Redaksiyanın poçtundan - Gültac Əliyevanın essesi Featured

 

Aynur İsmayılova,

 “Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Redaksiyanın poçtundan sizlərə təqdim edəcəyimiz növbəti məktub Gültac Əliyevadandır. O, “Loğmanım da var, dərmanım da” adlı essesini bizə ünvanlayıb. İlk baxışda nəzmə bənzəsə də bu, bir nəsr nümunəsidir, ğzündə də övlad sevgisini ehtiva edir.

Məncə, hər bir qadın öz övladlarını məhz bu cür sevməlidir.

 

Oğlumun gözləri loğmandır,

qızımın gülüşü dərman bu bəxtəvər canıma.

Mənimçün oğlumun gözlərində doğan günəş,

qızımın gülüşlərində şəfəq saçır.

Övladlarım — arzularımın cərəyanı,

mütləq həqiqətimdir.

Bir yaxınım dedi ki:

“Bəxtəvər cana nə loğman, nə dərman?”

Gülümsədim…

Dedim: “Elə loğmanım da, dərmanım da var deyə

bu bəxtəvərlikdir, əzizim.”

Mən o gözlərdə okeandan da dərin bir dünya gördüm.

O baxışlarda — bir ananın bütün yorğunluğunu unutduran

səssiz bir təsəlli vardı.

Zülmətdə yolumu işıqlandıran bir nur oldu o gözlər.

Ramiz Rövşən demişkən:

“Məni hər günahdan oğlum saxlayır...

Gözlərindən işıq düşür yoluma...”

Qızımın gülüşü ilə hüzur tapdı mənim kainatım.

Ruhum isindi —

o qəmzəli, o çılğın,

sevgi və xoşbəxtlik saçan gülüşlərlə.

Dünyamın ən gözəl səsinə çevrildi o gülüş.

Elə bir səs ki,

onun sədasında ruh da, can da qocalmaz.

Amma həyat yalnız bu anlardan ibarət deyil…

Mən bir anayam.

Hər kəsdə olduğu kimi, evin bütün mənəvi yükü çiyinlərimdədir.

Bəzən çox yoruluram…

Elə yoruluram ki,

olmaq istədiyim ana ilə

ola bildiyim ana arasında qalıram.

Qızımla kuklasının saçını daramağa,

ya da gizlənpaç oynamağa vaxtım olmur.

Deməsə də, hiss edirəm —

ürəyində qalan o balaca arzuları…

Bu isə məni ən çox incidən həqiqətdir.

Gecələr…

onlar yatanda səssizcə yaxınlaşıram.

Üzlərinə baxıram,

nəfəslərini dinləyirəm…

Qulağa dərman kimi gələn o sakit ahəng —

quş səsindən də, şəlalə şırıltısından da gözəl.

Ruhumun ən saf qidasıdır bu anlar.

Və o an…

çox fərqli duyğular yaşayıram…

özümü həm dünyanın ən güclü,

həm də ən zəif insanı kimi hiss edirəm.

Qorumaq istəyi mənə güc verir,

amma bir gün əlimin çatmayacağı anların olacağını düşünmək

içimdə səssiz bir qorxuya çevrilir.

Həmin an üz tuturam Yaradana…

Sözlərim olmur bəzən,

amma ürəyim danışır.

Ananın südü qədər saf, təmiz dualar keçir içimdən —

sanki yer də, göy də o sükutun içində dinləyir məni.

Və bütün bunların içində

yenə anlayıram:

mən bəxtəvərəm…

Çünki loğmanım da var,

dərmanım da.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.