Jalə İslam,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
İnsan ölümü bilə-bilə yaşayır. Bu yolda fədakarlıq məntiqsiz olsa belə, bütünlüklə yolunu azmağı seçir. Demək olar ki, “yox” deməyi çox gec öyrənir. Bu məqamda anlayır ki, bəzi məsələləri icra etmək, öyrənməkdən daha çətindir. Ömrün öz hökmü və periodu var. Bu periodlar sənə etmərəm dediyin hər şeyi etdirir. Yəni bir nöqtədə tüpürdüyünü yalayırsan. Bütün bunlar baş verərkən həyata eşqlə bağlısan, amma içindən bunu etməməli olduğunu bilirsən. Eşq qorxuludur və məni həmişə qorxudub. Çünki bir nöqtədə həyatın səni unutmasına, özünü unutmağından daha müsbət yanaşırsan.
Aylar sonra bayram ziyarəti və qısamüddətli tətil üçün kəndə gəlmişəm. Gədəbəyin yazı belə şaxtalıdır. Məsələn, bu yazını yazarkən çöldə narın bir yağış yağır, ağaclar hələ də libasını geyinməyib, dağlar büsbütün qardır. Həmişə olduğu kimi, heç ümidverici bir mənzərə deyil. Bir gün qaçıb gedəcəyinə ümid etdiyin bu yerə tətil üçün gəlmək, deyəsən, doğru fikir deyildi. Ya da bu fəsildə tətil edilməməlidir. Hər şeyə rəğmən, paxlava yemək və mışıl-mışıl yatmaq çox gözəldir. Uşaqlıqda riyaziyyatdan ev tapşırıqlarımı həll edə bilmədiyim zamanlarda kitabı əsəblə örtüb yatırdım və elə bilirdim ki, bütün problemlərimi beləcə həll edə bilərəm.
Soyuq iqlimli regionlar sadəcə havası ilə deyil, insanları, dostluqları ilə də bizi yanıldır. Və... bəzi talelər məni hər zaman yaralayır. İstisna olmağı seçən biri üçün acı talelər qorxulu gəlir. Lakin əsas obraz üçün bu, adi bir haldır.
Keçən axşam anam ilə qonşunu ziyarət etməyə getmişdik. Məlum məsələdir ki, bayram ərəfəsində qonşular öz aralarında bişirdikləri şirniyyatları dəyişməyi sevirlər. Təbii ki, heç kim qonaq getdiyi evdə apardığı şirniyyatı yeməz. Bu, çox ciddi bir qanundur. Həmişə ən tünd çay qonağa süzülər və bizə də süzüldü. Mən qonaqpərvər birisi olmadığım üçün tünd çayı sevmirəm.
Hər birimizin üzündə gülüş var. Qəlbimiz yüngül həyəcan və sevinclə döyünür. Bir nəfərin isə ürəyi sağ qolunda döyünür. Bəli, dayanmadan, şiddətlə onun ürəyi sağ qolunda döyünür. Fəsil yazdır, amma o, ömrünün şaxtalı qışını yaşayır. Necə xitab edirdik biz qoca adamlara?
Xatırladım — qoca çinar. Bizim nəvazişli qoca çinar — Nəbi baba.
Otağa keçib onunla salamlaşdım. Uzandığı çarpayıdan başını qaldırıb məni salamladı. Bənizi solmuşdu, gözlərindən dayanmadan yaş axırdı, yaman arıqlamışdı. Onunla görüşəndə əlim qoluna dəydi. Bu an qiyamət idi, bu şiddətin bir mənası olmalı idi.
Dəmli çayım artıq soyuyurdu və hər kəs çayımı içməli olduğumu söyləyərək israr edirdi. Mən isə o çayı bir bəhanə ilə içməyəcəyimi bilirdim. Bu dəmdə masada önəmli mövzular müzakirə edilir, qərarlar verilir, önəmli nəticələr əldə edilirdi. Mən isə müşahidə edirdim. Bizim qoca çinar söhbətə qulaq asmaq istəyirdi, amma eşitmirdi. Onu izləyirdim, eşitmədiyi üçün üzündə mülayim bir ifadə ilə gülümsəyirdi. Gözündən axan yaşları hər silməyə çalışanda sağ qolu onu işini daha da çətinləşdirirdi. Arada mənim şəhərdəki taleyim ilə bağlı suallar yönəldir, məndən cavab gözləyirdi. Qoca çinar bəlli etmirdi, amma üzülürdü. Üzülürdü...
Mənim sağ qulağım yaxşı eşitmir. Mən bu problemimi həll edə bilərəm, amma həll etmirəm. Kiçik bir tutulma var və mən bəzən bu karlığımdan sui-istifadə edirəm. Gecələr həmişə sol üzümə doğru çönüb yatıram ki, sağ qulağım ilə heç nə eşitməyim. Deyəsən, özümü sadəcə başqa birisi ilə müqayisə edəndə özümə etdiyim haqsızlığı başa düşürəm. Eşitmək ümidi ilə yanıb-tutuşan biri ilə karlığından istifadə edən biri... Hansımız daha təhlükəliyik?
Baxışlar... baxışlar... baxışlar... Baxışlar niyə mənim üçün bu qədər dəyərlidir? Niyə sözlər yox, məhz baxışlar məni bu qədər yaralamağı bacarır? Qoca çinarın baxışları və bu titrəkliyi mənim üçün nəyi ifadə edirdi? Ölümü, yoxsa başlanğıcı?!
Bəs bu dərinliyin içindəki nəvazişli baxışlar niyə bu qədər təsirli idi? Niyə bu qədər əriyirdim?
Mən həmişə aldanmışam, qoca çinar. Baxışlar məni aldadıb, yəqin səni də çox aldadıb.
Sonlar təsirlidir. Əgər o sona həqiqətən yaşayaraq gəlmisənsə, daha təsirlidir. İnsan şaxtanı iliklərinə qədər hiss etdikcə sona yaxınlaşdığını anlayır. Vücudu donmağa başlayır. Qoca çinarın isə sağ qolu şaxtanın təsirindən donmağa başlayıb, soyuğa qarşı mübarizə aparırdı. Həm də çoxdan məğlub olduğunu bildiyi bir savaşda...
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


