliyinin məsələni ciddi qəbul etdiyini və araşdırmaya başlayacaqlarını danışdım.
Rüstəm sakitcə dinlədi. Sonra bir qədər düşünüb dedi:
- İndi əsas məsələ odur ki, çöldə də, onun yerinə bu işləri görən biri var. Bu adam kimdirsə, sizə hələ də təhlükə yarada bilər.
Həyəcanla soruşdum:
- Sizcə, bu adam məni izləməyə davam edəcək?
Rüstəm bir qədər susdu, sonra dedi:
- Düzünü desəm, bu ehtimal böyükdür. Amma narahat olmayın. Siz artıq doğru addımları atmısınız. Həbsxana rəhbərliyi də, işin içindədir. Polisə də məlumat versəniz, vəziyyət daha da nəzarətə alınacaq.
O məni görürmüş kimi, başım ilə təsdiqlədim.
- Çox sağ olun, Rüstəm bəy. Həqiqətən, mənə dayaq oldunuz.
- Narahat olmayın, Lalə xanım. Əsas odur ki, siz güclü qalasınız. Bu məsələ mütləq həll olunacaq.
Zəng bitdi, amma hələ də fikirlər içində idim. Evə çatanda artıq hava qaralmışdı. Bütün qapıları və pəncərələri yoxladım. Biri məni izləyirmiş kimi hiss edirdim. Amma həmin gecə heç bir qəribəlik baş vermədi.
Həbsxanaya getdiyim gündən iki gün keçmişdi. Telefonuma zəng gəldi. Nömrə tanış deyildi.
- Alo? – ehtiyatla dilləndim.
- Salam, Lalə xanım.
Səs sakit və rəsmi idi. İçimdə yaranan narahatlığı boğa bilmirdim.
- Buyurun, eşidirəm.
- Biz sizin məsələ ilə bağlı araşdırmaları davam etdirdik. Samir barəsində dedikləriniz nəzərdən keçirildi. Onun psixoloji problemlərinin olması ilə bağlı bir sübut tapmadıq. O, psixi sağlamlığı tam normal olan bir insandır.
Diksindim. Bunu eşitmək məni həm təəccübləndirdi, həm də daha da, qorxutdu. Əgər Samir psixoloji problemlərdən əziyyət çəkmirdisə, demək, etdiyi hər şey tam şüurlu şəkildə idi. Bu isə onu daha təhlükəli edirdi.
- Bəs… – səsim bir qədər titrədi, davam etdim.
- Bəs məni izləyən adam?
- Bu məsələ ilə bağlı polisə də, məlumat verilib. Narahat olmayın, təhlükəsizliyiniz üçün tədbirlər görüləcək.
Zəngi sonlandırdıqdan sonra, bir müddət yerimdə qaldım. Samirin məni sadəcə qısqanclıqdan izlədiyini düşünürdüm, amma bu işin arxasında başqa bir məqam var idi. Dərhal Rüstəm bəyə zəng vurdum. O, telefonu açan kimi tələsik danışmağa başladım:
- Rüstəm bəy, Samirin psixoloji problemi olmadığını deyirlər. Onun tam normal biri olduğunu iddia edirlər.
- Lalə xanım, bu lap pis oldu. Yəni demək istəyirsiz ki, o, bütün bunları qəsdən edir?
- Elə çıxır. Onlar həmçinin məni izləyən adamı tapacaqlarına da, söz verdilər.
- Demək ki, Samirin məqsədi sizi dəli etməkdir. O, sizin psixoloji olaraq zəifləməyinizi istəyir. Ola bilər ki, bütün bu etdikləri sırf sizi qorxu içində saxlamaq üçündür. Qısqanclıq da bir tərəfdən təsir edə bilər, amma məncə, bu daha dərin bir məsələdir.
Sanki öz-özümə danışırmış kimi dedim:
- Mən artıq onunla ömür sürə bilmərəm. Boşanmaq istəyirəm.
Rüstəm bəy dəstəyin o tərəfindən sözlərimi eşidib təsdiq etdi:
- Düzgün qərardır, Lalə xanım. Sizin təhlükəsizliyiniz önəmlidir.
Mən təəccübümü gizlədə bilmədim. O da mənimlə həmfikir imiş. Bundan ürəklənib soruşdum:
- Mənə yaxşı bir vəkil tapmaqda kömək edə bilərsiniz?
- Əlbəttə. Sizi etibarlı bir hüquqşünasla tanış edərəm. Amma siz də ehtiyatlı olun. Hər zaman ayıq-sayıq qalın.
