Yenə yazın, Dədə... Featured

(Qərib Mehdinin “16-LAR” kitabı haqqında düşüncələr)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

“Günəşli günlər hardadır?” Başladığımız yeni gündə, yoxsa xatirələrdə? Bəlkə, hələ əlifbasını öyrənmədiyimiz “gələcək fənni”ndə?

 

Hə, bilirəm, hamınızın yadına Sədnik Paşanın “Qızıl tayfa” dediyi ayrımlarla bağlı o lətifə düşdü, yəqin. Yadına düşməyənlər desin, gələn dəfə danışaram o lətifəni. Mən indi məşhur “Qırmızı gün” ifadəsini təfəkkürümüzə həkk edən Dədə Qəribdən danışacağam. Bizi anam Güldərən Vəli “Qırmızı gün”ə güldürə-güldürə, “Günəşli günlər”ə ümidləndirə-ümidləndirə böyütdü.  Böyüdük... Və gördük: “Qırmızı gün” ağlamalıymış, ümidləndiyimiz günəşli günlər isə öz ovuclarımızın içindəki gözyaşı güzgüsündəymiş...

Yox, yox, mən demirəm “analar aldatdı bizi”, yox... Atalar aldatdı bizi! Dedilər, “dünya yaxşı insanlardan xali deyil...” Amma izah etmədilər “yaxşı insan” nədir, kimdir. Demirəm, bizdə günah yoxdur... Var...  Bilə-bilə, göz görə-görə aldanan kim idi ki?!  Kor-koranə sevməklə korun-korun yanmaq arasındakı dəmir çərçivə qədərdir öz gözümüzdən düşməyimiz.  Yəqin, həmyaşıdım olan kənd uşaqları o dəmir çərçivələrdən olan çəpərləri necə əzib keçməyi də xatırlayır, hələ barmaqlarımızı büküb o çərçivədən içəridə qarağat dərməyi də...

Hə, Dədə Qərib, görün, sizin əl boyda kitabınız məni haralara aparır... Görün, hardan keçirəm “16-LAR” kitabındakı bulaq başına çatmaq üçün...  “Müəllifdən” yazısında yazırsınız ha, “Nə çoxdur sözü köhnə fikirlərin daşıyıcısına çevirən müəlliflər”, məni o siyahıdan çıxın.  Fikrin köhnəsi olmur ki... Fikrin təkrarı da olmur... Fikrin cücərməsi olur, təkmilləşməsi olur. Hətta, çürüməsi belə, olur, amma köhnəsi olmur: mən bunu yaşamadım...

“Bizim də adımızı soruş...” yazısı “könlümün sevdalı məhbubu” Aləmzər Əlizadəyə həsr olunub. Hə, insan da insana vətən ola bilirmiş! Aləmzər Əlizadə mənə-yazıçı, şair Şəfa Vəliyə vətən olmağı bacardı öz ömür payında... Və siz, Dədə Qərib, bu yazıda deyirsiniz: “Allah yaratdığı bəndəsinin taleyinə cavabdehdir”.  Burda susuram, Dədə, sözünüzün qarşısında... Sadəcə, sizdən soruşuram: “Ürəyim dərddən yananda Allahı hara qoyum ki, qarsalanmasın?”

Fərruxə Pərişan haqqındakı  “Özünüaldatmanın təsəllisi və faciəsi” adlı yazıda gözəl yazıçımızın  “Domino oyunu” hekayəsindən bəhs edirsiniz. “Zaman ömür çırağının yağıdır...”-deyirsiniz, gözəl bənzətmədir. Amma başqa bir cümləniz var ki, oxudum, kitabı oradaca qoyub getdim uzaqlara... Çox uzaqlara... Bəlkə də, hələ qayıtmamışam o uzaqlardan... Bəlkə, elə bu sətirləri yazarkən də hələ oradayam...  Əvvəl, istədim, bu cümlənizi büküb qoyum “abır sandığı”nın küncünə, sonra baxdım, susub o sandığa nə qoymuşamsa,  məğlubiyyətim sayılıb. İndi elə, o getdiyim uzaqlardan bağırıram cümlənizi:  “... övladdan  böyük qazanc yoxdur, əgər yanındadırsa...”

