“Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib Featured

Martın 17-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İlaxır çərşənbələrdən sonuncusu – Torpaq çərşənbəsi münasibətilə “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib. Tədbir S.S.Axundov adına 172 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbiri kitabxananın direktoru Şəhla Qəmbərova açaraq iştirakçıları salamlayıb, məktəbliləri İlaxır çərşənbə münasibətilə təbrik edib. O, çıxışında Novruz bayramı, çərşənbələrin mahiyyəti və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə məlumat verib.

Daha sonra uşaq yazıçısı Mehriban Nağıyeva bahar və Novruz bayramı mövzusunda şeirlərini səsləndirib, şagirdlərlə səmimi ünsiyyət quraraq onların suallarını cavablandırıb.

Görüş çərçivəsində müəllif öz kitablarını məktəblilərə hədiyyə edib və birgə mütaliə təşkil olunub. Tədbirin bədii hissəsində şagirdlər maraqlı səhnəciklər təqdim ediblər. Uşaqlar Kosa, Keçəl və Bahar qızı obrazlarını canlandırıblar.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara milli-mənəvi dəyərlərin, Novruz ənənələrinin və İlaxır çərşənbənin mahiyyətinin aşılanması, onların mütaliəyə marağının artırılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.