Müaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

3-CÜ DƏRC

 

Özünü tapmaq labirint kimidir

 

Üçüncü hissə

 

         Səhər tezdən oyanıb işə getmək üçün evdən çıxdım. Amma dünən yaşananlar və Lalənin dedikləri fikrimdən çıxmırdı. Onun danışdığı Rüstəmin, mənim dəniz kənarında rastlaşdığım o sirli oğlan olması ehtimalı beynimdə dolanırdı. Ola bilərdi ki, bu sadəcə ad bənzərliyi idi, amma indiyə kimi hisslərimdə yanılmadığımı bilirdim. İçimdə bir səs deyirdi ki, Lalənin bəhs etdiyi Rüstəm, elə həmin oğlandır. Bunu öyrənməyin bir yolu vardı – Laləni diqqətlə dinləyib, Rüstəm haqqında ondan nə isə öyrənmək. Amma istəmirdim ki, Lalə bunun fərqində olsun. Çünki peşəm tələb edir ki, pasiyentlərimin danışdıqları məndə qalmalı, heç bir üçüncü şəxsə sirr açılmamalıdır.

         Ürəyimdə, “Kaş ki, o elə mənim tanıdığım Rüstəm olsun,” deyə düşündüm və onu tapmağın yolunu axtaracağıma qərar verdim.

         Öz-özümə düşünərkən birdən ayaqlarım məni

Rüstəmlə tanış olduğum yerə – dəniz kənarına gətirdi. Əslində bu gün ora getməyi planlaşdırmamışdım. Fikrim Lalədə qalmışdı. İşə getməli olsam da, daha gəlmişdim. Bir az əyləşib dənizin sakitliyini izlədim. Ətrafa göz gəzdirib, bəlkə Rüstəmi görərəm deyə ümid etdim. Ancaq məndən başqa heç kim yox idi. Bir az da oturduqdan sonra işə doğru yola düşdüm.

         İşə çatıb, otağıma yönəlmişdim ki, telefonuma zəng gəldi. Zəng edən anam idi. Dəstəyi açanda onun həyəcanlı səsini eşitdim.

         - Humay, qızım işdəsən? Evə qayıda bilərsən?

         Anamın titrəyən səsi məni də həyəcanlandırdı. Nə baş verdiyini soruşdum. O məni sakitləşdirmək üçün bir az təmkinlə dedi:

         - Qızım, Mehdi... Qorxma, qorxma yaxşıdır amma... – sözünü tamamlamamış, təlaşla soruşdum.

         - Mehdiyə nə olub?

         - Çay içəndə qəfildən ayağına töküldü. Onu həkimə aparmaq lazımdır. Zəhra yatdığı üçün özüm apara bilmirəm.

         - Gəlirəm. – deyib, zəngi söndürdüm. Telefonu çantama atıb Tavat xanıma yaxınlaşıb dedim:

         - Mən təcili evə getməliyəm. Bu günə olan bütün seansları ləğv et. Səninlə əlaqə saxlayacam. – deyib evə qayıtdım.

         Evə çatan kimi taksi sifariş edib, Mehdini qucaqlayıb birbaşa xəstəxanaya apardım. Xoşbəxtlikdən həkimlər yanığın o qədər də, ciddi olmadığını dedilər. Amma yenə də, bir neçə gün nəzarət altında qalmalı idi. Buna görə də, Tavat xanıma zəng edib, bir neçə gün işə gəlməyəcəyimi xəbər verdim. Oğluma özüm baxmaq istəyirdim. Beləcə onu nəzarətimdən yayındırmadım. Özüm qayğısına qalıb, yarasının tez zamanda sağalması üçün əlimdən gələni etdim. 

         Günlər sonra işə qayıdanda ürəyim rahat idi. Çünki artıq Mehdi sağalmışdı.

