Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.
VAQİF SƏMƏDOĞLU. “RUS ÇARININ TANKLARI”
Sən bəlkə də sevinərdin
Baxıb dənizə sarı
Axı yuxuna girməzdi
Rus çarının tankları.
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.
Bu şeiri mən 1968-ci ildə, Sovet ordusu Çexoslovakiyaya girəndə Füzuliyə həsr etmişəm. Səhv eləmirəmsə, o vaxt Füzuli gecəsi keçirilirdi. İşə bax, üstündən iyirmi il keçəndən sonra sovet tankları Bakıya girdi. Göz yaşları içində Anara zəng vurdum. Dəstəyi həyat yoldaşı götürdü. “Axı yuxuna girməzdi rus çarının tankları”, – dedim telefonda, Zemfira xanım da kövrəldi. Müdriklər düz deyib ki, tarix təkrar olunur.
(“Azərbaycan” jurnalı, 1996)
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


