Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün
Ötən ilin sonlarında sovet qadağalar okeanında buzlar əriməyə və həqiqətlərə işıq salan kitablar çap olunmağa başlayanda xalq hərakatının öncüllərindən Xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” stolüstü kitaba çevrilmişdi. “Ömür kitabı"nda belə bir fikir var: "Ağsaqqalların gücü köklərinin dərinliyində, keçmişə körpü olmağındadır. Böyükləri böyük bir nəslin xatirə dəftərinə bənzədiblər. Uluların təcrübəsindən gətirdikləri misallar, yüz dəfə ölçülüb-biçilmiş həqiqətlər kimi onların hər söhbətinə can və qanad verirdi”.
Sabir bəyin nişan verdiyi göstəriciləri özündə ehtiva edən bir ağsaqqal tanıyıram: yaxın dostum Etibar Bənnayevin atası Zafir əmi.
Gözünü Qazaxda dünyaya açıb. O vaxtın Kommunasında, indiki Bala Çaylı kəndində. Yeniyetməlikdən gəlib paytaxta, sonra Sumqayıta köçüb. Texnikum bitirib. Zavodda işləyib, pensiya yaşına qədər neft-kimya sənayesində çalışıb. Öz işinin peşəkarı kimi ad-san qazanıb, harda işləyibsə başına and içiblər.
Güvəncim-gümanım, andım-amanım,
Pirim-səcdəgahım, odu – Qazaxdı.
Şəhər tünlükləri salanda bəndə,
Ruhum qanadlanır o doğma kəndə.
Dilim bala batır adı gələndə,-
Ağzımın balmisal dadı Qazaxdı.
Zafir əmi hər dəfə İbrahim İlyaslının bu şerini eşidəndə doğma yurd üçün ürəyi atlanırdı. 10 il öncə ta dözə bilmədi. Yığışıb Qazaxa köçdü. Bala Çaylıda dədə-baba yurdunda özünə bir ev tikdi, bağ saldı, əkib-biçməyə başladı. Yayın isti günlərində övladlarını, nəvələrini əkdiyi ağacların kölgəsində, üzüm tənəyinin altında, güllərin ətri ilə qarşıladı. Geri dönəndə onlara bərəkətli bağından, saxladığı toyuq-cücədən pay-püş də qoydu.
Uzun qış gecələrində tarixlə bağlı kitablar oxuyurdu, cavanlıq vərdişiydi. Və bir gün kənd yolu ilə qohumlarından qayıdarkən ağlına belə bir fikir gəldi Zafir əminin: bu kənddə kimlər yaşadı, kimlər gəldi getdi? Dəqiq məlumatlar bilinirmi, kənddə neçə şəhid var?
Həmin gecə səhərə kimi yata bilmədi. Xəyalından Bala Çaylının tarixini araşdırmaq, ziyalıları sadalamaq, ikinci cahan müharibəsində qara kağızı gələnlərin, Qarabağ savaşında canını Vətən naminə fəda edənlərin siyahısını tərtib etmək keçdi. İşin ağırlığından yox, məsuliyyətindən üşürgüləndi. Bir yandan da fikirləşdi ki, maşallah, Qazaxda bu qədər şair, yazıçı, jurnalist, tarixçi var. Adama deməzlərmi, Ay Zafir kişi, kimyaçı olmusan, indi də 80 yaşında yazmaq eşqinə düşmüsən?!
Tərəddüdlərin, təbəddülatların girincliyində birtəhər yuxuya gedə bildi.
Yurd sevgisi, yazmaq, araşdırmaq təşnəsi tərəddüdə son verdi. Beləliklə, Zafir Bənnayevin Bala Çaylı kəndinin tarixini, etimologiyasını, insanlarının taleyini əks etdirən “Yurda sevgi məktubu” kitabı ərsəyə gəldi. Zafir Bənnayev içindən gələn sevgi və şövqlə vətəndaş borcunu yerinə yetirdi. Bu günlərdə Etibar məlumat verdi ki, atası həmin kitabın ikinci hissəsi üçün araşdırmalar aparır. Yeni mənbələr, müxtəlif məlumatlar əldə edib. Eyni zamanda xatirində qalanları bir yerə toplayıb
Çox sevindim. Yaşı səksəni ötmüş, təqaüd alan, kənddə bostan əkib, bağ becərən bir adamı bu ağır işə kim və nə məcbur edə bilər?! Kitabın adında olduğu kimi: yurda sevgi, doğma kəndə bağlılıq, tarixə sayğı, vicdan.
Hər kəs öz kəndinin tarixini bilsə, bütövlükdə tariximizdə nəməlum səhifə qalmaz.
Bu kitablar, doğrudan da, sadə bir adamın yurda sevgi məktubunu ehtiva edir.
Dostumuz İbrahim İlyaslı, kitaba ön sözdə yazır:
“Zafir əmi çox mübarək bir işə imza atır, mütləq doğulub boya-başa çatdığı kəndinin tarixini araşdırmaq, ölkəyə fayda vermiş qəhrəman insanları, canını vətənə fəda etmiş şəhidlər haqqında bildiyini toplamağı özünün vətəndaş borcu sayır. Köyümüzün tarixini qələmə almaq bütövlükdə Qazax mahalının, eləcə də Azərbaycanımızın tarixinə bir qatqı vermək, xidmət etməkdir”
Hər kitabı, illah da tarixi araşdırma kitabını yazmaq, ərsəyə gətirmək xidmətdir, xidməti missiyadır. Missiyanız mübarək, Zafir əmi.
Yurda sevgi məktubunuzdan ömrünüzə bərəkət yansısın, Zafir Bənnayev.
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