Abır sandığının ən gözəl halını bilir mənim sevimli Nuşa bibim... Və əminəm, bu yazımı hansı əhvalla yazdığımı ən gözəl o anlayacaq. Nuşa bibim-Azərbaycan ədəbiyyatının ən cəsarətli qələm sahiblərindən biri Nüşabə Əsəd Məmmədli... Və siz, Dədə Qərib, “Bahalı üzük”  adlı yazıda  bibimin bütün yaradıcılığının sirrini bircə cümlədə açırsınız. Qeyd edirsiniz ki, Nüşabə xanımın yazılarında  “ruhumuzu oxşayan yaşıl, fikrimizi oyadan qırmızı rənglərə rast gələcəksiniz. Və bir də bu qırmızı rənglərin bağrına ağrı kimi səpələnmiş qara-qara xallara...”

Sevinc Mürvətqızını xoşlayıram. Bunu o, özü də bilmir. Əgər bir gün gəlib soruşsa ki, “Niyə?”, çiynimi çəkərəm.  Onun şeiriyyəti haqqında  qələmə aldığınız  “Mümkünsüzlük” yazısında bir cümlə var: “Zirvədə olan saflar, həm də, sadəlövh olurlar...”  İzninizlə, Dədə Qərib, sizə “Ay və Gün əfsanəsi”ni xatırladım. Sədnik Paşanın fikrincə, dünyanın Xeyir və Şər nizamı bu əfsanənin bətnindən çıxmışdı.  Bütün dünya xalqlarının folklorunda, mifologiyasında yeri olan “Ay və Gün əfsanəsi”ni xatırlatmaqda məqsədim sizin cümlənizin o biri-qaranlıq üzünü özümə söyləməkdir: “Uçurumun dibində olan sadəlövhlər, həm də, saf olurlar...”

Elçin Hüseynbəyliyə həsr etdiyiniz  “Qarabağ həsrəti, Şahnisə nənə və qurbanlıq Qaraca”  adlı yazınızda xalq olaraq yaşadığımız o qara lentli günləri xatırlayırsınız... O gəldi, bu getdi, o baxdı, bu gördü, o dedi, bu güldü... Bizsə, elə hey oturub qan-qadasız sülhü gözlədik.  Əsl qafqazlı olaraq mərhəmətimizin qələbəsinə güvəndik. Anlamadıq ki, bu gün Qafqaza və qafqazlıya xor baxmağı öyrənmiş Qərb, lap elə Uzaq Şərq də bizim qüdrətimizdən çəkinib, çəkinir və çəkinəcək də... Neynək, o da bir tale idi, başımızı aşağı salmışdıq, cibimizə də bir səbir daşı qoymuşduq. Ki, insan qanı töküldü, bəsdir... Ki, atalar oğulsuz, oğullar atasız qalmasın... Əli qələm tutanımızın gücü ona çatırdı ki, yazsın, yazsın... Amma bəzən yaşananlar yazılanları utandıra bilirmiş... Bunu da, bizdən öncə siz gördünüz, Dədə... Siz yazdınız: “Ağrılı mövzuların oxucu meydanına çıxarılması vəziyyəti düzəltdimi?”  Bu cümlənin xeyrə yozulası bircə cavabı var ki, hardasa bir yazıçı kimi özümə də təsəlli sayıla bilər: “Həmin oxucular böyüdü, əldə silah düşmən üstünə yeridi və torpaqlarımızı azadlıq günəşinə qovuşduraraq ədaləti bərqərar etdi!”  Bu günə şükür! Hər mənada, şükür!