         Otağımın önündə, Lalə ilə qarşılaşdım. Tez qolumdakı saata baxdım. Elə bildim ki, gecikmişəm. Amma əksinə, on dəqiqə tez gəlmişdim. Lalə bunu hiss edib dedi:

          - Salam, Humay xanım, necəsiniz? Narahat olmayın, gecikməmisiniz. Mən bir az tez gəlmişəm.

          - Salam, Lalə xanım, yaxşıyam, siz necəsiniz? Elə yaxşı ki, vaxtında gəlmisiniz. Buyurun, keçin içəri.

          - Yox, hələ tezdir. Mən öz saatımda gələcəyəm, siz narahat olmayın.

          - Yox, Lalə xanım, onsuz da keçən seansdan sizə borcum var. Buyurun, keçin içəri.

          O an, ürəyimdə, həqiqətlərin açılacağı hissi daha da gücləndi. Hər ikimiz otağa daxil olduq. Mən bir neçə saniyə susub, onu gözdən keçirdim. Lalə həmişəki kimi sakit və soyuqqanlı halda qarşımda əyləşdi. Üzündə heç nəyi bəlli etməyən ifadə vardı, amma gözlərində həyəcan sezilirdi. Bir qədər gözlədim, sonra sözə başladım:

          - Buyurun, Lalə xanım. Gəlin, yarım qalmış söhbətimizi davam etdirək. Ən son dediniz ki, Rüstəm bəydən bir zəng gözləyirdiniz.

          - Bəli. Günorta, saat təxminən bir-iki arası olardı. Birdən telefonuma mesaj gəldi. Tez baxdım. Həmin oğlandan mesaj gəlmişdi…

          “Salam, Lalə xanım. Sizə səhvən göndərilən kitabın sahibiyəm. Rüstəm.”

          Ürəyində bir sıxıntı hiss etdim. Bir az gözləyib sonra cavab yazdım:

          “Salam. Hə, hə, tanıdım, elə sizdən xəbər gözləyirdim.”

          Mesajı göndərən kimi içimdə bir peşmanlıq yarandı. “Niyə belə yazdım axı?” – öz-özümə düşündüm. İndi elə bilər ki, mən onun zəngini, mesajını səbirsizliklə gözləmişəm… Öz-özümü tənbeh edirdim. Amma Rüstəm çox mədəni biri idi. Növbəti mesajını oxuyanda rahatladım.

          - Xahiş edirəm, məni bağışlayasınız. Gözünüzü     yolda qoymuşam. Bilirəm ki, kitabın səhv düşməsi sizi narahat edib. İstəsəniz, o kitab sizdə qala bilər.”

          Dərhal cavab verdim:

          “Yox, yox, nə danışırsınız, bu kitab kimə göndərilmişdisə, ona çatdırmaq daha doğru olar…”

          Rüstəm bəy israrla yazdı:

          “Lalə xanım, narahat olmayın, kitabı o insana yenidən göndərərəm, hətta yenə öz qeydimlə olar. Mən məsələni kitab evi ilə həll edərəm. Amma çox xahiş edirəm, o kitab sizdə qalsın. Görünür, qisməti siz imişsiniz.”

          Mesajı oxuyub bir anlıq durdum. “Nə deyim?” deyə düşündüm, çünki məsələ düşündüyümdən də qəliz idi. Sonra özümdə cəsarət tapıb yazdım:

          “Çox sağ olun. Amma bu kitabın  üstündə yazı var. Əslində deməyə utanıram… Sizin necə qəbul edəcəyinizi bilmirəm.”

          “Utanmayın. Necə var, elə də deyin. Hər halda sizi başa düşəcəyəm, buna əmin olun. Mən də azyaşlı biri deyiləm, yetkin insanam. Buyurun, açıq danışın, ürəyinizdən keçəni deyin.”

