Müaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

 

2-Cİ DƏRC

 

Özünü başa düşmək, çətin olmasına baxmayaraq, həyatda nail ola biləcəyimiz ən vacib şeydir

 

İKİNCİ HİSSƏ

Həyat öz axarında davam edirdi. Hər gün dəniz kənarına gedir, kitabımı oxuyur, sonra işə yollanırdım. İşimdə bir çox insanlarla ünsiyyətdə olsam da, Rüstəm hələ də fikrimdə dolaşırdı.

İş yerim, Bayılın “Xanlar” küçəsində yerləşirdi. Burada yaşayanların çoxunun gəlmə olduğunu eşitmişdim; bəziləri gürcü, tat, hətta erməni də varmış.

Mənim ofisim beş mərtəbəli binanın ikinci mərtəbəsində idi. Birinci mərtəbədə isə digər işçilər və müdiriyyətin otağı yerləşirdi. İş şəraitindən razı idim. Pəncərəm gözəl mənzərəyə açılırdı. Sadəcə, maşınların səsi bəzən narahatlıq yaradırdı. Xüsusilə tıxac olanda vəziyyət daha da pis olurdu.

İşdə fasilə zamanı, digər işçilər adətən  kafetariyada toplaşıb çay və ya qəhvə içərək söhbətləşərdilər. Mən isə tam əksini edərdim. Öz otağıma çəkilərək pəncərənin önündə oturub, tək başına qəhvə içər, ətrafı seyr edərdim. Bu zaman ya pasiyentlərimin həyat hekayələri haqqında düşünər, ya da kitab oxuyardım. Bu, mənim fasilə zamanı dincliyim olurdu. Hər gün bu qayda ilə davam edir, sanki həyat eyni ssenari üzərində dönürdü.

Həftənin ilk günü işə yenicə başlamışdım. Qəhvəmi asta-asta içərkən, pəncərədən ətrafı izləyirdim. Hər zamankı kimi, düşüncələrimdə itmişdim. Pəncərəni açıq qoymuşdum ki, təbiətin təravətli qoxusunu içimə çəkim, quşların cəh-cəhini dinləyim. Hər şey o qədər sakit idi ki, elə bil dünya nəfəsini tutub məni izləyirdi. Birdən bu sakitliyi bir səs pozdu:

- Humay qızım, necəsən? Yenə hansı düşüncələrə qərq olmusan?

 Qəfil diksindim, Bu, Harun kişinin tanış səsi idi. Elə bil sakitliyimi yarıb içimə girmişdi.

O, Vətən Müharibəsinin alovları içində torpaqlarımız uğrunda döyüşmüş, hər qarışını canı bahasına müdafiə etmiş həqiqi qəhrəman idi. Girdə üzü, qalın, gur qaşları və yanağının aşağısındakı dərin çapıq, müharibənin izi, onu uzaqdan belə tanıdardı. O çapıq, keçmişdə yaşadığı şərəfli, lakin ağır günlərin bir nişanəsi kimi, üzündə qabarıq şəkildə seçilirdi.

İlk baxışda sərt, əyilməz bir adama bənzəsə də, içində sakit və mərhəmətli bir ürək döyünürdü. Bu mərhəməti, ən çox nəvəsinə göstərdiyi səmimi sevgidə hiss olunurdu. Elə bil  sərt görünüşünün arxasında yalnız ailəsinə, sevdiklərinə həsr edilmiş isti və incə bir insan gizlənmişdi. Onun hər davranışı bir hekayə, hər baxışı bir tarix danışırdı.

Onu gördükdə sevincək halda əl sallayıb, dedim:

- Salam, salam, Harun baba! Necəsiniz, yaxşısınız?

Yanında yenə nəvəsi var idi. Bu dəfə qız nəvəsi ilə gəlmişdi. Harun baba, hər dəfə başqa bir nəvəsini gəzməyə çıxarardı. Sonra üzümü yanında duran nəvəsinə çevirib dedim:

- Sən necəsən, Bənövşə, gözəlim?

Harun baba, nəvəsinin yerinə də, cavab verdi:

- Çox sağ ol, Humay  qızım, biz də yaxşıyıq.

Əlində yenə qalın bir kitab tutmuşdu. Gülümsəyərək soruşdum:

- Harun baba, yenə nəvənizə kitab oxuyacaqsınız?

Maraqlı gülüşü olan Harun baba, ucadan gülərək dedi:

- Hə, əziz qızım, mənim də əlimdən bu gəlir. Nə etmək olar? Qocalmışam artıq, əldən düşmüşəm.

Tələsik etiraz etdim:

- Yox, yox, ay Harun baba! Əksinə, bu mənzərəni görmək məni çox sevindirir. Siz babalıq missiyanızı mükəmməl yerinə yetirirsiniz. Məncə, nəvələriniz də, bu vəziyyətdən çox razıdırlar.

Sonra yenidən üzümü Bənövşəyə çevirdim. O, uzun hörüklərindən birini arxaya atıb, utancaq halda başını qaldırıb yavaş səslə dedi:

- Hə, elədir.

Bənövşə, Harun babanın digər nəvələrindən çox fərqlənirdi. Onlar həmişə şən və hiperaktiv olurdular, amma Bənövşə sakit və utancaq qız idi. Əgər dindirməsəydin, heç danışmazdı. Amma babasının əlini bərk-bərk sıxmasından, arada başını qaldırıb ona parlaq gözlərlə baxmasından hiss olunurdu ki, babasını çox istəyir və ona çox bağlıdır. Yəqin ki, babasının ona kitab oxumağını da çox sevirdi. 

Harun kişi ilə aramızda görünməz, dərin bir bağ olduğunu hiss edirdim. Əvvəllər bunun mahiyyətini anlamaqda çətinlik çəkirdim. Bir gün işdən çıxarkən, iş yerimin yanındakı parkda təsadüfən onunla rastlaşdım. Həmin an, parkın sakitliyində bir skamyada oturub uzun-uzadı söhbət etdik. O, müharibənin ağır günlərindən, səngərdə keçən çətin, lakin unudulmaz anlardan danışırdı. Elə həmin anda, bizi birləşdirən bu bağın nə olduğunu başa düşdüm. Bu bağ – atam idi. Axı mənim atam da müharibədə iştirak etmişdi. Təəssüf ki, onunla bu barədə danışmağa heç vaxt fürsətim olmamışdı. Harun kişinin səsi, danışdığı hekayələr, baxışları mənə atamı xatırladırdı. Sanki onunla deyil, öz atamla danışırdım. Bu doğmalıq, bu səmimiyyət mənim, keçmişimlə olan itirilmiş əlaqəmi yenidən qura bilmə ümidim idi.

