“Ruhunda kitab sevgiyi olmayan adam nə yaza, nə də mütaliə edə bilər” - MÜSAHİBƏ Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bugünkü müsahibim istedadlı gənc yazar, Gənc Yazarlar Birliyinin sədri, eyni zamanda ingilis -alman dili müəllimi Səbinə xanım Bayramovadır. Belə dəyərli və fəal gənclərimizi gördükcə insan qürur duyur, sevinir. Gəlin, Səbinə xanımı daha yaxından tanıyaq.

 

1.Səbinə xanım, ilk olaraq özünüz haqqında oxucularımıza qısa məlumat verə bilərsinizmi?

 

Mən Səbinə Bayramova, 14 iyun 1998-ci ildə dünyaya göz açmışam. Səbinə Dəniz təxəllüsü ilə yazıb, yaradıram. Özüm ingilis -alman dili müəllimi kimi fəaliyyət göstərirəm. Bir-neçə kitab müəllifiyəm.

 

2.Yazıçılıq həyatınız necə başladı? İlk qələmə aldığınız əsəri xatırlayırsınızmı?

 

Xırda-xırda cümlələr,hekayələr yazıb evdə ora- bura yapışdırırdım. Anam bir gün dediki bunları bir yerə yığ lazım olar. Eləcə  o gündən dəftərə qeydlər aparmağa başladım. İlk qələmə aldığım “Yaralı Ruhlar” adında hekayələr toplusu olub. Yaxın zamanda yenidən işıq üzü görəcək.

 

3.Bu gün yazdığınız əsərlərdə sizi ən çox hansı mövzular düşündürür?

 

Əsərlərimdə mənəviyyata çox önəm verirəm. İnsani dəyərlər mənim üçün çox özəldir. İnsan kimi formalaşmaq üçün güclü mənəviyyata sahib olunmalıdır.

 

 

4.Ədəbiyyatda istedad daha önəmlidir, yoxsa zəhmət?

 

Ruhunda istedad yoxdursa, düşünmürəm çəkilən zəhmətin bəhrəsi görünə. Günümüzdə yetərincə yazıçı adı altında ortalıqda gəzən insanlar var. Hətta onlardan göz önündə olanlar da az deyil. Amma kənardan durub baxanda bəzilərində sadəcə strategiya və marketinqdən başqa nəsə tapa bilmirəm. Qısası, ruhundan süzülən cümlələr olmadıqdan sonra bir yerdən sonra zəhmət də boşa gedir.

 

5.Yazı prosesində sizin üçün ən çətin məqamlar hansıdır?

 

Emosional insan olduğumdan qaynaqlanaraq duyğusal məqamlar məni bəzən çox yorur. Yazmalıyam amma özümü ələ ala bilmirəm, o periodun içərisində fırlana-fırlana qalıram. Çətin məqamlar olsa da yaşaya-yaşaya, ruha işləyə-işləyə yazmağın zövqü bir başqadır.

 

6. Xarici ədəbiyyatda sizi ən çox təsirləndirən müəlliflər və əsərlər hansılardır?

 

Dostoyevski “Cinayət və Cəza” əsərində Raskolnikov obrazı ilə söhbət edib, onun psixologiyası ilə yaxından tanış olmaq istərdim. Kafkanın “Çevrilmə” əsəri həqiqətən kiçik həcmli olsa da çox təsirli əsərdir. Çoxdur təsirli əsərlər. Deyim ki mənim ən çox diqqət mərkəzində saxladığım uşaq ədəbiyyatı olduğu üçün son olaraq da “The Little Prince“ əsərinin adını çəkmək istəyirəm. Həqiqətən fərqli və özünə xas təsirə layiqdir.

 

7.Azərbaycan ədəbiyyatının dünyaya çıxışı ize qane edirmi?

