Taxta məktublar da olur, bilirdinizmi? Featured

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

  

Söz sadəcə məna və fikir ifadə edən dil vahididir, yoxsa daha artığı?

Köhnələr "söz sənəddir" deyərdilər...

 

Bəli, söz anddır, söz etibardır.

Söz bəzən məlhəm, söz bəzən yaradır.

Söz bəzən ümid, güvən, bəzən qorxu, bəzən isə naməlumluqdur.

Söz yoldur, söz atılan addımdır. O bəzən insanı zirvəyə də apara bilər, bəzən zirvədən üzü aşağı da.

Söz bəzən ağır bir yük, söz bəzən ağır bir zərbədir.

Söz bəzən təsəlli, bəzən isə təskinlikdir.

Sözlərin mənasını, çəkisini ölçən bir tərəzi olsaydı tab gətirə bilərdimi susub içimizə atdığımız və ya bir ağızdan deyib qurtardığımız bəzi sözlərin ağırlığına?

Bəs sözləri danışmaq, eşitmək və yaşamaq eyni şeydirmi? Bunların arasında nə qədər məsafə var?

İnsan bunu nə zaman dərk edir -  Danışanda, yoxsa başqasının dilindən eşitdiyi naməlum, tanış olmayan bir sözü yaşayanda?

Necə olur ki, birdən birə insan kimlərinsə qorxa-qorxa pıçıltıyla danışdıqları sözləri yaşayarkən tapır özünü?

Bəs insan nə zaman qüvvəsinin sərhəddini yoxlamalı olur? Qorxudan daha böyük şeylərin var olduğunu anlayanda?

Ülviyyə Tahir qələmindən bütün bu suallara 10 yaşlı bir qızın timsalında cavab tapa biləcəyimiz 1937-1938-ci illərin represiyasına bir uşaq qəlbindən işıq tutan möhtəşəm bir tarixi roman - "Taxta məktub".

Elə suallar olur ki, insan o sualların cavabını düşünərək deyil, yaşayaraq tapır.

Hər şey naməlum yeni bir sözlə başlayır.

O vaxta qədər məktəbdə bir çırtma belə vurulmayan qız iki oğlan tərəfindən döyülür. Qolçomaq -  qarın içində təpikləndikcə eşitdiyi bu naməlum sözün çox böyük olduğunu və ona gücünün çatmadığını hayqırmaq istəyir.

Bəzən hərkəsdən biri olmamaq məziyyətdir, bəzən isə damğa.

Represiya illərində insanlar anidən "Qolçomaq", "vətən xaini" adları ilə damğalanır cəmiyyət içində təcrid olunurdular.

Uca səslə tələffüz edilən "Qolçomaq" sözündən sonra pıçhapıçla edilən söhbətlər zamanı qulağa tanış olmayan yeni bir söz peyda olur - "Sibir". Amma bu söz əvvəkinin əksinə qorxa-qorxa və pıçıltıyla tələffüz olunur.

İnsanlarla dil tapıb onlarla yaşamaq daha yaxşıdır, yoxsa getmək?

İnsan uzaqları nə zaman arzulmağa başlayır? Bəlkə  doğmaları onlardan qoparılıb uzaqlara; naməlumluqlara aparılanda, ya bəlkə də, uzaqlarda başqa həyatların da var olduğu fəhm olunanda?!

Ölüm - naməlum yeni sözlər qalağına bu dəfə əvvəllər tanış olan bir söz əlavə olunur. Bəs əvvəllər də tanış olan bu sözü bu gün fərqli edən nədir?  Bu yerdə bir məsəl yada düşür "Halva sənə şirin gələr, öz qapında bişmədikcə". Bəli, ölüm sözü əvvəllər də var idi amma uzaqlarda idi. Uzaq qohum-qonşuların evində. Analar, nənələr o sözü evə gətirmirdilər. O söz bu günədək evə şirin halva olaraq girirdi, indi isə naməlum söz qalağının növbəti sözü kimi gəlmişdi.

Və bu dəfə onu halva kimi ləzzətlə və asan həzm etmək mümkün deyildi.

Represiya illərində sözlərin çəkisi ağırlaşmışdı, sözlər kimlərinsə dilindən qopub kimlərinsə həyatına, reallığına çevrilmişdi.

Bir insanın yaxşı və ya pis olması onun işlədiyi işdən aslı ola bilərmi?

Sinifə girərkən gözləri parıldayan bir müəllim niyə kənd soveti olanda əzazil birinə çevrilir?

Axı nə olduğun deyil nə etdiyin önəmlidir.

İnsanların sadəcə adını , kimliyini deyil yaddaşını da onlardan almaq, dəyişmək istəyirdilər

Əvvəl qapıları bərk-bərk döyüb kimisə ailəsindən qoparıb aparır evlərin içində dərin bir boşluq yaradırdılar. Daha sonra, əllərini insanla Allah arasında olan bağa uzatdılar. Axı ata aparılanda ev, inanc qadağan ediləndə qəlb boşalırdı.

Quranı əllərindən almaq olurdu, amma Allahı, inancı qəlblərdən söküb sürgünə göndərmək mümkün deyildi.

Bəli, insanların Allaha olan inamını yox etmək istəyirdilər, amma qəlbləri açıb baxmaq iqtidarında deyildilər.

Bəs insanları damğalayan, dəyərlərini əllərindən almaq istəyən bu pis adamlar niyə var idi, kimə lazım idi axı onlar?  Ümumiyyətlə pis adam necə adamdır?

Bəlkə də həyatın təbii axarı üçün pis adamlar da lazımdır - ya da başqa sözlə özlərinə inanmayan qorxaq adamlar.

Görəsən hamı qorxur?

Məsələn beldəki silah qorxunu azalda bilir?

Amma qorxudan böyük şeylər də var -  insanı  əvvəl-axır öz qüvvəsinin sərhədlərini yoxlamağa vadar edən şeylər: Doğmalar və dəyərlər.

Elə an gəlir ki, insan doğmaları və dəyərləri üçün gözünü qırpmadan ən böyük qorxuları ilə üzləşə bilir.

Amma acı həqiqət budur ki, insanları parçalamağın, zəiflətməyin yolu da məhz elə doğmalardan; və dəyərlərdən keçir. Oğlu anadan, ananı baladan, atanı qızdan, nəvəni babadan ayırmaqla insanları parçalayıb məhv edirdilər.

Qorxduqları şey insanların kim olduğunu unutması deyil, xatırlamağı idi.

Gözləmək zillətdir, naməlumluq isə ondan da betər. Zorla ailədən qoparılıb aparılmış  birindən xəbər gözləmək, bəzən ümidsizliyə qapılmaq, bəzən yorulmaq amma başqa çarənin də olmaması. Bəs görəsən  kim daha çox əzab çəkir naməlumluqda olanlar yoxsa gözləyənlər?

Bəzən sualımıza cavab ala bilməyəndə sükuta nifrət edirik. Sonra gün gəlir hansısa bir suala cavab verməyə gücümüz çatmayanda sükutun səbəbini tapmış oluruq.

Yük qatarları ilə uzaq şəhərlərdən gətirilən taxta-şalbanlar üzərinə bıçaqla cızılmış bir cümlə, bir neçə söz necə əziz ola bilər, insana nə kimi bir təskinlik verə bilər ki?

Bəs əgər bu naməlumluqda olan bir insandan gəlmiş taxta məktubdursa ?..

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.