ANAR, “Bəzən yaxında da..” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ŞEİRLƏR

“Bəzən yaxında da...”

 

 Ellər yaraşığı, ölkə gözəli,

 Nə gözəl doğubsan anadan, Pəri!

Ənliyi, kirşanı neynir camalın,

Sən elə gözəlsən binadan, Pəri!

                                  Molla Pənah Vaqif

 

Bəzən yaxında da uzaq ceyranım,

Bəzənsə uzaqdan qaynayır qanım.

Həyatım, mələyim, ciyərim, canım,

Adını çəkməyə qorxduğum Pəri!

 

Uca dağ başının təmiz qarı var,

Bəhrəli bağların növ-növ barı var.

Kimin mənim kimi gizli yarı var,

Açıqda sevməyə qorxduğum Pəri!

 

Neçə gündür yoxdu səsi-sorağı,

Şirindən şirindi dili, dodağı.

Mənə sən öyrətdin, sən, yaşamağı,

Dərdindən ölməyə qorxduğum Pəri!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.