Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlandı. Videoçarx dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, “qeyri-səlis” termininin müəllifi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor  Lütfi Zadənin 105 illik yubileyinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, videoçarxda bildirilir ki, dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ən böyuk nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından istifadə edirlər. Qeyd olunur ki, Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, nəzəriyyələri ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzində (NASA) tətbiq edilir. Professor Lütfi Zadə NASA-nın və NATO-nun aparıcı mütəxəssisi olmuşdur. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanmışdır.

Videoçarxda vurğulanır ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. L.Ələsgərzadə 2001-ci il mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının fəxri (xarici) üzvü seçilmişdir. Alim Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olmuşdur.

Riyaziyyatçı-alimin mükafatları, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat da izləyicilərə təqdim olunur. 

Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/watch?v=lf3iuFMsCqA&t=2s

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

   

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.