Maraqlı bir kitab gəlir – “Atasız uşaqlar” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə “Yazıçı” nəşriyyatında gənc yazar İlkin Əbəlfəzin “Atasız uşaqlar” kitabı çapdan çıxıb. Geniş təqdimat mərasimi yanvar ayında gözlənilən kitabın ön sözünün müəllifi tanınmış şair, beynəlxalq Alaş mükafatı laureatı Əkbər Qoşalıdır.

 

Dəyərli şairimizin kitab barədə fikirləri çox yüksəkdir. O deyir: “Azərbaycan ədəbiyyatı tarixən qəhrəmanlıq vəsfi ilə yanaşı, həm də toplumun dərin yaralarını, insan taleyindəki iztirabları əks etdirməyi özünə borc bilib. Klassik və çağdaş roman gələnəyimizdə müxtəlif sosial problemlər, kasıblıq, yetimlik, köçkünlük kimi mövzular dönə-dönə işlənib. Bu anlamda İlkin Əbəlfəzin “Atasız uşaqlar” əsəri həmin xəttin yeni bir bədii həlqəsi olmaqla yanaşı, çağdaş sosial roman anlayışımıza özəl çalar qatır.

Əsərin əsas fəlsəfi qayəsi “valideynlərin sağkən yetim qalmaq” ideyası üzərində qurulub. Bu ifadə təkcə poetik bir aforizm olmayıb, həm də sosial-pedaqoji bir gerçəklikdir. Valideyn sorumluluğunun yoxluğu, ailə institutunun dağılması, uşaqların himayəsiz qalması – əsərdə həm fərdi obrazların taleyində, həm də bütöv bir sosial mühitin panoramında təqdim edilir”.

 

Kitab barədə məlumat almaq üçün biz İlkin Əbəlfəzə müraciət etdik. O oxucularımıza xitabən aşağıdakı açıqlamanı verdi:

-Dəyərli oxucular, öncə hər birinizi salamlayıram. Bu mənim kitqabsevərlərlə  ikinci görüşümdür. İlk görüşümüz hələ iki il qabaq- 2023-cü ildə ilk şeir kitabım olan “Payız ayrılığın ikinci adıdır” kitabı ilə olmuşdu. İndi isə mən sizinlə daha fərqli format və mövzuda görüşürəm. “Atasız uşaqlar” mənim iki ilimin məhsuludur. Öncə onu deyim ki, bir roman, bir əsər yazıçı üçün övlad qədər şirindir. Yazıçı kitabını övladı qədər sevərmiş. Mənim bu “övlad”ım tam iki ilə ərsəyə gəldi. Və təbii ki, mən onu çox sevirəm. Roman valideyn qayğısından uzaq, cəmiyyətin tərəfindən tərki-kənar edilmiş altı uşağın taleyindən bəhs edir. Bu vəsiləylə roman cəmiyyətimizdə mövcud olan bəzi insani və mənəvi problemləri göz önünə gətirərək belə uşaqların harayıdır, çağırışıdır. Kitaba ön söz yazan şair-publisist, yazıçı Əkbər Qoşalının da dediyi kimi, əsərin əsas fəlsəfi qayəsi “valideynlərin sağ ikən yetim qalmaq” ideyası üzərində qurulub. Bəli. Biri var valideynlərin olmaya, biləsən ki, yetimsən. Biri də var onlardan heç olmasa biri sağdır və sən yenə də yetimsən. Adama ən çox təsir edən də, məhz, budur.

Bu uşaqların birlikdə necə yaşadıqlarını qələmə almışam. Onlar ayrı-ayrı evdən çıxmış, ancaq birlikdə yaşamağa məcbur olan “atasız uşaqlar”dır. Soruşa bilərsiniz ki, bəs niyə yetim yox, anasız yox, məhz, atasız uşaqlar? Çünki mənim fikrimcə, ailələrin başsız qalmağının, boşanmaların və övladların yetim kimi böyüməsinin birinci səbəbkarı atalardır. Ailədə kişi kişi olmalıdır. Kişinin sözünün dəyəri, hörməti olmalıdır. Kişi kişi olmasa, o ailədən ailə olası deyil. Bu, 99% öz təsdiqi tapmış aksiomadır. Ona görə də mən öz qəhrəmanlarımı, məhz, “atasız uşaqlar” adlandırmışam. Və əsərdə qəhrəmanların və onlara bacılıq edən jurnalistin öz dili ilə dönə-dönə bu nüanslara toxunmuşam.

Əsər “Axşam atan gəlsin atana deyəcəm!” cümləsinə həsrət qalan uşaqlara həsr olunur. Qoy uşaqlar nə atasısız, nə də anasız qalsın. Qoy bütün uşaqlar- Azərbaycan övladı bəxtiyar böyüsün, atalı-analı böyüsün. Qoy cəmiyyətimiz bu cür uşaqlara laqeyd yanaşmasın. Onların dərdinə şərik çıxıb, həm maddi, həm mənəvi dəstəyini əsirgəməsin. Qoy hamı xoşbəxt olsun! İnanın mənə, bu gün yetim-yesir deyib özümüzdən kənarlaşdırdığımız o uşaqlar sabah cəmiyyətimizin ən samballı şəxsiyyətlərindən biri olacaqlar. Çünki zəhmətlə qazanılan həyatın dəyəri də böyük olur.

İlk kitabım kimi “Atasız uşaqlar”ın da seviləcəyinə və sevilərək oxunacağına inanıram. Hər birinizə xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.