“Dilimin nitqi susub, könlümün ilhamı gedib…” – Qəzəl saatı Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şair Həsənov Rəhim İntiqam oğlu 1995-ci il noyabrın 15-də Bakı şəhəri, Yasamal rayonunda Alatavada  anadan olmuşdur. O, təhsilinə Yasamal rayonunda yerləşən 13 saylı tam orta məktəbdə başlamış və 9-cu sinifədək orada oxumuşdur. Daha sonra təhsilini Sumqayıt şəhərində yerləşən Soltan Hacıbəyov adına Musiqi Kollecində davam etdirmiş, burada xalq çalğı nəfəs alətləri ixtisası üzrə 4 il təhsil almışdır. Rahim qələmini əsasən qəzəl janrında sınayır.

 

 

Gedib

 

Getmisən, sabit olan qəlibimin aramı gedib,

Dilimin nitqi susub, könlümün ilhamı gedib.

 

Sən gedəndən bu könül süfrəmizin tamı gedib,

Gəlib əyyamı-zimistan, bahar əyyamı gedib.

 

Dedilər ki, biz olan şəhrə tərəf saqi gəlir,

Ürəyim ta ona sarı götürüb camı gedib.

 

Meyə mən bilmədiyimdən nə qatıbdır, saqi?

İndi əvvəlki qədər məst eləmir, tamı gedib.

 

Hər kimin namı qalıbdırsa, əgər başı gedib,

Hər kimin başı qalıbdırsa, əgər namı gedib.

 

Gün şüası ilə itib rəngi cahanın bu sabah,

Həqq özün faş eləyib, faniliyin famı gedib.

 

Rəhmi, bilməm nə danışdın, nə günah etdin ki,

Bircə sən getmədin, eşqin səfərin hamı gedib.

 

 

Qədrin bilmədin.

 

Könlümün, ey könlümün sultanı, qədrin bilmədin,

Canımın, ey canımın cananı, qədrin bilmədin.

 

Bir könül vardır ki, məndə dərd-hicran yandıran,

Bir gözəllik var ki, səndə, derlər, iman yandıran.

Canımı yandırdın, əfsus, olmadın can yandıran,

Mən sənin uğrunda verdim canı, qədrin bilmədin.

 

Harda səsləndim sənə, dad eylədim, əl tutmadın,

Hər nəfəs səndən dedim, yad eylədim, əl tutmadın.

Bir qəfəs küncündə fəryad eylədim, əl tutmadın,

Bildin, ey gül, çəkdiyim hicranı, qədrin bilmədin.

 

Dağ götürməz, daş götürməz, ah edəm, tufan edəm,

Sən neçin göz yummusan bəs? Naləvi əfğan edəm.

Mən gətirdim ki, bu canı şəninə qurban edəm,

Sən də oldun nəfsinin qurbanı, qədrin bilmədin.

 

Mən səninçün hər nə etdim, xeyrin amma güdmədim,

Hey əzildim, tapdalandım, mülki-dünya güdmədim.

Mən axı səndən, həbibim, bir təmənna güdmədim,

Keçsin Allah etdiyin nöqsanı, qədrin bilmədin.

 

Şükr ola Allaha, bu sevdanı yalnız seçmişəm,

Dönmərəm sadiqliyimdən, bir ömür and içmişəm.

Mən sənin nurundan ötrü gözlərimdən keçmişəm,

Ey sədaqət süfrəmin mehmanı, qədrin bilmədin.

 

 

Hacı Ələmdar Mahirin qəzəlinə təxmis

 

Bu aşiq kəslərin, ey kaş, olaydı hali halından,

Nigarım, binəsib etmə bizi feyzi-vüsalından.

Gülüm, gül çöhrəsin güllər nihan etməz halalından:

“Nola, ey şux, niqabın bir ataydın məh cəmalından,

Baxıb gedən də olsa, zövq alardıq xəttü xalından.”

 

Səni kim görmək istərsə, gərək məhrəm baxıb görsün,

Kimin hicrində yanmışdır, bəni-Adəm baxıb görsün.

Yığılsın cümlə aşiqlər, səni bahəm baxıb görsün:

“Cəlali-izzət ilə qoy qədəm, aləm baxıb görsün,

Nigarım, kim xəbərdir çoxları cahi-cəlalından.”

 

Həbibim, sən gedən yolda nə güllər əkdi aşiqlər,

Qalıb sən getdiyin yollarda, qəddin bükdü aşiqlər.

Gözün kim vəslin üçün yollarında dikdi aşiqlər:

“Üzün göstər, yetər ki, intizarın çəkdi aşiqlər,

Xilas eylə dili-üşşaqı dünyanın məlalından.”

 

Cəlali qeybə çevrilmiş vücudu-pakın, ey şahım,

Alıbdır ətri-pakın hər yerin, əflakın, ey şahım.

Qədəm qoy, nura qərq eylə cahanın xakın, ey şahım:

“Bütün arifləri lal eyləmiş idrakın, ey şahım,

Mənimçün çox çətindir söz açım əqli-kamalından.”

 

Məni şad eylə, bir yer ver məni naşadə eşqində,

Gətir vəslin şərabından, yanan var badə eşqində.

Tutub meyxanə küncün, ta düşüb üftadə eşqində:

“Fəda qıllam bu canı, ey peyəmbərzadə, eşqində,

Təriqi-eşqi öyrəndim bu səhranın Bilalından.”

 

Əlimdən dövləti-varı, bütün imkanı versəm də,

Gülüzlüm, dönmərəm səndən, əgər dövranı versəm də.

Bu canım verməsəm də, eşqinin qurbanı versəm də:

“Fəna mülkündə vəslin həsrətiylə canı versəm də,

Bəqa mülkündə də, yarım, ümid kəsməm müzəlindən.”

 

Səmada görsənib getsən, mübarək iz qalar səndən,

Üzün görsənsə gülşəndə, çiçəklər zövq alar səndən.

Düşünmə, Rəhmi, Mahir tək ona aşiq olar səndən:

“Düşüb səhrayi-eşqə, harda olsa, söz salar səndən,

Qəmindən ölsə də Mahir, adın çıxmaz xəyalından”

 

 

Neynim

 

Çıxdığım yollara daş düzdü rəqibim, neynim?

Olmadı dilbərim kuyi nəsibim, neynim?

 

Bu könül dəhrə sənin xalına xatir gəldi,

O da bir danəyə aldandı, həbibim, neynim?

 

Mən dedim, yarəmə əl çəksə, olar dərdə dəva,

Məndən əfsus, əlin çəkdi təbibim, neynim?

 

Həmdülillah, dəri-meyxanəni pünhan açdım,

Aşikar olmadı bu halı əcibim, neynim

 

Onu axtarmağa çıxmışdı xəyalında Rəhim,

Tapmadı, azdı uzaqlarda qəribim, neynim?

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.