Könül Əlizadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizin çox bəyəndiyiniz rubrika uzun fasilədən sonra yenidən görüşünüzə gəlib. Bu dəfə də rubrikamızda tez-tez görüşdüyünüz Əlizadə Nurinin şeiri ilə tanış olacaqsınız. Sevən sevdiyi üçün nələrə qadirdir? Mərhum aktyorumuz Haclıbaba Bağırov “Alma almaya bənzəyər” filmində vurulduğu qadına “İsətyirsən səninçün göydən ulduz qoparım, istəyirsən səninçün texnikuma girim” deyir. Əlbət ki, bunlar imkansız şeylərdir və sadəcə, tamaşaçıda gülüş doğurur. Amma Əlizadə Nurinin şeirində metafora, mübaliğə əsl dramatizm, lirizm, hiss və həyəcan fonunda verilir və həqiqətən də oxucu inanır ki, sevən sevdiyi üçün dönüb ağac olubdur...
Xoş mütaliələr.
ƏLİZADƏ NURİ,
“DÖNÜB BİR AĞAC OLDUM”
Gördüm ki darıxırsan
Adamların yanında,
Tək sənin yaşadığın
Təzə ölkə yaratdım!
Çiçəklər əllərini
Qoxlamağa gəlibmiş,
Tələsən çiçəkləri
Yığıb cərgə yaratdım.
Hər gün "günah" eyləyib-
Əsir düşdüm mən sənə.
Bu "əsir "günlərimdən
Bir düşərgə yaratdım...
Ağac kölgəsinə də,
Qısqanırdım mən səni-
Dönüb bir ağac oldum
Özüm kölgə yaratdım...
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