 Birdən otağımın qapısı asta-asta döyüldü. Harun babaya baxaraq, qolumdakı saatı göstərib işə qayıtmalı olduğumu nəzakətlə izah etdim. Onunla səmimi bir şəkildə sağollaşıb işimə qayıtdım.

- Buyurun, – dedim.

Qapı aralananda ilk olaraq qarşımda gözəl bir sima göründü. Ardınca incə və sakit bir səs:

- Salam, olar? – dedi.

Bu, yeni pasiyentim Lalə idi. İçəri girən bu zərif qız, ağ bənizi, uzun və sıx kirpikləri, qara qaşları, cəlbedici baxışları ilə diqqətimi çəkdi. Gözümü ondan çəkə bilmirdim. Hündür boyu, zərif qaməti və əynindəki al qırmızı donu ilə tam mənada göz oxşayırdı. İlk baxışdan dünyanın ən xoşbəxt, dərdsiz insanı kimi görünürdü. O, sakitcə əyləşib, özünü təqdim etdi:

- Adım, Lalədir.

Bu sadə təqdimatın altında dərin bir hekayə yatdığını hiss edirdim. Lalənin xarici görkəmi sanki tamamilə ziddiyyət təşkil edirdi; gözəl və əminlik saçsa da, gözlərində bir qığılcım, dərin bir düşüncə vardı. Bəlkə də bu qığılcım onun dərdinin ifadəsi idi. Onu daha yaxından tanıdıqca, gözlə görünməyən tərəfləri də üzə çıxacaqdı.

Lalə adını çəkən kimi, ağlıma onun çiçəyi ilə bağlı müxtəlif dillərdə dolaşan əfsanələr gəldi. Lalə çiçəyi, nə qədər kədər dolu əfsanələrlə bəzənsə də, qəm qarşısında məğrur dayanır. O, kədərli tale ilə mübarizə aparan, əzəmətini itirməyən bir qəhrəman qadın kimi gözlərimdə canlandı.

“Qırmızı xaş-xaş” əfsanəsində bu çiçək, iki sevənin qanından yaranır. Əmioğlu və əmiqızı bir-birini sevirmişlər, lakin qızın atası onu başqasına nişanlayır. Sevgililər, bu maneəyə rəğmən, görüşməyə davam edirlər. Bir gün nişanlısı onları birlikdə görür. İki gənc, sevgilərinə qovuşa bilməyəcəklərini anladıqda, özlərini uçurumdan atırlar. Nişanlısı da onları izləyir və özünü günahkar bilib, o da uçurumdan atlayır. Uçurumun dibində, qırmızı ləçəkli, qara xallı bir çiçək bitir. Əfsanəyə görə, qırmızı ləçəklər sevənlərin qanından, qara xallar isə nişanlının qanından yaranıb.

Lalə çiçəyi, qəmli bir hekayəni daşıyan, lakin kədər qarşısında boyun əyməyən bir gücdür. Elə bu güc məndə həmişə Lalə çiçəyini güclü qadın obrazı ilə əlaqələndirib. Boynunu bükməyən, qürurunu itirməyən, dərin bir kədər daşısa da, rəngi solmayan simvol kimi. Bax, mənim qarşımdakı yeni pasiyentim Lalə də, elə bil bu obrazı canlandırırdı.

- Çox gözəl adınız var, Lalə xanım. – dedim.

Təşəkkür edib əlavə etdi.

- İcazənizlə özüm haqqında qısa məlumat verim: Adım Lalə, otuz üç yaşım var. İncəsənət Universitetinin birinci kurs tələbəsiyəm. Gələcəyin dizayner xanımıyam, – dedi, qürurla.

- Bu çox gözəldir! Demək ki, istedadlı xanımsınız. Diqqətimi çəkən məqam isə odur ki, otuz üç yaşında olduğunuzu və universitetə yeni qəbul olduğunuzu vurğuladınız. Bu addımınız məni təsirləndirdi. Sizi təbrik edirəm. Mübarizə aparan qadınlarımızı gördükcə, qürur hissi keçirirəm.

Lalə bu sözlərdən kövrəldi. Səsini bir az yavaşladaraq dedi:

- Mənim üçün heç də asan olmadı. Bunu bacarmaq çox çətin idi.

- Necə oldu ki, bu yaşda oxumaq qərarına gəldiniz? – deyə maraqla soruşdum.

- Hər şeyi ən başdan danışmaq istərdim. – dedi.

- Əlbəttə, buyurun. Sizi dinləyirəm.

Lalə, dərin bir nəfəs aldı. Sanki danışacağı hekayə, içində uzun müddət saxladığı, onu yoran bir yük idi. Gözlərindəki qığılcım indi bir az daha qüssəli idi. Onunla danışdıqca bu sirli qızın həyatı haqqında çox şey öyrənəcəyimi hiss edirdim.

Lalə başını aşağı salıb bir nöqtəyə baxaraq, elə bil o anı yenidən yaşadı.

- Məktəbi bitirəndə, ailəmə dizayner olmaq istədiyimi dedim. Onlar bu istəyimə qarşı çıxdı. Xüsusilə də atam...  Əvvəlcə heç nə demədi, amma sonradan anamla olan danışıqlarını eşitdim. Ona deyirdi ki, “Sən qızına düzgün tərbiyə verməmisən. Bircə dizaynerimiz çatmırdı. Harada görülüb ki, qız da ev dizaynı ilə məşğul olsun.” Halbuki, mən geyim dizayneri olmaq istəyirdim… – gözləri uzaqlara dalaraq sözlərini bitirdi.

- Bəs niyə bu arzunuzu atanızla bölüşmədiniz? Bəlkə belə olsa, icazə verərdi. – deyə maraqlandım.

- Eh, siz atamı tanımırsınız. O qədər inadkar biridir ki, bir qərar verdikdə onu dəyişdirmək mümkün deyil. Mən onun dediyinə zidd hərəkət etməsəm belə, yenə də sözündən geri dönən biri deyildi. – deyə başını aşağı salıb susdu.

- Bəs onlar hansı istiqamətdə təhsil almağını istəyirdilər? Bu sahədə təhsil ala bildinizmi? 

