Gənclər Kitabxanasında “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

 

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illik yubileyi tamam olur. Bu  münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilən biblioqrafik vəsait nəşr etdirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxananın nəşr etdiyi “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.

Şairin 120 illik yubileyi ərəfəsində tərtib olunan biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında  ön söz”,  “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun  “Xatirələr işığında - Osman Sarıvəlli”,  ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında”, həmçinin müəllifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə edən materiallar öz əksini tapmışdır.

Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, M.F.Axundov adına Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun  kitabxanalarının fondlarından, ənənəvi  və elektron kataloqlarından, internet resursların­dan, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilmişdir.

Kitabın elmi redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərovdur.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.