Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı elektron məlumat bazası yaradılıb

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim  Yusif Səmədoğlunun anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, yazıçının zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı bazada akademik Nizami Cəfərovun “Yusif Səmədoğlu yazımı necə itirdi”, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Doğumun və ölümün mübarək, Yusif Səmədoğlu!” kimi məqalələrin tam mətni ilə yanaşı, yazıçının qızı Humay Vəkilovanın xatirələri də yer alır.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada  Yusif Səmədoğlunun müəllifi olduğu, redaktə etdiyi və haqqında qələmə alınan nəşrlərin, dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada “Səməd Vurğun haqqında”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı baza kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yusif_Semedoglu_el_melumat_bazasi/index.html  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.