ŞEİR SAATI- Fərqanə Səfərlinin şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında izlərə Fərqanə Səfərlinin şeirlərini təqdim edir.

 

 

GƏLİRƏM

 

Yerin pis əməlindən

Üşüyürəm, İlahi -

Göydə bir ocaq qala,

Qızınmağa gəlirəm.

 

Çiynimdəki hörüklər

Mələklərə yol açıb -

Dəftərimi bilməkçün

Arınmağa gəlirəm.

 

Qaranlıq peşimandı,

Qardaş bilib işığı -

Kəfənin iç üzünə

Sarınmağa gəlirəm.

 

Biz uçmaq vərdişini

Doğuluşdan itirdik -

Bir kəpənək belində

Barınmağa gəlirəm.

 

 

YENƏ

 

Yenə durna qatarı,

Yenə sazaq bir hava.

Yenə könlüm yön alır

O isti uzaqlara...

 

Yenə gün batımını

gözləyir qamış səsi,

Bir də həsrət qoxuyan

Kədərimin naləsi...

 

Yenə günəş gedəcək

Öz doğma ocağına.

Yenə düşər qaranlıq

Yerin kor bucağına.

 

Yenə...

Yenə burda mən,

Bir də azğın ümidlər -

Həm məni, həm özünü

Xəyallara kilidlər.

 

 

 

SEVGİ VALSI

 

Gəl, rəqs edək səninlə,

Mələklər savab yazsın

Çiynimizdə ritmlə...

Gəl, üzümüz ölümə

Dözək hər bir zülmə.

Zaman şərə qarışsın,

Gecənin işıqları

Gözümüzdən alışsın...

 

Tərləsin əllərimiz

Valsın şən notlarında.

Büdrəsin ayağımız

Zər qırçınlı donumda.

Cismim ağırlıq etsin,

Sol qoluna əksimi -

Oynayaq sənin ilə

Ölümsüzlük rəqsini.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.