          Bir az ürkək yazdım:

         “Rüstəm bəy, mən ailəliyəm və qorxuram ki, yoldaşım kitabın içindəki yazını görər. Onsuz da kitaba olan marağımı qəbul etmir. Bir də bunu görsə, daha pis nəticələr ola bilər…”

          Bu mesajı yazanda barmaqlarım azca titrədi. Bu cür açıq danışmaq çətin olsa da, artıq məsələni gizlətmək mümkün deyildi.

         “Aydındır, Lalə xanım. Elə isə mənə ünvanınızı deyin, o kitabı sizə yenidən göndərim. Bu dəfə heç bir yazı olmadan. Sizdən də  xahiş edərdim ki, aldığınız yazılı nüsxəni geri qaytarasınız. Nə deyirsiniz? Razısınız?”

         “Çox gözəl, razıyam. Məni başa düşdüyünüz üçün təşəkkür edirəm.”

         “Buyurun, əsas odur ki, razı qalasınız. Amma bu dəfə mən  bir neçə söz demək istərdim. Sadəcə ehtiyat edirəm.”

         “Yox, buyurun, deyin.”

         “Yoldaşınızın sizin kitaba olan sevginizə qarışması məni həm təəccübləndirdi, həm də məyus etdi. Maraqlıdır, ali təhsiliniz varmı?”

         Utanaraq “Xeyir.” – deyib, əlavə etdim: “Mən də bunu öyrənəndə təəccüblənmişdim, çünki o, əvvəllər mənə tam əksini deyirdi.”

         “Bəs evlənməmişdən əvvəl niyə təhsil almamısınız? Bağışlayın ki, sizə belə şəxsi suallar verirəm. Sadəcə olaraq, mənim xanımların təhsilsiz olmasına qarşı xüsusi həssaslığım var. Mən ailəliyəm, bir qızım, bir oğlum var. Xüsusilə qızımla, bu barədə çox danışıram. Onun təhsil alması üçün hər şeyi edirəm.”

         “Siz nə yaxşı atasınız, belə. Allah ailənizi qorusun. Təəssüf ki, hər qız sizin qızınız kimi şanslı olmur. Mən də uşaqlıqdan oxumağa həvəsli idim. Dizayner olmaq istəyirdim. Amma atam… Eh, keçmişi xatırlamaq istəmirəm. Onsuz da çətin günlər keçirirəm.”

         “Üzr istəyirəm, sizi incitdim. Bəs sizdə bu kitabı oxumaq istəyi necə yarandı? Suallarım sizi bezdirmir ki? Məncə, bu kitabın sizə gəlməsi sıradan bir hadisə deyil. Bu təsadüfün arxasında bir xeyir var.”

         Bu mesaj məni uzun-uzadı düşündürdü, amma cavab verməkdən çəkindim. Ona görə də mesajı cavabsız qoydum.

         Səhər açılan kimi özümə dedim:

         “Bəlkə salam yazıb məsələni bitirim?” Nəhayət, salam yazıb ünvanımı göndərdim. Ardınca xahiş etdim ki, kitab günorta dördə qədər çatdırılsın. Cavab çox gecikmədi:

         “Salam. Narahat olmayın, saat 15:00-da kitab ünvanınızda olacaq!”

         Kitab vəd edildiyi vaxtda ünvanıma çatdı. Sevinc və həyəcan, qarışıq hislər içində idim. Kitabın sərin cildi, əllərimdə həyatıma toxunurmuş kimi bir duyğu yaratdı. Elə bil uzun zaman gözlədiyim an gəlmişdi. Hər zaman kitab oxuyarkən, hamı kimi mən də, ilk səhifəsindən oxumağa başlayırdım amma bu səfər fərqlilik etdim. Kitabda mövzular bölmə-bölmə olduğu üçün, ilk öncə özümə daha yaxın olan bir mövzudan oxumağa başladım. Oxuduqca daha çox marağım artır, hətta artıq oxuduqlarımı icra etmək istəyirdim.