- Həkim olmağımı istəyirdi. Xeyir, imtahandan kəsildim. Bu, mənim üçün ayrı bir dərd oldu. Atam sözdə mənə heç nə deməsə də, hərəkətləri ilə hər şeyi deyirdi. İmtahandan kəsildiyimi biləndə, ən çox anama görə narahat oldum. Atamın, yenə də anama tənə edəcəyini bilirdim.
Elə də oldu. Axşam atamın qışqırıqlarını eşitdim. Anam isə yazıq-yazıq deyirdi: “Uşaq indi eşidəcək…” Mən eşitdikcə daha çox pis olur, heç kimə deyil, yalnız özümə qəzəblənirdim. Özümü ailəmə və cəmiyyətə yararsız biri kimi hiss edirdim. Hətta intihar haqqında düşünmədiyimi desəm, yalan olar. Amma anamın fədakarlıqları gözümün önünə gəldi. Çəkdiyi əziyyətləri düşünərək, ona növbəti dərdi yaşatmaq istəmədim. Sonra isə... “Qız oxumadısa, ərə vermək lazımdır!” – deyib, kinayə ilə gülümsədi.

- Atan bu seçiminizdə də, müdaxilə etdi?

- Yox, amma çox gənc idim, seçimimin doğru olduğuna inanmışdım. Evlənəcəyim insan mənə özünü nağıllardakı ağ atlı şahzadə kimi göstərmişdi. Atam üçün isə yalnız bir şey vacib idi. Qızını namusla, hörmətlə köçürdüyünü hər kəsə göstərmək. Mənim nə hiss etdiyim onun üçün əhəmiyyətli deyildi.

- Ailə quranda neçə yaşınız var idi?

- Mənim iyirmi, yoldaşımın isə iyirmi dörd yaşı var idi. Əvvəlcə gizlicə danışırdıq. O, atama bənzəmirdi. Çox fərqli, anlayışlı və nəzakətli idi. Amma ailə qurandan sonra hər şey dəyişdi…

- Necə dəyişdi? Dəyişiklik nədə idi?

- Biz ilk tanış olanda, oxumaq arzumu ona demişdim. Hətta ona çəkdiyim paltar eskizlərini də göstərmişdim. O da çox bəyənib mənim istedadlı olduğumu demişdi. Hətta ailə qurandan sonra, mənə təhsil almağa dəstək olacağını vəd etdi. Mən də ona inandım. Özü də ali təhsilli, peşəsi kompüter üzrə mütəxəssis idi. Onunla özümü çox dəyərli hiss edirdim… 

Lalə bunu deyərkən, səs tonunda kövrəklik hiss olunurdu. Gözlərindəki parıltı sönməyə başlamışdı, çünki qarşısında gözləntilərini tamamilə dəyişən bir reallıq dayanırdı. 

- Ailə qurandan sonra hər şey dəyişməyə başladı. İlk üç-dörd ay, çox gözəl idi. Hər şey yeni, maraqlı idi. Özümü rahat və hüzurlu hiss edirdim. Bir gün ona yeni eskizlərimi göstərdim. Universitetə hazırlaşmağa başlamaq istədiyimi deyəndə, o anlı-şanlı Samir, güldü. Dedi ki, “Nə eskiz, nə universitet? Artıq evli qadınsan, məsuliyyətlərin var. Ev işləri, yemək bişirmək sənin öhdəndədir. Atanın evində edə bilmədiklərini burada etməyə çalışma. Gecdir. İndi sənin uşağa baxmaq vaxtındır, universitet oxumaq yox. Mən səni almamışam ki, alim olasan!” – deyəndə, dünya başıma yıxıldı.

Gözlərindən yaşlar süzülməyə başladı, amma dərhal özünü toplamağa çalışdı.

- Lalə xanım, sakitləşin. Daha sonra davam edərsiniz – dedim. Onu incitmək istəmirdim.

Lalə susdu, sonra göz yaşlarını silib, özünü ələ alaraq davam etdi:

- O sözləri eşidəndə, bütün ümidlərim məhv oldu. Atama oxşatdım onu. Atam, anamı necə kiçik görürdüsə, Samir də məni kiçildirdi. Atam bizim arzularımızı necə heç sayırdısa, Samir də eyni ilə belə davrandı.

- Deməli, Samir sizin həyat yoldaşınızdır, – deyə sual verdim. O isə başı ilə razılıq bildirdi.

- O işə gedirdi, mən də tez ev işlərini bitirib, dərs oxumağa, yeni eskizlər çəkməyə davam edirdim. Aylar keçdikcə, Samir məndən soyumağa başladı. O soyuduqca mən kitablara daha çox bağlanırdım. Ailə həyatını belə təsəvvür etməmişdim.

- Bəs siz necə bir ailə modeli düşünürdünüz?

- Mən tam fərqli düşünürdüm… Fikirlərimə dəyər verən bir adamla evləndiyimi sanırdım. Bir il yarım boyunca çox yeri gəzib, sonra uşaq haqqında düşünəcəkdik. Mən də işə girəcək, axşam evə birlikdə gələcəkdik... Amma bunlar boş ümidlər imiş, – deyə dərindən köks ötürdü.

- Lalə xanım, fərqindəsinizmi, ideal ailə modeli sadəcə kinolarda mövcuddur və çox vaxt şişirdilir? Real həyatda hər şey gözlədiyimiz kimi olmur. Gözləntilər nə qədər yüksək olsa, qırılan ümidlər də o qədər böyük olar. Həyatı olduğu kimi qəbul edib, çətinlikləri ilə bağlı bir az daha realist yanaşmağa çalışmaq lazımdır..  

- Amma mən belə istəmirdim… Hələ biz… Bilirsiniz necə idi? – tərəddüdlə dedi.

- Sözün düzü, əvvəl intim həyatımızda hər şey yaxşı idi. Samir mənə qarşı çox nəzakətli idi. Amma bir gün, uşaq istədiyini dedi. Mən isə razı olmadım. Hələ gəncliyimi yaşamaq, gəzib əylənmək istəyirdim. İnadlaşdıqca o daha da sərtləşirdi… – hıçqıraraq ağlamağa başladı.