“Görəsən, birmənalı saydığımız ümid yerinin o biri üzündə hansısa nəsnələr baş verir?”  Bu cümlə  Xəzangül xanımın şeirindən bəhs edən  “İki misranın yükü” yazısındandır. Siz öz baxış bucağınızla bu suala cavab axtarmısınız. Tapdığınız kiçik cavablar üçün sizi təbrik etməyimə icazə verin. Amma gəlin, etiraf edək: çox vaxt heç bizə maraqlı da gəlmir ümid yerinin o biri üzü... Yapışırıq öz ümidimizdən, yellənirik  ömrün  yel dəyirmanında... Məna axtarmaq cəhdlərimiz Don Kixot olanda isə, özümüzlə məzələnirik.  Və də, etdiyimiz-etmədiyimiz nə varsa, qalaqlayırıq üst-üstə, ayağımızın altına qoyuruq, boynumuzu keçiririk vicdan kəndirinə, deyirik: “Pəh... Yaşadım...”  Sözlərimdə yalan tapsanız, xahiş edirəm, bir zərfə qoyun və poçtalyona verin.  Ünvanımı tapacaq... İnsan yalanına da sahib çıxmalıdır!

“Barat Vüsal kəhkəşanından bir ulduz” yazısında siz düşüncə həsrətlərini bitirirsiniz, mənim Damcılı bulaq həsrətim təzələnir. Elə bilirəm, Avey dağı yamacındakı Ay məbədinin qaralan qapısını özünə ağız bilib məni səsləyir. Elə bilirəm, Didvana qalxan dolaylarda qoyduğum izlərdə daşlar daha mamır saxlamır... Elə bilirəm, Qıraq Kəsəməndə  köhnə, gil başdaşılarının dibində daha ilanlar da yuva qurmur... Damcılıya bir də gedənədək elə biləcəyəm. Siz isə, “hərənin bir ucalıq etalonu var” deyirsiniz. Olsun... Bu da olsun... Amma gəlin görək, “ucalıq” sözünün özünün belə, konkret olaraq ehtiva etdiyi bir ölçü varmı? Saatlarla müzakirə edə bilərik “ucalıq” deyiləndə nəzərdə tutulanı. Lakin siz bu yazıda elə bir cümlə də işlətmisiniz ki, qarşısında əl-əl üstə duracağım bütdür o cümlə: “Barat torpağı ucalıq sanır...” Həqiqətə heyrət anında insan bütpərəst də olar, tərsa da...

“Di gəl, barışma...” Yox,  mən insan heyrətinin daşlığı, bütlüyü ilə barışmağa səsləmirəm heç kimi. Bu cümləni siz yazmısınız, Dədə Qərib. Hamımızın Zaur Həkim kimi tanıdığımız Zaur Əliyevin hekayəsi haqqındakı təəssüratlarınızı qələmə alanda başlığa bu kiçik cümləni çıxarmısınız.  Zaur Həkimin bədii qəhrəmanından danışarkən onun “qədrini bilmədiyi sədaəti geridə qoyduğunu, dumanlı olacaqlara doğru irəlilədiyini” göz önünə çəkirsiniz. Hansımız elə deyilik? Hansımız “xoş gün”ə  konkret tərif verə bilirik? Yazımın əvvəlindəki cümlənimi təkrarlayım, Dədə Qərib? Mən təkrarlamayım, oxucu özü istəsə, təkrar başa qayıdar... Oxucuya da seçim şansı verməliyik!

Nağılbilməz nənələrin nəvələrə ayırmağa vaxtı olmadığı bir dövrə gəlmişik... Mənsə, bu reallığı görə-görə, bilə-bilə, iztirabını dərk edə-edə hələ də oturub nağıl yazıram. “Azalyalı nağıllar”ın I cildi nəşr olunub, II üçün hazırlıq gedir. Bu boyda ümidsizliyə, hərfi mənada, bu boyda nağılsızlığa nağılla üsyan edirəm. Neynim, Əli Kərim demiş, “mənim də gücüm buna çatır”.  

