Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Azərbaycan ədəbiyyatı tarixən qəhrəmanlıq vəsfi ilə yanaşı, həm də toplumun dərin yaralarını, insan taleyindəki iztirabları əks etdirməyi özünə borc bilib. Klassik və çağdaş roman gələnəyimizdə müxtəlif sosial problemlər, kasıblıq, yetimlik, köçkünlük kimi mövzular dönə-dönə işlənib. Bu anlamda İlkin Əbəlfəzin “Atasız uşaqlar” əsəri həmin xəttin yeni bir bədii həlqəsi olmaqla yanaşı, çağdaş sosial roman anlayışımıza özəl çalar qatır.
Əsərin əsas fəlsəfi qayəsi “valideynlərin sağkən yetim qalmaq” ideyası üzərində qurulub. Bu ifadə təkcə poetik bir aforizm olmayıb, həm də sosial-pedaqoji bir gerçəklikdir. Valideyn sorumluluğunun yoxluğu, ailə institutunun dağılması, uşaqların himayəsiz qalması – əsərdə həm fərdi obrazların taleyində, həm də bütöv bir sosial mühitin panoramında təqdim edilir.
Romanın gözəl adlar seçilmiş qəhrəmanları – Boran, Gülər, Təbriz, Azər, Uğur – əslində, müxtəlif həyat hekayələrinin daşıyıcıları olsa da, bir yerdə bütöv bir “uşaqlıq simfoniyası”nı təşkil edir. Bu simfoniya həm kədərin, nisgilin, həm də ümidin özgü ahəngidir. Obrazların dilindəki təbiilik, məişət detallarındakı sadəlik və sosial mühitin incələnməsindəki publisistik vurğu əsərin təsir gücünü artırır.
Əsərdə təkcə sosial problemlərin təsviri deyil, həm də psixoloji dərinlik vardır. Qəhrəmanların içsəl monoloqları, onların kiçik sevincləri və böyük ağrıları oxucunu düşünməyə vadar edir: yetimlik bioloji yoxluq olmaqla birgə, həm də mənəvi boşluqdur. Və bu boşluğu heç bir kənar mərhəmət tam əvəz edə bilmir.
Bu bədii mətni qələmə alan İlkin Əbəlfəz, həm də ictimai məsuliyyət daşıyan aydınımız kimi çıxış edir. Onun yaradıcılığında sosial mövzuların üstünlüyü təsadüfi sayılmaz. “Atasız uşaqlar” romanı isə bu yöndə özünəgörə bir zirvə xarakteri daşıyır. Burada müəllif həm publisistik düşüncəsini, həm də bədii qələmini birləşdirərək oxucuya emosional və də intellektual təsir göstərməyi bacarır.
Azərbaycan roman ənənəsində – Nərimanovun “Bahadır və Sona”sından tutmuş Mehdi Hüseynin “Abşeron”, Mirzə İbrahimovun “Gələcək gün”ünə, Anarın “Ağ qoç, qara qoç”una qədər – sosial ədəbiyyat xətti həmişə önəmli yer tutub. İlkin Əbəlfəzin “Atasız uşaqlar” əsəri isə bu gələnəyin çağsaş davamıdır. O, XXI yüzilin şəhər mühitində yetişən kimsəsiz uşaqların taleyini yazaraq sosial roman janrına güncəl mövzunu təqdim edir.
İlkin Əbəlfəz bu romanla oxucunun qarşısına bir ədib olmanın yanında, həm də insanlıq borcunu ifadə edən bir vətəndaş kimi çıxır. Onun qələmindəki səmimiyyət, həyat həqiqətlərinə yanaşmasındakı dürüstlük göstərir ki, bu əsər sadəcə yazıçı fantaziyası deyil – gerçək həyat müşahidələrinin, ictimai məsuliyyətin və yazıçı ürəyinin məhsuludur. İlkin Əbəlfəzin əsərlərində insanın ləyaqəti, uşağın haqqı, toplumun sorumluluğu daim ön plandadır.
Beləliklə, “Atasız uşaqlar” romanı bir ədəbiyyat faktı olmaqla bərabər, həm də toplumun vicdanına ünvanlanmış çağırışdır. Müəllif bizə xatırladır ki, yetimlik – sadəcə fərdi alınyazısı deyil, ictimai sorumluluğa dair bir olaydır. Bu kitabı oxuyarkən oxucu həm də həyatın özünü, küçələrin səsini, kimsəsizlərin fəryadını duya biləcək deyə ümid edirəm.
Əziz oxucu, “Atasız uşaqlar”ı vərəqlədikcə siz həm ədəbiyyatın estetik zövqünü, həm də insanlıq sorumluluğunu birgə yaşaya biləcəksiniz. Çünki bu roman, bizim sosial yaddaşımızın bədii salnaməsidir.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


