“Qorxuram, bu dünya məni aldadar“ – ƏDƏBİ GƏNCLİK Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gənci tanıtmaq istəyirəm. Gənc şair, qəzəlxan Barat Salman oğlu Qasımovu.

Barat Qasımov 23 dekabr 1996-cı ildə Abşeron rayonunda anadan olmuşdur. 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin İqtisadiyyatı fakültəsində təhsil almışdır.

Şeirlərini “Sacid” təxəllüsü ilə yazır. Yaradıcılığında heca və əruz vəznində qələmə alınmış şeirlər üstünlük təşkil edir.

Gənc şairə yeni-yeni yaradıcılıq uğurları arzulayır və bir neçə şeirini dəyərli oxuculara təqdim edirəm.

 

 

QORXURAM

 

Bir gün borc alsaydım Tanrıdan əgər,

O gün də göz yaşı tökərdim sənə.

Başqa bir zamanda gəlsəm dünyaya,

Yenə də gözümü dikərdim sənə.

 

Bəlkə də lap əvvəl yaranmışıq biz,

İkinci həyatdır verilib bizə.

Bəlkə birincidə xoşbəxt olmuşuq,

Biz gələ bilmirik indi üz-üzə.

 

Nəysə xatırladır bu yerlər mənə,

Elə bil, lap əvvəl var olmuşam mən,

Bəlkə bu yerlərə başqa dünyadan,

Bir səhvin üstündə qovulmuşam mən.

 

İlahi, qəribə hisslərdi bunlar,

Görən baş açırmı kimsə özündən?

Qorxuram, bu dünya məni aldadar,

Qorxuram, düşərəm sənin gözündən.

 

 

BELƏ OLMALIYMIŞ…

 

Belə olmalıymış bəlkə də, belə,

Bəlkə də bitirib getməli idin.

Ən gözəl anların rəsmini cizib,

Özünsə gözümdən itməli idin.

 

Bir bahar mehitək yanaqlarımdan,

Payız yağışıtək dodaqlarımdan,

Həzin musiqitək qulaqlarımdan,

Bir göz qırpımında ötməli idin.

 

Belə olmalıymış bəlkə də, belə,

Göz-gözə, üz-üzə, sənlə əl-ələ,

Sənlə nəfəs-nəfəs, biz gülə-gülə,

Ən gözəl an kimi bitməli idin.

 

Sən yoxsan indi mən sahilsiz gəmi,

Bəs hansı limanda atım bu qəmi,

Bəlkə də, mən səni, sən də ki məni,

bir pis vərdiş kimi tərgitməliydin.

Belə olmamalıydı, bəlkə də belə.

 

 

YAŞAMAĞA DƏYƏR

 

Səndən özgə gözlərimə bir gözəllik görünmür,

Ümidlərim qanad açıb, daha yerlə sürünmür,

Əgər, gülüm, bir ürək ki, boş boşuna döyünmür,

Yaşamağa dəyər onda.

Yaşamağa dəyər onda

 

Fəsillər tək dəyişkəndi həyatdakı qayğılar,

Gülüşlərin yaz gətirdi, çiçəkləndi arzular,

Addım-addım yaxınlaşır bir-birinə duyğular,

Yavaş-yavaş coşur qan da.

Yaşamağa dəyər onda

 

Təsəvvür et, bir yaz günü sərin külək əsəndə,

Həyəcanın nəfəsini aram-aram kəsəndə,

Sahil yanı, isti qumlar, günəş yerə küsəndə,

Bir musiqi arxa fonda.

Yaşamağa dəyər onda

 

Rəqs eləyir saçlarınla əsən dəli küləklər,

Uçur göyə ovucundan qanadlanan diləklər,

Seyr etdikcə mənzərəni əlvan-əlvan çiçəklər,

Mən kostyumda, sən ağ donda.

Yaşamağa dəyər onda.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.