 

Xeyr, tam mənada qane etmir. Azərbaycan ədəbiyyatında güclü müəlliflər, dərin mövzular və özünəməxsus dil-estetikası olsa da, dünya miqyasında tanınması potensialına uyğun səviyyədə deyil. Son illərdə müəyyən inkişaf var, bəzi əsərlər xarici dillərə çevrilir, beynəlxalq sərgilərdə təqdim olunur, amma bu hələ sistemli və davamlı səviyyədə deyil. Məncə Azərbaycan ədəbiyyatının dünyaya çıxışı üçün ən vacib şeylər güclü tərcüməçilər, gənc müəlliflərin dəstəklənməsi, universal mövzularla milli ruhu birləşdirən əsərlər və s.-dir.

 

8.Gənc Yazarlar Birliyinin əsas məqsədi və missiyası nədir?

 

Birliyimizin əsas məqsədi istedadları dəstəkləmək, müasir və milli dəyərlərə bağlı ədəbiyyatı inkişaf etdirmək, oxu və yazı mədəniyyətini yaymaq, gənclərin yaradıcılıq imkanlarını geniş auditoriyaya çatdırmaqdır.

 

9.Son illərdə sizi sevindirən gənc qələm sahibləri varmı?

 

Son bir il ərzində 30-dan çox gənc qələm sahibinin uğurunu görmək buna misal ola bilər. Özüm gənc olsam da ətrafımdakı gənc qələm sahiblərindən seçilmişləri yanımda görmək mənim üçün çox xoşdur. Hər birinin adını tək-tək çəkə bilməsəm də ,hər birinin qələmini bir ayrı sevirəm.

 

10.Gənclərin kitaba marağını artırmaq üçün nə etmək lazımdır?

 

Gənclərin kitaba marağını artırmaq üçün onların diqqət mərkəzinin nələrə yönəldiyini izləmək lazımdır. Mən yazıçılıqdan əlavə bir pedaqoq kimi bunu gündəlik həyatımda müşahidə edirəm. Kitaba maraq ilk öncə ta əvvəldə də vurğuladığım kimi ruhdan gəlməlidir. Ruhunda kitab sevgiyi olmayan adam nə yaza, nə də mütaliə edə bilər. Ona görə də birmənalı şəkildə o sevgi qəlbdən gəlməlidir. O sevgini  yaratmaq da bir başqa mövzudur. Uşaqlıqdan aşılanaraq bu yerlərə gəlib çatdıra biliriksə nə xoş bizlərə.

 

11.Sosial şəbəkələrin ədəbiyyata təsirini necə qiymətləndirirsiniz?

 

Sosial şəbəkə əslində müsbət cəhətdən gənc qələmlərin ən böyük qəhrəmanı olsa da, bir o qədər də yazıçı adına uyğun olmayan kütlənin göz önünə çıxmasına təkan verir. Sosial şəbəkə düzgün gedişatla davam olunsa , çox gözəl nəticələr görə bilərik.

 

12.Oxucularınızdan gələn fikirlər arasında sizi ən çox təsirləndirən hansı olub?

 

 

Oxucularımdan gələn fikirlərin çoxluğu qəlbə toxunan hissləri qələmə almağımla bağlı olur. Bu hissi onlara ötürə bilib,düşüncələrinə  xoş təsir edə bilmişəmsə,bu mənim insani uğurumdur. Çünki insan sevgim heç vaxt azalmayacaq.

 

13.Gələcək planlarınız haqqında, mümkündürsə, məlumat verə bilərsinizmi?

 

Gələcək planlarım yaratdığım Gənc Yazarlar Birliyində üzv kimi yer alan hər bir gəncin yolundakı o daşları təmizləyərək, birgə addımlamaqda davam etməkdən ibarətdir. Bunun üçün də dayanmadan çalışıram.

 

14.Gənc yazarlara nə tövsiyə edərdiniz?

 

Tövsiyə vermək mənə düşməsə də , bir cümlə ilə bildirmək istəyirəm ki, yazıçılığı cəmiyyətə, insanlığa , əsasən də uşaqlara fayda üçün etmirsinizsə, qələmi indidən yerə qoyun.

 

P.S.

Yeri gəlmişkən, gənc yazarlar üçün azad tribuna olan “Ədəbiyyat və incəsənət” portalının qapıları Gənc Yazarlar Birliyində təmsil edilən gənclər üçün də açıqdır, buyursunlar, o qapıdan içəri keçsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.