Qarabağda daş qalağına çevrilmiş evlərə ELEGİYA Featured

Həyat Şəmi, İstanbul

”Ədəbiyyat və incəsənət”

 

 

İstəkli oxucular. Bu mənim ən yeni şeirimdir.

Bu elegiya, sadəcə işğaldan azad olunmuş Qarabağdakı dağılmış evlərin vizual təsviri deyil; o daşların, divarların və torpağın dili ilə danışan metafizik bir ağrı və fəlsəfi qayıdış mətnidir. Şeir "daş" simvolu üzərindən insan, məkan və zaman arasındakı qopmaz bağı poetik şəkildə analiz edir.

“Qarabağda daş qalağına çevrilmiş evlərə Elegiya" – köçkünlük fəlakətinin, illərlə davam edən həsrətin və nəhayət qayıdışın gətirdiyi o qəribə, bir az kədərli, bir az da məğrur duyğunun şeiridir. Daşı dilləndirərək onu bir "elçi" elan etdim: eli köçüb gedən insanla, o insansız daşa dönmüş vətən torpağını yenidən qovuşduran bir mənəvi elçi...

 

 

Mən bir daş qalağıyam,

qocalan keçmişimin ağ yaddaş qalağıyam,

axıb keçən zamanın üzündə bir kəsiyəm

çapığıyam torpağın,

daş olan arzuların yosun tutmuş üzüyəm.

 

Üzüyümü quşların barmağına taxmışam,

Daşdan namə daşıyır...

 

Sükutum bir uçurum, səsim dərin quyudur,

mən bir daş qalağıyam...

boyuna qurban olum - gələn kimin boyudur?

 

Divarları uçanda

kərpic-kərpic içinə tökülərmiş

insan da.

Məni görməyə gəldin,

Daş qalağı olsam da...

 

Saraydım ölümsüzlük qoxusuyla yaşardım,

İndi daş qalağıyam –

səs gələndə daşardım...

 

Nə açar açır məni,

nə zərbə, nə də yağış,

mən bir evdə qalanam - qərinələr qarımış...

 

Gözlərim daşla doldu,

ürəyimlə kök atdım,

hansı yuxuda keçdim uzun-uzun yolları,

Gün batdı addım-addım...

 

Ən dərin kitab torpaq,

ən doğru imza daşdı.

Məni yenidən yazma,

tök qarşına daşları, qələminlə qarışdır...

 

Mən kiməm, mən nəçiyəm...

mən ki daşa dönmüşəm!

elçi daşı, elçiyəm,

gəlmişəm ayağına,

eli köçüb gedənlə,

məni mənlə qovuşdur...

                  (15.05.2026)

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2026)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.