“16-LAR”dakı “Elçinin nağılları və yaxud nağılın gerçəyə dedikləri” yazısı məni məcbur etdi ki, nağılın indiki halı haqqında bir-iki cümləlik fikir bildirim. Axı siz gözəl yazmısınız, Dədə Qərib: “Nağıl gerçəyə gərəkli söz deməlidir”.

Hə, bayaq Ramiz Rövşənin misrasını misal çəkmişdim... Bu il tərtib etdiyim bir kitabda Ramiz Rövşənə həsr olunmuş o qədər gözəl yazılar oxumuşam ki!  Əli Bağışın “Altı və Sıfır” adlı kitabını deyirəm. Əlinizə keçsə, istərdim o kitabı, xüsusilə, Ramiz Rövşəndən bəhs edən yazıları oxuyasınız, Dədə.  Onda gülümsəyəcəksiniz... Biləcəksiniz ki,  insan xislətində “qaranlığın mübarizə dövrü”ndə öz yenilməzliyi ilə seçilən şairin bəxtinə “işığın mübarizə dövrü” də kəm düşməyib...   Dediyiniz kimi, “İşıqla Qaranlığın mübarizəsi növbəlidir” axı...

Aydın Murovdağlıya “Aydınlığa doğru, Aydın!” deyirsiniz...  Bir epizod var, onu Qulu Ağsəsə söyləmişəm, kitabına salıb, sizə də söyləyim. Mahrasa bağında kirayə mənzil axtaran gənc ailəyə ev göstərir bir qoca.... Evin qapı-pəncərəsi qırıq, qaz borusu sızdırır, su sistemi işləmir. Gənc kişi təklif edir:

-Bir-iki ay kirayə pulu almayın, o pula biz buranı düzəldək. İnsan yaşayası ev deyil...

Ev yiyəsi deyir:

-Mən də bilirəm adam yaşayası deyil. Kirəçi üçündür də! 

...Bilirəm, məndən Aydın müəllimə, Ümbülbanu xanıma təsəlli cümləsi umurdunuz, Dədə. Neynim, həqiqət bu qədər ağır və acı olur...  Mən hələ o ev yiyəsinin baxışlarını da unutmamışam, səsini də... Heç o evin ünvanı da yadımdan çıxmır... Tanrı unutdurmasın!

“...Su vətənləşəndə” nə baş verir? Əli heç nəyə, heç yerə çatmayan bir kəlbəcərli 2005-ci ilin iyun ayında üzü dağlara sarı bayatı çəkmişdi. Görmüşdüm... Ümidi ərşin bu başından-o başınacan yüyürməyə hünərli olan bir kəlbəcərlinin ömrü yetməmişdi Zəylik kəndinin havasını içinə çəkməyə... Görmüşdüm... Və yazmışdım: “Müharibənin fəlsəfəsi yoxdur”.  Sonra 2020-ci ildə “32” ilə başlayan nömrələrə sahib maşınların Gəncənin asfalt küçələrini Ömər aşırımı bilib oyur-oynadığını da gördüm. İndi, ömrü yetməyən zəyliklinin oğlunun Kəlbəcərdə işlədiyini eşidəndə, bir vaxt “Nağıl-Kəlbəcər” şeirini yazmış biri kimi, bircə bunu bacardım: yarımlitrlik “İstisu” açdım, içi Adil Cəmil qarışıq, bütün kəlbəcərlilərə gözaydınlığı misalı başıma çəkdim... Bildim, “İstisu”, həm də, torpaq həsrətli ürəklərə vətəndir...

Xosrov Natil haqqındakı “O gün uzaqda deyil” yazınızda işğal günlərinin fəlsəfəsindən bəhs edirsiniz, Dədə.  Həmfikirəm sizinlə, “günlərin də insan ovqatına təsiri var”.  İllərlə işğal tarixlərini əzbərləyən uşaqlar böyüdü, indi öz uşaqlarına işğaldakı torpaqlarımızın azad edildiyi günləri öyrədirlər! Haqlıydınız, o gün-Qisas Günü də, Zəfər Günü də uzaq deyildi, uzaqda da qalmadı...