- Çox sağ olun, Rüstəm bəy.
Telefonu bağladım. Artıq qəti qərarımı vermişdim. Bu oyunun bir parçası olmaq istəmirdim. Mənim həyatım birinin qısqanclıq hisslərinin qurbanına çevrilə bilməzdi.
“Mən anam kimi olmayacağam!” – dedim özümə. Vəkillə görüşməyi səbirsizliklə gözləyirdim. Bu, mənim azadlığıma atacağım ilk addım olacaqdı.
Səhər telefonumun zəng səsinə oyandım. Gözlərimi ovuşdura-ovuşdura ekrana baxdım. Rüstəm bəy idi. Ürəyimdə bu zəngin boşuna olmadığını hiss etdim. Dərhal cavab verdim.
- Salam, Lalə xanım, bağışlayın, sizi narahat edirəm. Dünən dediyiniz məsələni həll etdim. Sizə savadlı, vicdanlı və ən əsası çox etibarlı bir vəkili məsləhət görürəm. Çox güvəndiyim bir insandır – İsrafil Əlili. Sizə nömrəsini göndərəcəyəm, onunla əlaqə saxlaya bilərsiniz.
Dik oturdum, gözlərim tam açıldı. Həyəcanla dedim:
- Çox sağ olun, Rüstəm bəy.
- Narahat olmayın, hər şey yoluna düşəcək. Onun nömrəsini indi sizə whatsappla göndərəcəm.
Telefonu bağladıqdan bir neçə saniyə sonra bildiriş gəldi. Nömrəni götürüb telefonuma qeyd edib, profilinə baxdım. Ekrana toxundum. Şəkildə ciddi baxışları olan biri dayanmışdı. Yaşının otuzların sonlarında, ya da qırxların əvvəlində olduğunu təxmin etdim. Onun saçları, saqqalı ağarmışdı. Tünd qəhvəyi, qısa kəsilmiş, dalğalı saçları var idi. Qalın saqqalı, üz cizgilərini daha sərt göstərirdi.
Bu insanın gənc yaşda saçına-saqqallına dən düşübsə deməli, ən azından müəyyən problemlərə diqqətlə, qayğı ilə yanaşan adamdır.
Elə bil, bu mənə bir balaca təskinlik verdi.
Geyiminə diqqət yetirdim. Üzərində yaşıl-qara vəkil mantiyası var idi. Mantiya çiyinlərində qızılı haşiyələrlə bəzədilmişdi. Çox zövqlü və eyni zamanda rəsmi geyinmişdi. Bu, onun işinə nə qədər ciddi yanaşdığına işarə idi.
Gözlərindəki eynək ona daha intellektual bir görünüş verirdi. Ancaq onun yalnız bir hüquqşünas yox, həm də təcrübəli, iti zəkalı biri olduğu hiss olunurdu. Şəkilə baxaraq düşündüm: Bu adam mənim azadlığıma gedən yolda ən vacib dəstəyim olacaq.
Mesaj yazdım:
“Salam, İsrafil bəy. Mən, Lalə. Rüstəm bəy sizinlə danışmağımı tövsiyə etdi. Əgər mümkündürsə, görüşüb danışa bilərik?”
Mesajı göndərdim və ekrana baxaraq gözləməyə başladım. O anlarda içimdə narahatlıq baş qaldırdı. Vəkillər haqqında çox şey eşitmişdim. Bəzən qarşı tərəfə satılır, bəzən müştərilərinə tam dürüst davranmırlar. Hətta buna özüm, Samirin məhkəməsində şahid olmuşdum. O vaxt onun vəkili də peşəkar şəkildə yalan danışırdı.
Sözlərin gücü nə qədər böyük ola bilərdi? Doğru əllərdə ədalətin açarı, yanlış əllərdə isə təhlükəli bir silahdır! Amma bu dəfə vəziyyət fərqli idi. İsrafil bəy, Rüstəm bəyin tanışı idi. Onun mənə necə dayaq olduğunu bilirdim. Məni heç vaxt çaş-baş vəziyyətdə buraxmamışdı. Ona görə bir az da olsa, ürəyim rahat idi.
Düşüncələrdən məni telefonuma gələn bildiriş ayıltdı. İsrafil bəy cavab yazmışdı. Ekrana baxaraq köks ötürdüm. Görəsən, bu dəfə ədalət mənim yanımda olacaq?!
(İyunun 1-də sizlərə 9-cu hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(29.05.2026)


