15–17 fevral tarixlərində Respublika Uşaq Kitabxanasında 21 fevral – UNESCO tərəfindən təsis edilmiş Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana Dili: Milli Kimlik” adlı silsilə tədbirlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirlərdə Laçın rayon 40 nömrəli tam orta məktəbin, 30 nömrəli tam orta məktəbin və 20 nömrəli məktəb-liseyin şagirdləri iştirak ediblər. Üç gün davam edən proqram uşaqlar üçün həm maarifləndirici, həm də maraqlı və interaktiv şəkildə təşkil olunub.
İlk öncə kitabxana əməkdaşı ana dilinin xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət olduğunu vurğulayıb. Bildirilib ki, hər bir vətəndaş ana dilini qorumalı, onu sevərək və düzgün şəkildə istifadə etməlidir.
Proqram çərçivəsində şagirdlər ana dilinə həsr olunmuş cizgi filmini izlıyiblər, daha sonar maraqlı sual-cavablar aparılıb. Məktəblilər dilimizin zəngin ifadə imkanlarından danışaraq öz fikirlərini bölüşüb, ana dilinə həsr olunmuş şeirlər səsləndiriblər.
Həmşinin, kitabxanada ana dilinə dair nəşrlərin və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin yer aldığı rəngarəng kitab sərgisi təşkil olunub. Uşaqlar sərgidə nümayiş olunan kitablarla yaxından tanış olaraq, oxumağa böyük həvəs göstəriblər.
Keçirilən silsilə tədbirlərin əsas məqsədi ana dilinin qorunması və inkişaf etdirilməsi, gənc nəslə sevdirilməsi, eləcə də məktəblilərdə milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi olub. Tədbirlər maarifləndirici, tərbiyəvi və eyni zamanda ruhlandırıcı ab-havası ilə yadda qalıb.
Ana dilimiz – kimliyimiz, qürurumuz və gələcəyimizdir!
“Ədəbiyyat və incəsənət”
(19.02.2026)


