Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
ADA Universitetinin rektoruHafiz Paşayevin dəstəyi ilə Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı Şəmistan Nəzirlinin "Qoridən gələn qatar” kitabı yenidən nəfis şəkildə çap olunub. Qeyd edək ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında Şəmistan Nəzirlinin sonradanəldə etdiyi arxiv materialları da kitaba daxil edilib.
Xatırladım ki, məhz Hafiz Paşayevin sayəsində Qoridə təşəkkül tapmış, sonradan Qazağa köçürülmüş, illər sonra da fəaliyyətini dayandırmış məşhur seminariya yenidən həyata vəsiqə qazanmışdır. İndi o, Qazax Müəllimlər Seminariyası - ADA Universitetinin Qazax Mərkəzi kimi fəaliyyət göstərir, ölkənin Qərb regionunda qısa müddətdə əsl təhsil-təlim mərkəzinə çevrilibdir, ölkəmiz üçün ixtisaslı pedaqoji kadrlar hazırlayır.
Gəlin unutmayaq ki, Qori Müəllimlər Seminariyası Azərbaycanın milli təhsilinin əsasını qoyaraq ölkənin elm, mədəniyyət və incəsənətinin inkişafına böyük töhfələr vermişdir. Və bu səbəbdən də təhsil ocağının fəaliyyətinin bərpası həm də tarixə yazılacaq bir təşəbbüs sayıla bilər.
Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” kitabının təkrar nəşri isə bu unikal nəşrin daha geniş oxucu auditoriyasına çatması üçün olduqca əhəmiyyətli bir addımdır.
Yazıçı-publisist Şəmistan Nəzirlinin hələ tələbəlik illərindən maraqlandığı Qori və Qazax seminariyaları haqqında yazdığı sənədli povesti xalqımızın maarif tarixini özündə yaşadan toz basmış arxiv sənədlərindən, keçmiş seminaristlərin nağıla bənzər söhbətlərindən və xatirələrindən istifadə edilməklə ərsəyə gətirilmişdir. Əsərdə fədakar müəllim və tələbələrin işıqlı maarifçi arzuları,1918-ci ildə minbir əziyyətlə seminariyanı Qoridən Azərbaycana köçürən Firudin bəy Köçərlinin gənclərimizin savadlanması yolunda çəkdiyi əziyyətlər, 1920-ci ilin iyun ayında isə bolşevik-daşnaklar tərəfindən Firudin bəyin haqsız güllələnməsi sənədlər əsasında ilk dəfə qələmə alınmışdır.
Elə buradan gənclərimizə səslənirəm, mütləq bu kitabı oxuyun.
“Ədəbiyyat və incəsənət”
(22.01.2026)