         Bir gün axşam, Samir işdən gəldi. Süfrə açdım ki, oturaq yemək yeyək. Əslində mənim iştaham yox idi, yemək istəmirdim. Onunla aramı düzəltmək, ailəmdə mehribançılıq yaratmaq istəyinə görə mən də süfrə başında əyləşdim. Bir az söz açıb danışdım amma onun əlində telefon, başı ona qarışmışdı. Yenə də mən onu dilə gətirib qan-qaraçılıq yaratmaq istəmədim. Sakit, aram səslə ona işləmək istədiyimi, evdə çox darıxdığımı dedim. Birdən gözlərini telefondan ayırıb qəzəbli baxışlarla mənə baxdı.

          - Sən nə danışırsan? Ağzından çıxan sözü qulağın eşidir?

         - Ay Samir, burada nə var axı? Pis nə isə demədim axı? Həm də maddi sənə dəstək olmuş olaram.

         - Lazım deyil. Sənin mənə dəstəyin, başına dəysin. Sən deyəsən azadlıq istəyirsən! Amma bil ki nə qədər ki mən sağam, sən onu görməyəcəksən! – dedi və yumruğunu masaya vurub, süfrədən qalxıb, qapıya doğru getdi.

         Mən özümü saxlaya bilmədim. Bu günə kimi içimdə yığılıb qalmış qəzəbimi qışqıraraq içimdən çıxarıb dedim.

         - Axı, mən sənə nə etmişəm? Niyə mənə qarşı belə rəftar edirsən? Niyə də niyə?

         Amma o heç arxaya belə baxmadan qapını çırpıb getdi. Üzərindən iyirmi dəqiqə keçmişdi. Birdən qapı qəfil açıldı və Samir içəri daxil olaraq birbaşa otağımıza yönəldi. O, səssizcə paltarlarını dəyişib yenidən evdən çıxdı. Bu ani hərəkəti əvvəlcə mənim üçün anlaşılmaz idi. Lakin tezliklə xatırladım ki, sabah tezdən o, İsmayıllıda yaxın qohumunun toyuna gedəcəkdi.

         Bu xəbəri ilk dəfə eşidəndə çox sevinmişdim, çünki onun məni də özü ilə aparacağını düşünmüşdüm. Amma görünür, bu ehtimal onun ağlından belə keçməmişdi. Mən isə heç bir irad bildirmədən, onun istədiyi paltarları ütüləyib səliqə ilə bir kənarda hazırlamışdım.

         Samir adətən kimlə görüşdüyünü, hara getdiyini mənə deməzdi. Bu, aramızda çoxdan formalaşmış bir məsafə idi. Amma bu dəfə vəziyyət başqa idi. Dəvətnamə qohumların evinə göndərilmişdi. Mən də beləliklə xəbər tutmuşdum. Üstəlik, həm qohumu, həm də yaxın dostu Elçinlə telefonla danışanda eşitdim ki, o da Samirlə gedəcək. Elçin, müğənni olduğu üçün tez-tez toylara dəvət olunurdu. Bu dəfə həm müğənni, həm də qohum kimi dəvət almışdı.

 

***

         Samir və Elçin axşamüstü İsmayıllının, Lahıc kəndinə çatdılar. Toy artıq başlamışdı. Hər yerdə gülüş səsləri, musiqi, qonaqların şənlik içində danışığı eşidilirdi. Onlar sakitcə özlərinə ayrılmış masaya əyləşdilər. Elçin, hər zamankı kimi, insanlarla ünsiyyət qurmağa başladı, amma Samir başqa bir aləmdə idi. Bir müddət yeyib içdikdən sonra, baxışları birdən bəy-gəlin tərəfə yönəldi. Gəlinin bəyə sevgi dolu baxışları, bəyin isə ona diqqətlə yanaşması Samiri tərpətdi. O, gözlərini uzaq bir nöqtəyə zilləyərək pıçıltı ilə dedi:

         - Bir zamanlar mən də belə xoşbəxt idim… İndi isə hər şey bitib.