Mən ona sakitləşməsi üçün bir stəkan su uzatdım. Bir neçə qurtum içib nəfəsini dərib titrək səslə davam etdi:

- Mənim razı olmamağıma baxmayaraq, o məni zorakılıqla hamilə qoydu… Bəli, zorakılıqla... O, evdə olmurdu. Mən isə hamiləliyimi çox ağır keçirirdim. Yerimdən qalxa bilmirdim, halım yox idi. Bir tərəfdən də, beynimdəki o fikirlər məni rahat buraxmırdı. Dərslərimi oxuya bilmirdim. Elə bilirdim kitablarım məndən inciyir. Hamilə qaldığım üçün, özümü cəzalandırırdım. Bir növ ac qalaraq, Samirdən ala bilmədiyim intiqamı uşaqdan alırdım. Güzgüyə baxanda o gözəl, baxımlı qadın getmiş, yerinə göz altı şişmiş, qaralmış birini görürdüm. Samir isə mənə baxmırdı. Bircə dəfə də olsa gözəl söz demirdi.

Lalənin içində elə bir ağrı vardı ki, o, hər bir sözündə hiss olunurdu.

- Mən ümidsiz idim, ancaq hər gecə yuxularımda ali məktəbə qəbul olduğumu görürdüm. Bir dəfə, elə yuxuda hər kəs məni təbrik edirdi. Səhər oyananda özümə söz verdim ki, nə olursa olsun, dərslərimi oxuyacağam. Kitablarımı açıb dərslərə başladım. Testlər həll edəndə öz aləmimdə olur, dünyadan uzaqlaşırdım. Amma bir gün, Samir gəlib mənim dərs oxuduğumu gördü. Bunu öyrənəndə çox qəzəbləndi… Dərsliklərimi cırıb parçaladı, sanki kinini kitablarımdan çıxırdı. Amma bu ona bəs etmədi. Məni döydü… Yerə yıxıldım… O isə qarnıma təpiklə vurmağa davam etdi…

Lalənin hıçqırtıları otağı bürüdü. Onun yaşadıqları hər kəsi sarsıdacaq dərəcədə ağır idi. Lalə danışdıqca hər cümləsində dərd, acı və qəzəbi açıqca hiss olunurdu.

“Sən qudurmusan deyəsən, məni saymırsan!” – dediyi anlarda, bədənindəki gərginliyi görürdüm. Ərinin ona dediyi hər söz, elə bil ürəyinə ox kimi batırdı. Samirin kinayə ilə işlətdiyi “bisavad” ifadəsinin, onu necə də mənən sarsıtdığını hiss edirdim. Bu insan, öz ağrısının qaynağını birgə yaşadığı adamın sözlərində və hərəkətlərində tapırdı.

“Mən həmin an ağrıdan qıvrılırdım. Özümdən ixtiyarsız, “İlahi, mən kiminlə evlənmişəm? – dedim.

Gözlərindəki yaşları saxlamağa çalışsa da, səsi titrəyirdi. Onun qanaxmaya düşdüyünü, tək və aciz qaldığını təsəvvür etmək ürək parçalayan bir səhnə idi.

- Huşumu itirdiyim andan sonra nə baş verdiyini bilmədim. Xəstəxanada ayılanda qarşımda qarayanız, iri gözlü tibb bacısını gördüm. Həyatla ölüm arasında bir addım məsafədə qalmışdım. Tibb bacısı mənə “Təkcə sizi xilas edə bildik” – deməsi, məni sağ qaldığıma sevinməyə məcbur etsə də, “təkcə” sözü hər şeyi dəyişdi. Bu cümlə, içimdəki bütün hissləri bir anda darmadağın etdi.

Gözlərindən süzülən yaşlar, bir tərəfdən yaşadığı itkinin acısını, digər tərəfdən içindəki yaranmış boşluğu göstərirdi. Onu sual verərək rahatlatmaq istədim:

- Axı siz bu uşağı istəmirdiniz… Bəs niyə ağlayırsınız?

Lakin sualımın cavabını ala bilmədən qapı açıldı və konsultasiyamızın vaxtının bitdiyi xəbər verildi. Lalə, göz yaşlarını silib, sakitcə təşəkkür edərək, otağı tərk etdi.

Ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Az sonra Lalənin binadan çıxıb uzaqlaşdığını gördüm. Onun arxasınca baxarkən yerişi diqqətimi çəkdi – cəld, zərif və inamlı idi. Yol boyu gedərkən hər kəs ona baxırdı. Onun cazibəsi sanki bütün diqqətləri üzərinə çəkirdi. Hər addımında bir məğrurluq, bir zəriflik vardı. Baxdıqca elə bil onlar da gözəlliyin sehrinə qapılırdılar. Həmin an, mənə Lalənin əzabları yox, onun daxili gücü və cazibəsi göründü.

Bir az sonra digər pasiyentim içəri daxil olduğu üçün, yerimə əyləşdim. Onun da həyatı müxtəlif çətinliklərlə dolu idi. Seansın vaxtı bitdikdən sonra, qəhvə içmək üçün aşağı düşdüm. Hələ günün birinci yarısı olmasına baxmayaraq özümü gərgin hiss edirdim. Bəlkə də bu, pasiyentlərimin həyatının mənə təsirindən qaynaqlanırdı. Yorğun olsam da, işimə davam etməli idim. Çünki hələ qarşıda dinləməli olduğum daha iki pasiyentim var idi.

Qəhvəmi içdikdən sonra, iş yoldaşlarımla günorta yeməyi üçün yaxınlıqdakı restorana getdik. Nahar fasiləsindən qayıdanda artıq digər pasiyentim məni gözləyirdi.

Beləcə daha iki pasiyentimlə söhbət edib, iş saatımı yekunlaşdırdım. Nəhayət evə getmək vaxtı gəlib çatmışdı.

 

***

Evə çatanda yorğun olsam da, anamın hər zamanki kimi gülər üzlə qapını açması, bütün gərginliyimi apardı. Atam, Birinci  Qarabağ müharibəsində şəhid olmuşdu. Anam iki qızını, tək başına böyütmək məcburiyyətində qalmışdı. Həyat yolunda nə qədər əzablar, sınaqlar yaşasa da, öz gücü, məğrurluğu ilə öhdəsindən gəlib.

Hər dəfə danışanda hiss edirəm ki, dul bir qadın üçün iki övlad böyütmək nə qədər çətin olub. Bacım ailə qurub, sonra Green Card qalibi olaraq Amerikaya köçdü. Anamı da özləri ilə aparmaq istədilər, amma anam bir yandan vətənini tərk etmək istəmədi, digər tərəfdən də mənimlə olmağı seçdi. Çünki həm ev işlərində, həm də işimdə mənə çox dəstək olur.

