Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

 

Ötən gün Azərbaycan Respublikasının suverenliyində və ərazi bütövlüyünün qorunmasında, əsgərlərimizlə çiyin-çiyinə böyük qəhrəmanlıq göstərən, tibb xidməti baş leytenantı,  Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anadan olmasından 65 il ötdü. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Milli qəhrəmanlar unudulmur” silsiləsi çərçivəsində “İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni hazırlanıb.

 

Məlumat bülleteni Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlara dair ədəbiyyatı geniş oxucu kütləsi üçün, xüsusilə də gənclər arasında vətənpərvərliyi təbliğ etmək məqsədi ilə tərtib olunub.

Vəsaitdə  “Döyüş yolu 20 Yanvar faciəsindən başlayan qəhrəman” ,“İki məzarı olan qadın qəhrəmanımız: “Deyirdi, güllələr yanımdan keçir, mənə dəymir...”, “Adı əfsanəyə çevrilən xanımlar - üç milli qəhrəman” adlı bölmələr altında Gültəkin Əsgərovanın şərəfli ömür yolu, irsi və xatirəsi haqqında geniş məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda qəhrəman xanım haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin siyahısı yer alır. Məlumat bülletenində bu kitabların görüntüləri də sərgilənir.

 “İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında yerləşdirilib.

 https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.