         Elçin, onun sözlərini eşidib duruxdu. Dostunun belə vəziyyətdə olduğunu görmək, ona qəribə gəldi. Sakitcə soruşdu:

          - Samir, nə olub? Nə deyirsən belə?

          Samir spirtli içkinin təsiri altında idi. Onun səsindəki qırılma, baxışlarındakı tənhalıq, hər şeyi açıqca deyirdi. Bir anlıq gülümsəməyə çalışdı, amma dərhal susub içkisinə davam etdi. Gecə irəlilədikcə, Samir daha da çox içirdi. Məclisin sonunda Elçin, onun qoluna girib maşına apardı.

          - Bu vəziyyətdə maşını sən sürə bilməzsən. – Elçin dedi. – Mən idarə edim.

          Samir əlini sükanın üstünə qoyub sakitcə dedi:

         - Yox, bu yolu mən özüm getməliyəm.

          Yolda hər şey sakit idi. Maşın gecənin qaranlığında süzüb gedirdi. Amma bu sakitlik uzun çəkmədi. Samir bir anda sükutu pozdu:

          - Bilirsən, biz bir-birimizi çox sevirdik. Daha doğrusu, mən onu çox sevirdim. Amma bu sevginin yalnız mənim tərəfimdən olduğunu anlamaq uzun çəkmədi.

          Elçin çaşqın halda soruşdu:

         - Kimdən danışırsan? Lalə bacı?

          Samir başını yelləyib dedi:

         - Yox. Lalədən əvvəl, bir qız var idi. Onu o qədər sevirdim ki, hər şeyə razı idim. Amma o məni yox, təhsilini seçdi.

         - Necə yəni? Axı sən heç vaxt bir qadının təhsilinə mane olmazdın…

         - Mən ona mane olmadım. Əksinə, dəstək oldum. Dərslərində kömək edirdim, imtahanlara aparırdım. Ali məktəbə qəbul oldu. Həm burada, həm də Türkiyədə oxumaq şansı qazandı. Birini seçməli idi. Baxmayaraq ki, mən burada oxumağını istəyirdim amma o, Türkiyədə təhsil almağı seçdi. Mən isə anamın xəstəliyi və işim səbəbindən çıxıb gedə bilmədim. O da dedi ki, təhsil sevgidən daha önəmlidir və getdi.

          Elçin bir anlıq susdu, sonra soruşdu:

        - Bəs Lalə bacı?

          Samir dərindən nəfəs aldı:

          - Lalə, başqa cür idi. Həyatıma elə bir zamanda gəldi ki, mən artıq heç nəyə ümid etmirdim. O, mənə yenidən yaşamağa səbəb verdi. Amma onun kitablara, təhsilə olan sevgisini gördükcə özümü itirdim. Qorxdum ki, o da məni tərk edər. Bu qorxu məni dəyişdi. Laləyə qarşı səbəbsiz yerə əsəbiləşir, onu incitməkdən özümü saxlaya bilmirdim. Belə-belə bir-birimizə olan hörməti itirdik.

          Elçin əli ilə işarə edib qabaqda saxlamasını xahiş etdi. Gecə, qonaq qalacağı evə çatmışdı. Samirin üzündəki ağır ifadəyə baxıb dedi:

          - Samir, bu gecə belə maşın sürmə. Gəl mənimlə qal. Sabah ayıq başla yoluna davam edərsən.

          Samir başını tərpədib dedi:

          - Yox, yaxşıyam. Narahat olma.

          - Amma evə çatan kimi mənə xəbər et, qardaş. Nigaran qalmaq istəmirəm.

          Samir sakitcə başını yellədi, amma baxışları hələ də uzaqlarda, keçmişin ağrılarında idi.

 

(Sabah sizlərə 4-cü hissə tədim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.