Mənim isə iki övladım var: bir oğlum və bir qızım. Yoldaşım, başa düşən və ailəcanlı bir insandır. Təhsilimi davam etdirməyimdə, işləməyimdə böyük dəstəyi olub. Hər zaman mənə inam verib, ruhlandırıb.

Bəzən işdə çox yoruluram, evə gəlib: “Artıq işləməyəcəm, insanlara dinlədikcə özüm pis oluram.” – deyib şikayətlənsəm də, o, işimin mənəvi dəyərini xatırladır, əziyyət çəkməyin gözəlliklərindən danışır, yenidən güc tapmağıma səbəb olur. Tərəddüd etmədən, həyatdakı ən doğru seçimim həyat yoldaşımdır deyə bilərəm.

Evin içinə addım atan kimi oğlum məni qucaqladı.  Onu öpüb bağrıma basdım, sonra isə qızımın yanına keçdim. Onu həmişə “Sünbülüm” deyə çağırıram; atası adını Zəhra qoysa da, mən Sünbül çiçəyinə olan sevgimdən dolayı ona bu cür səslənirəm. Sünbülüm məni görəndə üzündə güllər açılır, ürəkdən gülüşü ilə qucağıma can atır. Onu bağrıma basdım, əzizlədim. Təmiz qoxusu mənə həyat verdi. Birlikdə axşam yeməyimizi yedik.

Yoldaşım işi ilə bağlı səfərdə idi. Oğlumu yatırtdıqdan sonra, kiçik qızımı da, yatırtmağa başladım. Həmin an,   pasiyentim Lalənin, övladı ilə bağlı acı hekayəsi gözümün önünə gəldi. Təsirləndim, göz yaşlarımın süzülməsinə mane ola bilmədim.

“Allah heç bir insanı övladları ilə sınağa çəkməsin.” –  deyə ürəyimdə dua etdim. Beləcə, o ağır hisslərin arasında yuxuya getdim.

 

***

Günlər sürətlə axıb keçirdi. Mən hər gün işə gedir, müxtəlif insanlarla söhbətlərə davam edirdim. Bunlara həm yeni, həm də köhnə pasiyentlərim daxil idi. Dinlədiyim hər həyat hekayəsi məni təsirləndirir, qəlbimdə iz buraxırdı.

Bu səhər işə gələndə ilk pasiyentim Lalə xanım idi. O, tam vaxtında qapını döydü. İçəri girəndə gülümsədi.

- Xoş gəlmisiz, Lalə xanım, – deyə onu salamladım.

- Təşəkkür edirəm, xoş gördüm.  – Səsində rahatlıq vardı. İlk görüşümüzdəki söhbətin ona təsir etdiyi açıq-aşkar görünürdü.

- İlk söhbətimizdən sonra, özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı. Hətta yaşadıqlarımı bircə-bircə danışmaq üçün səbrsizlənirəm. Bura ilk gələndə içimdə bir həyəcan var idi. Görüşdən sonra isə elə bil, ruhum azadlığa çıxdı, – deyə, Lalə gözlərində parıltı ilə danışdı.

- Nə gözəl! Sizin həyat hekayəniz mənə də çox maraqlıdır. İcazənizlə, söhbətimizə davam etməzdən əvvəl sizə bir neçə sual ünvanlayım.

- Əlbəttə, buyurun.

- Hər bir insanın qorxuları var. Yəqin ki, sizin də olub. Onlarla üzləşməkdən qorxmusunuzmu?

Lalə, danışmağa başlamadan əvvəl fikirlərini toplamaq üçün bir qədər susdu. Danışmağa başlayanda səsi əvvəlkindən daha əmin və sakit idi:

- Mənim ən böyük qorxularım, yaşadığım uğursuzluqlar və ümidsizliklərdən yaranmışdı. Elə bil, heç vaxt təhlükəsiz, rahat bir yer tapa bilmirdim. Daim özümü boşluqda hiss edirdim. O boşluq məni yavaş-yavaş udurdu, – deyib gözlərini bir nöqtəyə dikdi. Sanki o boşluq indi də, onun qarşısında dayanmışdı.

- Necə başa düşməliyik bu boşluğu?

- Bilirsiz, hər dəfə bir şeyə nail olmaq istəyirdim. Bir ümidim olurdu, amma sonra o ümidlərim məhv edirdilər. Məktəbi bitirib dizayner olmaq istəyirdim, ailəm mane oldu. Evləndim, başqa bir ümidim oldu – oxumaq və işləmək istəyirdim. Bu səfər yoldaşım maneə oldu. O da məni məhv etdi. Hər dəfə kimsə mənim arzularımı əzdi, ümidlərimi aldı, məni daha dərin bir boşluğa itələdi. Oradan çıxmağa cəsarətim çatmırdı. Qorxurdum. – deyə, Lalə səsini bir qədər alçaltdı. Gözlərinin dərinliklərində yaşadığı o qorxuların kölgəsi yenidən görünməyə başladı.

- Amma bir gün özümdə o cəsarəti tapdım. Bu boşluğa davamlı batmağa dözə bilmirdim. Qorxularımla üzləşməli oldum. Onların öhdəsindən gəlməsəm, heç vaxt yenidən ayağa qalxmayacağımı anladım.

Marağım artmışdı. Lalənin gözündəki o qətiyyət məni onun hekayəsinə daha çox çəkirdi.

- O cəsarəti necə tapdınız? Nə oldu ki, qorxularınızla üzləşmək qərarına gəldiniz?

Lalə bir az düşündü, sonra yavaş-yavaş danışmağa başladı:

- Əslində hər şey o qədər ağırlaşmışdı ki, artıq daha dərinlərə gedə bilməyəcəyimi hiss etdim. Uşaq itkisi, yoldaşımın zorakılığı, arzularımın yerlə yeksan olması… Bunlar məni o qədər əzdi ki, sonunda düşündüm: “Bu mən deyiləm! Bu mənim yaşamaq istədiyim həyat deyil!” Elə bil, bir anlıq o qorxu mənə güc verdi. Çünki daha itirəcək bir şeyim qalmamışdı. Özümü itirdiyim üçün, qorxuma qalib gəlməkdən başqa yolum yox idi.

- Demək istəyirsiz ki, qorxularınız sizi böyütdü? –onun üzündəki ziddiyyəti anlamağa çalışaraq soruşdum. 

- Bəli, qorxularım məni böyütdü. Mən onları məğlub etmədim. Sadəcə onlarla barışdım və onların içindən güc tapdım. Qorxularım əslində mənə yol göstərdi. Mən bu həyatda çox şey itirdim, amma bir şeyi qazandım – özümü.

