İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Məşhur şeirin təhlili” rubrikasında istəyərdim ki, bu gün Xalq şairi Hüseyn Arifin “Analar” şeirini təhlil edim, təəssüratımı bölüşüm.
Şeir insanın ən saf və ən müqəddəs hisslərindən biri olan ana sevgisini dərin və təsirli şəkildə ifadə edir. Bu şeiri sevməyimin əsas səbəbi onun sadə sözlərlə çox böyük mənalar çatdırması və mənim daxili duyğularımla üst-üstə düşməsidir.
Əlbət ki, əvvəl şeirə nəzər yetirək ki, təhlilim anlaşılan olsun.
HÜSEYN ARİF
“ANALAR”
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.
Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.
Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?
Şeirdə anaların həyat boyu çəkdiyi zəhmət və fədakarlıq xüsusi vurğulanır. Uşaq dünyaya gələn andan etibarən ana artıq öz həyatını deyil, övladının həyatını düşünür. “Şərbət əvəzinə ağı içir analar” misrası anaların dərdlərini gizlədərək hər çətinliyə dözməsini göstərir. Bu məqam məni xüsusilə təsirləndirir, çünki analar çox vaxt öz ağrılarını bildirmədən, səssiz şəkildə fədakarlıq edirlər.
Şeirdə zamanın keçməsi və bunun anaların üzərində buraxdığı izlər də təsirli şəkildə təsvir olunur. “Alnında zamanın açdığı qırış” misrası anaların illərlə çəkdiyi zəhmətin nəticəsini göstərir. Bu, məndə həm kədər, həm də minnətdarlıq hissi yaradır. İnsan anlayır ki, ana sevgisi sonsuz olsa da, zaman dayanmaz və hər anın qədrini bilmək lazımdır.
Bundan əlavə, şeirdə istifadə olunan sevinc və kədər, isti və soyuq kimi ziddiyyətlər anaların həyatının nə qədər çətin və mürəkkəb olduğunu göstərir. Onlar həyatın ən ağır yükünü öz üzərlərinə götürür, amma bunu sevə-sevə edirlər. Bu isə ana məhəbbətinin nə qədər böyük və müqəddəs olduğunu bir daha sübut edir.
Şeirin son bəndi isə xüsusilə düşündürücüdür. Burada anaların torpağa qovuşması elə təsvir olunur ki, sanki dünya anasız qalmasın deyə onlar torpağın bir hissəsinə çevrilirlər. Bu fikir ana obrazını daha da ucaldır və ona əbədi bir məna verir.
Bir sözlə, mən bu şeiri ona görə çox sevirəm ki, o, hər kəsə ana sevgisinin dəyərini xatırladır, insanı düşündürür və duyğulandırır. Bu şeir həm qəlbə toxunur, həm də hamını həyatda ən dəyərli insanlardan biri olan ananın qədrini daha yaxşı bilməyə sövq edir.
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