“Cazibə” yazısı Saleh Qurbanovdan bəhs edir. Ədəbi, nəzakəti və ədəbiyyata olan eşqiylə 15 il əvvəldən tanıdığım Saleh müəllim... İbadət xanım da, Kənan qardaşım da yadıma düşdü. Ədəbiyyatsevər və yazıb-yaratmaq şövqüylə ruhları çağlayan Qurbanovlar ailəsi, yaxşı ki, vardınız mənin baxdığım ədəbiyyat üfüqlərində... 

Dədə Qərib, siz Saleh müəllimin zəngin və nizamlı mütaliəsinə vurğu edərək yazırsınız: “... bu bədii qidalanmalardan sonra o, öz original şeirini yaradır”. Mənsə, əlavə edirəm: “Saleh müəllimin baxdığı dağlar, yeridiyi cığırlar, səsini dinlədiyi çaylar, quşlar, hətta bir qış gecəsində lap uzaqda ulayan qara canavar da yaradır onun şeirini. Buna görə safdır, dumdurudur Saleh Qurbanovun şeiriyyəti... Əl dəyməmiş, ilkinliyindən heç nə itirməmiş, cilalanmamış almaz misalı bir şeiriyyət!”

Təranə Vahid... Ötən payız ürəyimin bir parçası qaldı Təranə xanımın yanında... Bir ana ötürdü dünya öz sinəsindən üzü əbədiyyətə sarı... Təranə Vahid kimi bir qızı, bir şairi, bir insanı dünyaya gətirən, böyüdüb boya-başa yetirən ana... Anam Güldərən Vəliyə dediyim bir cümlə var: “Hər ana insan yetişdirmir, sən bacardın, anam!”. Təranə Vahidi tanıyanların hamısı bilir  ki, onun anası da əsl insan yetişdirməyi bacarıb!  O ana getdi... Qaldı Təranə Vahidə deyiləsi/yazılası min-min söz... Ya da sözə sığmayan duyğular... Hansı harada, necə yazılacaq/dilə gələcək, bilmirəm. Hələliksə, Dədə Qərib, sizin “İkinci yolu unutma” adlı yazınızdakı cümlənizi təkrarlamaq istəyirəm: “Qələm ilə oxucu arasındakı “dartışmanın” öz halal yolu, halal qələbəsi mövcuddur”.  Təranə Vahidin yazdıqlarını az-az oxuyuram... Çünki o yazılara uduzuram. Məğlubiyyətimin etirafı, ən azı, 3 abzas tutur...

“Nə yaxşı o yağış yağdı” deyib Eltun Türkel ilə bağlı xatirənizi qələmə almısınız, Dədə.  O kiçik zaman kəsiyində təbiətin ən böyük hadisələrindən biri yaşanıb-yağış yağıb, insan xisləti “yağışın altında qoyub qaçmaq” və “birgə islanmaq” qarşıdurmasında özünü ən ucqardakı mənasınadək açıb... Və siz, Dədə Qərib, bir daha əmin olmusunuz ki,  “Şairin də göyqurşaqlı bir səması var”.   Onda, sizə qəşəng bir alqış edəcəyəm: həmişə şairə rast gəlin!

Dədə Qərib, əl boyda kitabın mənə bələdçilik edərək gah daxili dünyama,   gah təbiətə, gah insan-həyat-xislət mürəkkəbliyinə çəkib apardığını gördünüzmü? Sizdən soruşmayacağam ki, müəllif olaraq bunu necə bacardınız?  Çünki kitabın sonundakı iki yazını da oxumuşam: redaktorlar Ümbülbanu xanımın və Firəngiz xanımın yazılarını... Ümbülbanu xanım sirrinizə sadiq qalıb. Firəngiz xanım isə sirrinizi açmaqda heç tərəddüd etməyib. Yazıb: “17-ci.....filosof Qərib Mehdidir”.

Yenə yazın, Dədə, yenə yazın... Yazılarda görüşək!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.