Moruq qoxulu dodaqlar... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Uzun illər mədəniyyət sferasında çalışan insanlardan birinin 75 yaşı tamam oldu. Həyatda görüşməsək də, onu "sehirli güzgüdən" tanıyıram. Yəqin ki, "Qərib Axşamlar" verilişini unutmamısınız. Yadınızdadırsa, bu verilişi AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Yusif Günaydın aparırdı. Xaricdə yaşayan soydaşlarımızı bu verilişə dəvət edir, ölkəyə tanıtdırırdı...

 

...Haqqında geniş məlumatım olmadığı üçün, barəsində çox danışa bilməyəcəm. Amma axtarıb əldə etdiyim bir şeirini sizə təqdim etmək istəyirəm. Necə deyərlər, şairi bir misrasından da tanımaq olur...

 

"Dodaqların moruq qoxur,

Tamarzıyam bu qoxuya.

Uzaq yollar yorğunuyam,

Qoynunda gedim yuxuya...

 

Moruq ətrinə oyanıb,

İsa Məsih diriləndə.

Bu qoxudur bizi üzən,

Odu bizi dirildən də!

 

Bu həyatın nəfəsidir,

Ülvi bir adın qoxusu.

Kişi qanını qaynadır,

Odlu bir qadın qoxusu.

 

Ömür mum kimi əriyir,

Günlər, aylar dığırlanır.

Topuqlarıma dolaşır,

Payızın boz cığırları.

 

Tanrım mənə rəhm eləsin,

Azca möhlət versin barı.

Axı yenə moruq qoxur

O gözəlin dodaqları..."

 

...Yusif müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ağrı-acısız həyat arzulayırıq. Qoy heç vaxt “moruq qoxusu”na həsrət qalmasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.