Bu cavab onun daxili mübarizəsinin nə qədər dərin və çətin olduğunu göstərirdi. Lalənin keçmişdə yaşadığı ağır təcrübələr onu sıxsa da, o bu sınaqlardan qalib çıxmağı bacarmışdı. Onun hekayəsi təkcə travmalardan ibarət deyildi; bu hekayədə güc, özünüdərk və yenidən doğuluş vardı.

- Bilirsiz, – deyə sözümə davam etdim, – qorxular iki növ olur: xeyirli və zərərli. Sizin danışdıqlarınıza əsaslanaraq deyə bilərəm ki, siz zərərli qorxularla mübarizə aparmısınız. Çox insanlar bu cür ağır qorxuların öhdəsindən tək başına gələ bilmir. Amma siz bunu bacarmısınız. Güclü bir qadınsınız. Buna görə, sizi təbrik edirəm.

Lalənin üz ifadəsində məmnuniyyət, gözlərində qürur hissi sezilirdi.

- Təşəkkür edirəm.

- Bəs xəstəxanadan çıxandan sonra nələr oldu?

Bu sualım onun simasında yenidən ağrılı bir düşüncənin izlərini ortaya çıxardı.

- Uşağımı itirəndən sonra həyatım tamamilə alt-üst oldu, – deyə Lalə səsi titrəyərək sözə başladı.

-  Onsuz da çox çətin dövrlərdən keçirdim, amma o itki… O itki mənə son zərbəni vurdu. Bir müddət özümə qapandım. Yatağımdan qalxmaq belə istəmirdim. Güzgüdə özümə baxmaq? Yox… Laləni görməkdən nifrət edirdim. Elə bil, dərd məni dizə gətirmişdi. Gözlərimin altı şişmişdi, dərin qırışlarla örtülmüşdü. Ağlamaqdan gözlərim yorğun və solğun görünürdü.

Sözünə ara verib, sanki bir anlıq keçmişdə ilişib qaldı. Sonra davam etdi:

- Hərdən düşünürdüm, görəsən, “Qızın taleyi anasının taleyinə bənzəyir” misalı mənim həyatımda da öz əksini tapır? Anam da çox zülmlər çəkib, əziyyətlərə dözərək həyatını fədakarlıqla yaşayıb. Atam kimi narsist insana hələ də dözür.

Atam haqqında, hər kəs mənə bəxtəvər olduğumu deyirdi. Çünki kənardan baxanlar üçün o, ailəsini hər şeydən üstün tutan, fədakar bir insan kimi görünürdü. Ancaq həqiqət bu görünüşdən çox uzaq idi. Evimizdə anamın söz haqqı yox idi. O, nə geyinəcəyindən tutmuş, öz həyatı ilə bağlı ən xırda qərarlarına qədər hər şeyi atamın iradəsinə tabe edirdi. Anam heç vaxt etiraz etməz, susub razılaşardı. Atamın, anamı fiziki zorakılıqla incitdiyinə şahid olmamışdım, amma onun acı dili vardı. Heç bir şey onu razı sala bilməzdi.

Bir dəfə, Yeni il günü ailə dostlarımızdan birinin evinə qonaq getmişdik. Təbriz əmi – atamın ən yaxın dostlarından biri – çox savadlı, alicənab insan idi. Onun hərəkətlərində və danışığında bu xüsusiyyətləri açıq-aydın görünürdü. Atam isə nə qədər çalışsa da, Təbriz əmi kimi biri olmadığını hər hərəkətində hiss etdirirdi. Ola bilsin, bunu yalnız mən görürdüm, çünki atamın həqiqi xarakterini yaxşı bilirdim.

Həmin gün, uşaqlığımın ən ağır travmalarından birini yaşadım. Təbriz əminin sənətkarlıq bacarığı heyranedici idi. Rəsmlər çəkir, məscidlərin, evlərin, hətta maşınların maketlərini hazırlayırdı. Mən də bu işlərə həvəs göstərirdim. Onunla ortaq maraqlarımız olduğunu düşünürdüm. Çəkdiyim rəsmləri və geyim eskizlərini həmişə atamdan gizli aparar, ona göstərərdim. Təbriz əmi səhvlərimi göstərər, mənə daha yaxşı çəkə bilməyim üçün məsləhətlər verərdi. Həmin gün də çəkdiklərimi götürüb aparmışdım. Atamın telefonla danışmaqla məşğul olduğunu görüb, fürsətdən istifadə etdim və rəsmlərimi Təbriz əmiyə göstərdim. O, yenə də mənim istedadımı təriflədi, bir neçə məsləhət verdi. Ancaq tam o anda, arxamda bir kölgə hiss etdim. Arxaya dönəndə atamın sərt və qəzəbli baxışları ilə qarşılaşdım. Sözlər boğazımda düyünləndi, ayaqlarım yerə mıxlandı, hərəkət edə bilmədim. Yanımızda Təbriz əminin qızları – Günel, Aydan, və oğlu Ayaz da var idi. Onlar da sakitcə olanları izləyirdilər.

Atamın baxışlarında yaranan gərginliyi hiss edən Təbriz əmi, vəziyyəti yüngülləşdirmək üçün dedi:

- Lalə, qızım sən keç qızlarla söhbət et. Mən atanla bir az dərdləşim.

Hərəkət etməyə çalışdım, amma atam sərt səslə:

- Dayan, Lalə! – deyə məni saxladı. Sonra əlindəki rəsmləri alıb iki yerə bölərək yarısını mənə qaytardı və soyuq bir tonda: - İndi gedə bilərsən, – dedi.

O an özümü dünyadakı ən zəif, gücsüz və aciz insan kimi hiss etdim. Atamın məni başqalarının qarşısında alçaltması mənim şəxsiyyətimə, özümə olan inamıma çox ağır təsir göstərdi. Hətta anam belə məni müdafiə etmədi. Əlimi üzümə tutub, göz yaşlarımı gizlədə-gizlədə başqa otağa keçib doyunca ağladım.

O hadisə mənim daxilimdə sağalmayan bir yara kimi qaldı. Atamın davranışı, məni başqalarının yanında alçaltması və anamın susqunluğu mənim bir sağlam bir fərd kimi formalaşmağımda dərindən iz buraxdı. Bilmirəm, anam özünü bizəmi qurban etdi, yoxsa qorxularınamı təslim oldu. Amma uşaqlıqdan ona baxanda “Mən sənin kimi olmayacağam!” deyirdim. Deyəsən mən də eyni yol ilə gedib, anam kimi olurdum… Çox şükür ki, bu uzun çəkmədi. Özümü itirmədim, güclü ola bildim.

