“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.
FİDAN HÜSEYNOVA (VAHİD)
”ƏYRİ KÖLGƏ”
Babam Şaqaydan yarım kisə külmə tutub. Nənəm həyətdə deyinə-deyinə balıqları qızardır.
Süfrə başında əyləşiblər. Babam balıqların ətli, ağ yerlərinə baxıb nənəmə ağız büzür: sümüyü yaxşı qızarmayıb.
Hər şeyi görürəm. Özümü axtarıram, amma tapa bilmirəm. Nənəmin boşqabın qırağına yığdığı tıxlardan biriyəm. Boşqabın kənarından qocaları süzürəm. Birdən özümü nənəmin əlindəki tikəyə yapışmış görürəm. Budur, artıq boğazındayam. Nənəmin boğazı çox dardır; həm də düyün-düyün... Keçməyə yer tapmıram, ilişib qalıram. Onun boğazını cırıb qanında boğulduğum anda ayılıram. Əlimi hövlnak ayaqlarıma uzadıram – yerindədirlər.
Gözümü nənəmgildə açıram. Hamı deyir ki, babamgildə yaşayıram. Amma yox, mən nənəmgildə qalıram.
Son zamanlar yuxularımı qarışdırıram, onları ən xırda detallarına qədər xatırlayıram.
Həyətimizdəyəm. Qızmar günəşin şəfəqləri pələd qapıya qədər uzanan üzüm şelindən süzülüb yerə səpələnir. Həyət naxış-naxışdır. Şelin üstündə iki sağsağan dayanmadan ötür. Onlara baxdıqca ürəyim sıxılır. Sağsağan həyətdə ötəndə bilirik ki, bibimgil qonaq gələcək. Nənəm hazırlıq görür: babamın kəsdiyi çolpaların qanını axıda-axıda bağdan aşxanaya gətirir, çolpaların boğazını yuyur, tüklərini yolmaq üçün çuqun qazan götürür.
Başım gicəllənir. Yenə özümü axtarıram. Mən o ağ çuqun qazanın içində vurnuxan qarışqalardan biriyəm. Nənəm qazanı üzüaşağı çırpır, qarışqaların hamısı yerə tökülür – məndən başqa. Qazanı su ilə doldurub ocağın üstünə qoyur. Qışqırıram, amma səsimi eşitmir. Qarışqaların səsini heç vaxt eşidən olmur.
Su qaynamağa başlayanda oyanıram. Otağım sərindir. Pəncərədən axıb içəri dolan meh canımı üşüdür.
Dərsdən sonra bütün günü ora-bura qaçır, təkbaşıma oynayıram. Babama, nənəmə işlərində kömək edirəm. Nənəmi çox istəyirəm, babamı da. Amma hərdən babam namaz qılanda istəyirəm ki, onu arxadan itələyib yıxam.
Evimizdən tez-tez qarğaşa qopur. Bəzən bu mənim ucbatımdan olur. Özümü çox vaxt yiyəsiz torpaq kimi hiss edirəm.
Yüksəklikdəyəm. Yuxarıdan baxıram, amma harada olduğumu bilmirəm. Bozarmış döşəmə, cırıq divar kağızları, nimdaş cehizlər, çatılmış qaşlar, yanmış günorta yeməyi... Heç nə tanış gəlmir. Anamla atamın şəklini tor basıb. Mənim torum... Nənəm əlindəki döşəməsilənin ucunu qarnıma sıxır.
Nənəmin xorultusundan səksənib dik ayılıram, tez də sakitləşirəm. Axşamlar lap bərk qorxuram. Hava qaralanda adam cildindən çıxıram. Nə qədər çapalasam da, adam cildinə qayıtmağı bacarmıram.
Evdə yenə qırğın düşüb. Babam kətili nənəmin başına çırpmaq üçün qaldırıb. Səbəbini öyrənməyə vaxtım olmur. O an yerə yıxılıb dişlərimi bir-birinə sıxdığımı xatırlayıram. Bunu əvvəllər haradasa görmüşəm... Babam da, nənəm də çox qorxur. İlk dəfədir onları belə görürəm. Babam çəngəllə dişlərimi aralayır, nənəm üzümə su çırpır. Dişlərimi gördüyüm kimi bərk qıcaya bilməsəm də, yamsılamağa cəhd etmişəm.
Ayılanda kətilə baxa-baxa kəkələməyə başlayıram. Nənəm dördüncü kətili otaqdan çıxardır.
O gündən sonra bir balaca səs-küy qalxan kimi kəkələyirəm. Nənəmin baxışlarında narahatlıq görünmür. Yəqin mənim yalançı, təlxək olduğumu bilir.
Günlər beləcə keçir, amma gecələr qara kabus olub məni basır. Yuxularım başı kəsilmiş çolpalar kimi ipək yaylıqlı nənəmə qurban gedib.
Bu, əvvəllər xoşuma gəlsə də, tezliklə məni bezdirir. Gözümdən düşən oyuncaqları Kürün qırağındakı zibil dərəsinə ataram. İndi nə edəcəyimi bilmirəm. Nənəm deyir ki, adam yalan danışmaz.
Mən ya adam olmalıyam, ya yalan. Bu oyuna son qoymağa qərar verirəm. Münasib vaxtı gözləyirəm. Güzgünün qabağına keçib məşq eləyirəm: “Baba, nənəmi incitmə! Bəsdir! Qışqırma ona! Siz dalaşanda, mən...”
Yüyürüb onların otağına gedirəm. Nənəm də, babam da məni görmür. O anda, İlahi, necə qorxuram! Ayağımı sürütləyə-sürütləyə babamın düz qarşısında dayanıram. Əvvəlcə səsim çıxmır, sonra bütün gücümlə bağırıram: “Babaaaa!”
Babam susub mənə baxır. Üzü qızarır.
Bədənim tir-tir əsir. Naləmin davamını gətirmək istəyirəm, amma boğazımda nəsə xırıldayır, sözlər düyünlənir, danışa bilmirəm. Birdən hiss edirəm ki, nəfəsim kəsilir. Sanki yenə daşam, sümüyəm, qarışqayam...
Babamın gözlərinə baxıram. Baxışlarında qorxu var, amma heç nə demir.
Mən o gün səsimi birdəfəlik itirirəm.
Və bir də heç vaxt adam ola bilmirəm.
2025 (sentyabr) – 2026 (fevral)
Bakı, tələbə yataqxanası.
“Ədəbiyyat və incəsənət”
(28.05.2026)


