“Naxçıvan şivələrinin frazeoloji lüğəti” adlı kitab işıq üzü görüb

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın birgə müəllifliyi ilə hazırlanmış “Naxçıvan şivələrinin frazeoloji lüğəti” kitabı nəşr olunaraq elmi ictimaiyyətin, dilçilik mütəxəssislərinin və geniş oxucu kütləsinin istifadəsinə verilib.

 

Frazeoloji vahidlər yalnız dil faktı deyil, həm də onu yaradan xalqın dünyagörüşünü, düşüncə tərzini, adət-ənənələrini, məişət xüsusiyyətlərini və mənəvi dəyərlərini əks etdirən mühüm dil qatıdır. Bu baxımdan Naxçıvan bölgəsinin şifahi dil ənənələrində qorunub saxlanılan frazeoloji materialların sistemli şəkildə toplanması və elmi dövriyyəyə gətirilməsi regionun dil irsinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

“Apostrof-A” nəşriyyatında çap olunan, 340 səhifədən ibarət lüğətin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Nəşr ön söz, materialların toplanıldığı yaşayış məntəqələrinin siyahısı və lüğət hissələrindən ibarətdir. Bu quruluş oxuculara həm lüğətin elmi-metodoloji əsasları, həm də frazeoloji vahidlərin coğrafi arealını ardıcıl şəkildə izləmək imkanı yaradır.

Lüğətdə Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Şərur, Şahbuz və Sədərək rayonlarının müxtəlif yaşayış məntəqələrindən toplanmış frazeoloji vahidlər əhatə olunub. Yaşayış məntəqələrinin ayrı-ayrılıqda göstərilməsi materialların konkret mənşəyini müəyyənləşdirmək baxımından tədqiqatçıların işini xeyli asanlaşdırır.

Nəşrdə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində işlənən və məhəlli xarakter daşıyan 20 minə yaxın frazeoloji ifadə toplanıb. Lüğətin tərtibi uzun illər aparılmış dialektoloji ekspedisiyalar zamanı əldə edilən zəngin danışıq materialları əsasında həyata keçirilib. Hazırlıq prosesində həm yazılı mənbələrdən, həm də canlı danışıq materiallarından geniş istifadə olunub.

Kitabın əsas məqsədi Naxçıvan şivələrində bu günədək şifahi şəkildə yaşamaqda davam edən frazeoloji sərvəti yazılı şəkildə qorumaq, sistemləşdirmək və elmi dövriyyəyə daxil edərək gələcək nəsillərin istifadəsinə verməkdir. Lüğət dilçilik, folklor, etnoqrafiya, tarix və mədəniyyət sahələrində çalışan tədqiqatçılar üçün zəngin material təqdim etməklə yanaşı, Azərbaycan dilinin dialekt və şivələrinə maraq göstərən geniş oxucu auditoriyası üçün də dəyərli mənbədir.

“Naxçıvan şivələrinin frazeoloji lüğəti” regionun dil irsinin qorunması və təbliği istiqamətində mühüm elmi addım olmaqla yanaşı, Azərbaycan dilçiliyinə verilən əhəmiyyətli töhfələrdən biri kimi qiymətləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.