Lalə, gözlərini pəncərədən uzaqlara dikdi, sonra sözlərinə davam etdi.

- Xəstəxanadan qayıdanda evə getmək istəmirdim, amma anamın yanına da, gedə bilməzdim. Öz evimə qayıtdım… – deyərkən birdən acı kinayə ilə güldü. – Öz evim? Mən hansı evdən danışıram axı? Mənim həyatımın ən gözəl illərini oğurlayan, məni əsir kimi saxlayan bir yer. Daha doğrusu, cəhənnəm ocağı.

Bir anlıq otaqda yaranan səssizlik sanki onun qəlbinin harayı idi. Keçmişdə qalan ağrılı xatirələrini dilə gətirməyə davam etdi.

- Evə girəndə otağımdakı kiçik yazı masasına yaxınlaşdım. Kitablarım orada idi. Amma kitablar… kitablar sanki məndən küsmüşdü. Vərəqləri hər tərəfə səpələnmişdi. Əyilib yığmaq istədim, amma əllərim hərəkət etmirdi. Elə bil donmuşdum.

O, başını əyib, səsinin tonunu aşağı saldı.

- Yerimə uzanıb balışı qucaqladım və boş baxışlarla bir nöqtəyə zilləndim. Eləcə yatıb qaldım… Səhər gözlərimi açanda başımın üstündə anamı gördüm. Bir bilsəniz necə sevindim! Onu möhkəm qucaqladım, o qoxunu, doğmalığı hiss etmək məni yenidən həyata qaytardı. Yalvarıb: “Ana, nə olar, məni də özünlə apar!” demək istədim, amma dilə gətirə bilmədim. Bilirdim ki, o məni özü ilə apara bilməyəcək. Mənim ata evinə qayıdışım onun da dərdini böyüdəcəkdi.

Lalənin gözlərində yaşlar parlayırdı.

 - Onu qucaqladım və təsəlli verməyə çalışdım: “Darıxma, ana, hər şey yaxşı olacaq.” – desəm də göz yaşlarım axırdı. Anam isə göz yaşlarımı silir, üzümü oxşayırdı. Hər toxunuşunda, sanki qəlbimdəki yaralara məlhəm sürürdü. Gün ərzində mənə baxır, axşamlar isə evə qayıdırdı. Bu hal bir neçə gün davam etdi. Amma ana nəvazişi… o nəvaziş, dərdin ən böyük dərmanıdır.

Lalə bir qədər sakitləşdi, sanki danışdıqca ürəyi boşalır, illərlə gizlənən ağrılar yüngülləşirdi.

- Bir az özümə gəlməyə başladım, amma hələ də içimdə bir boşluq var idi. İşləmək istəyirdim, nə isə etmək, yenidən ayağa qalxmaq istəyirdim. Amma insanlarla ünsiyyətdə olmaq mənə çox çətin gəlirdi. Elə bilirdim ki, cəmiyyət məni qəbul etməz. İnsanlar mənə baxıb, məni kiçildər, yenə də, dəyərsiz biri kimi görər. O vaxtlar öz güvənim tamamilə yox olmuşdu, həyat eşqim sönmüşdü. Bir şey etməliydim. Nə isə məni silkələməli, yenidən ayağa qaldırmalı idi.

Bir gün İnstagramda təsadüfən kitab satışı ilə məşğul olan bir səhifəyə rast gəldim. Həmin səhifədə paylaşılan kitablar arasında, bir kitab diqqətimi çəkdi: Dale Carnegienin “Dostları necə qazanmalı və insanlara necə təsir etməli”. Kitab haqqında rəyləri oxuyanda qərara gəldim: “Bu kitabı oxumalıyam!” Elə hiss edirdim ki, bu kitab məni həyata bağlayıb, yenidən özümə qaytaracaq. Dərhal səhifənin mesaj bölməsinə yazdım:

“Salam, bu kitabı sifariş vermək istəyirəm,” – deyərək kitabın şəklini göndərdim.

Bir neçə dəqiqə sonra cavab gəldi:

“Salam, əlbəttə. Çatdırılma hara edilsin?”

Əslində, bir az tərəddüd etdim. Çünki uzun müddətdir çölə çıxmırdım. Evimə kiminsə gəlməsi fikri isə məni gərginləşdirirdi. Amma yenə də cəhd etməliydim.

“Birbaşa ünvana çatdırılma edirsinizmi? Səhhətimlə bağlı evdən çıxa bilmirəm.” – yazdım.

“Ünvanı qeyd edə bilərsiniz?”

“Əlbəttə,” – deyə, ünvanımı yazdım. Bir neçə saniyəlik susqunluqdan sonra cavab gəldi:

“Əslində, bu qədər uzaq ünvanlara çatdırılma etmirik, amma xoşbəxtlikdən sabah həmin bölgədə işim olacaq. Saat 11:00-da sizin kitabınızı gətirə bilərəm. Uyğundurmu?”

Gözlərim sevincdən parladı. Mənə elə gəldi ki, həyatımda bir şeylər düzəlməyə doğru gedir. Dərhal cavab yazdım:

“Bəli, bəli, çox uyğundur! Çox sevindim, təşəkkür edirəm!”

Bu kiçik ünsiyyət belə mənə böyük bir ümid verdi. Gecə, həyəcanla səhərin açılmasını gözləyə-gözləyə yuxuya getdim. O qədər narahat idim ki, tez-tez oyanır, vaxtın nə qədər qaldığını yoxlayırdım. Nəhayət, səhər açıldı. Əvvəlcə ayağa qalxıb, otaqları gəzib Samirin evdə olmadığına əmin olmaq istədim. O, hər gün işə getmək üçün tezdən oyanıb, hazırlaşıb gedərdi. Səhər yemək yeməyi xoşlamırdı. Ona görə, onu işə yola salmağa ehtiyac da olmurdu. Bu vəziyyət elə mənim də ürəyimcə idi. Artıq saatın 11:00-a yaxınlaşdığını hiss edəndə ürəyim tez-tez döyünməyə başladı. Gözlədiyim vaxt gəlib çatdı və qapı döyüldü. Tez qapıya yaxınlaşıb açdım. Qarşımda gənc bir oğlan dayanmışdı.

