Üfüqdə doğan Şirvani günəşi - Mir Kamil Ağazadənin yeni romanı təqdim olundu Featured

NailZeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

8 may tarixində Bakının mənəvi mühitinə yeni bir kitab nəfəsi gəldi. "Libraff" kitab mağazaları şəbəkəsinin "Park Akademiya" filialında gənc və istedadlı şair Mir Kamil Ağazadənin "Üfüqdə bir şəhər" romanının təqdimat mərasimi keçirildi. Klassik irsimizin böyük siması Seyid Əzim Şirvaninin ömür yolunun ən həssas və sirlərlə dolu bir məqamına işıq tutan bu əsər, elə ilk dəqiqələrdən paytaxtın ədəbi mühitini bir araya topladı.

 

Sözün sehri və tarixin izi ilə

Tədbirin aparıcısı Həsən Fəttan qonaqları salamlayaraq, Mir Kamilin yaradıcılığındakı özünəməxsusluqdan və tarixi mövzuya müraciətin məsuliyyətindən bəhs etdi. Onun təqdimatında mərasim həm rəsmi, həm də səmimi bir dialoq müstəvisinə keçdi.

Gecənin ilk və ən yaddaqalan çıxışlarından birini xalqın sevimli yazıçısı, tanınmış qəzəlxan İlqar Fəhmi etdi. O, "Üfüqdə bir şəhər" romanını müasir nəsrimizdə tarixi yaddaşa qayıdışın uğurlu nümunəsi kimi dəyərləndirdi.

Daha sonra söz alan Pərviz Seyidli, romanın oxucu üçün həm də maarifləndirici tərəflərinə diqqət çəkdi. O qeyd etdi ki, bu kitabın ərsəyə gəlməsində Mir Kamillə tez-tez müzakirləri olub.

Tədbir boyu çıxış edən digər qonaqlar – Kamal Hüseynzadə, Nadir Yalçın, Həsən Lütfi və Səddam Laçın da öz növbələrində Mir Kamil Ağazadənin yaradıcılıq yoluna nəzər saldılar. Onlar vurğuladılar ki, gənc nəslin klassiklərimizə, xüsusilə S.Ə. Şirvani kimi nəhəng bir simaya olan bu marağı ədəbiyyatımızın gələcəyi üçün ümidvericidir. Çıxışlardan xüsusilə şair Həsən Lütfinin, Ustadi-ə'zəm Hacı Seyyid Əzim Şirvanidən oxuduğu bu misralar ən təsirlisi idi.

 

Var idik ol ləhzə kim, yox idi ərzü asiman,

Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq?

 

*

 

Yoxdur, ey arami-can, sənsiz vücuda bir əsər,

Fe'l özün, fail özün, biz nə günahkar olmuşuq?

 

İçmişik xümxaneyi-əhbəbtü camından şərab,

Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.

 

Hər çıxışda "Üfüqdə bir şəhər"in yalnız Qahirə mühitini deyil, bütövlükdə insan ruhunun üfüqlərini əks etdirdiyi vurğulandı.

Tədbirdə iştirak edən digər tanınmış ziyalılar, gənc qələm dostları və oxucular müəlliflə kitab ətrafında maraqlı müzakirələr apardılar. Sonda Mir Kamil Ağazadə qonaqlara və dostlarına minnətdarlığını bildirərək, kitablarını oxucular üçün imzaladı.

"Libraff"ın divarları arasında yaşanan bu ədəbi bayram bir daha sübut etdi ki, həqiqi söz və səmimi qələm hər zaman öz ünvanını tapır. "Üfüqdə bir şəhər" artıq oxucuların ixtiyarındadır və görünən odur ki, bu şəhərin küçələri hələ çox ədəbi müzakirələrə ev sahibliyi edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.