- Salam, xanım, bu sizin sifarişinizdir? – deyərək əlindəki paketi mənə uzatdı.

- Bəli, təşəkkür edirəm.

Ödəniş edib, paketi alıb qapını bağladım. Paketin içində kitab vardı. Sanki xüsusi bir qayğı ilə bükülmüşdü. Hədiyyə kimi görünürdü. Bir anlıq düşündüm:

“Oğlan belə edib?”

Sonra dərhal özümə cavab verdim:

“Yox axı, əgər o olsaydı, niyə məndən ödəniş alırdı?”

Bütün bu suallar beynimdə fırlanarkən, nəhayət, qərara gəldim ki, bağlamanı açım. Paketi açanda içində kitabın üstünə yapışdırılmış bir qeyd kağızı gördüm. Kağızda yazılmışdı: “Ümid edirəm hədiyyən xoşuna gələr. Rüstəmdən sevgilərlə.” 

Yazını oxuyub, yerimdə donub qaldım. Bir qədər sonra, paketin içini axtarmağa başladım. Orada telefon nömrəsi yazılmış bir kağız tapdım.

Beynimdə suallar bir-birinin ardınca axmağa başladı: “Bu Rüstəm kimdir? Niyə mənə belə bir hədiyyə göndərsin?” Əvvəl kitabı gətirən oğlana yazmaq istədim. Sonra düşündüm ki, bu yaxınlarda işi olduğunu qeyd etmişdi. Yəqin ki, bir də geri qayıtmaz.

“Ən yaxşısı, burada yazılan nömrəyə birbaşa zəng edim, görüm məsələ nədir.” – deyə qərara gəldim. Axı durduq yerdə heç kim tanımadığı birinə kitab hədiyyə etməzdi, elə deyil?

Həyəcanla nömrəni yığdım. Ürəyimin ritmi sürətlənmişdi. Əlimdə telefonla o yan-bu yana hərəkət edirdim.

-  Alo? – Dəstəyin o başında səs eşidildi.

- Salam, bağışlayın, Kimlə danışıram? 

- Sizə kim lazımdır? – deyə cavab gəldi.

- Üzr istəyirəm, vaxtınızı alıram. Mən internetdən kitab sifariş vermişdim. Kitab çatdırılanda, hədiyyə şəklində bükülmüşdü. İçində də sizin nömrəniz olan bir qeyd kağızı vardı. Mən bu haqda soruşmaq istədim. Sizin adınız Rüstəmdir?

Bir anlıq sükut oldu, sonra Rüstəm sakit bir səslə soruşdu:

- Bəli, Rüstəmdir. Sizin də, adınızı öyrənə bilərəm?

- Lalə.

- Lalə xanım, çox üzr istəyirəm. Yəqin ki, bu işçilərin səhvi olub. Hazırda vacib bir iş görüşündəyəm, rahat danışa bilmirəm. İcazəniz olarsa, sabah sizinlə əlaqə saxlayaram, məsələni həll edərik.

- Əlbəttə, bir daha üzr istəyirəm. Uyğun olmayan vaxtda narahat etdim.

- Yox, narahat olmayın. Üzrə ehtiyac yoxdur. Sizə geri dönüş edəcəyəm, – deyərək Rüstəm bəy zəngi bitirdi.

 Dəstəyi asandan sonra bədənimi soyuq bir tər bürüdü. “Necə bu qədər rahat razılaşdım?” – deyə öz-özümə düşündüm. Birdən gözlərimi geniş açdım: “Bəs, Samir evdə olsaydı? Kitab aldığımı bilsə bunu böyük bir problemə çevirər.”

Telefonumun səsini alıb üstümdə saxladım. Səhər açıldı, ondan bir xəbər gəlmədi. Ardıcıllıqla keçən bu iki gün ərzində yenə ondan nə zəng, nə də mesaj gəldi. Hərdən kitaba nəzər yetirib, üstündəki qeydi oxuyub fikrə gedirdim...

Lalə, Rüstəm adını deyən kimi özümü qəribə hiss etdim. Görəsən bu sadəcə ad bənzərliyidir yoxsa o, mənim tanıdığım Rüstəmdir? Bu düşüncələr beynimdə fırlanmağa başladı. Lalə danışmağa davam edirdi. Mən artıq onun dediklərini eşitmirdim. Fikirlərim o qədər dərin idi ki, bir anlıq hər şeydən uzaqlaşmışdım. Birdən Lalənin səsi məni gerçəkliyə qaytardı:

- Humay xanım, məni eşidirsiniz?

Sanki yuxudan ayılmış kimi oldum:

- Hə, hə, eşidirəm. Buyurun.

- Yaxşısınızmı? Elə bil qəfil nə isə fikrə getdiniz.

- Bağışlayın, Lalə xanım. Buyurun, davam edin, sizi dinləyirəm.

- Əgər yorğunsunuzsa, davamını sonraya saxlayaq. Sizi yormaq istəmirəm.

Divardakı saata nəzər saldım. Seansın bitməsinə hələ 15 dəqiqə qalırdı, amma fikrim dağınıq idi. Lalə haqlı idi. İndi beynimdəki düşüncələr çox qarmaqarışıq idi. Onu diqqətlə dinləyə bilməyəcəkdim. Razılaşdım:

- Amma gələn seans 15 dəqiqə artıq qalarsınız. Beləliklə, sizə özümü borclu hiss etmərəm.

O, gülümsədi:

- Hə, yaxşı, Humay xanım. Necə məsləhət bilirsinizsə, elə edərik...

***

Digər pasiyentimin gəlişinə hələ bir saatdan çox vaxt var idi. Bu boşluğu dəyərləndirmək üçün, pəncərənin önündə əyləşib, kitabımı oxumağa qərar verdim. Köməkçim Tavat xanımdan, mənə bir qəhvə gətirməsini xahiş etdim.

Az sonra Tavat xanım, əlində qəhvə ilə içəri girdi. Kitab oxuduğumu görüb, qəhvəni masanın üstünə qoyub sakitcə otaqdan çıxdı. Qəhvədən bir qurtum içdim. Qəhvə bədənimə yayılan bir enerji dalğası gətirdi, məni gümrahlaşdırdı.

Növbəti pasiyentlərimi diqqətlə dinləyib, onları yola saldıqdan sonra evə üz tutdum. Ailəmlə bir az vaxt keçirdikdən sonra, yorğun bədənimi yatağa atıb dərin yuxuya qərq oldum. 

 

(Sabah sizlərə 3-cü hissə tədim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.