ANAR, “Daş qəlblilər” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ŞEİRLƏR

DAŞ QƏLBLİLƏR

 

Daş qəlbli insanları neylərdin, İlahi?

Bizdə bu soyuq qanları neylərdin, İlahi?

                                          Mirzə Ələkbər Sabir

 

Daş qəlbli insanları neyləyirdin, İlahi,

Bu rüşvət alanları neyləyirdin, İlahi?

 

Bu qədər işsiz adam, kasıb, xəstə var ikən

Bahalı dərmanları neyləyirdin, İlahi?

 

Toylarda bərk piləyib zurna-balabanları,

Qulaq batıranları neyləyirdin, İlahi?

 

Səpələyib, sovurub haram pulu-paranı,

Çalıb-çaldıranları neyləyirdin, İlahi?

 

Ölüsün dəfn etməyə imkanı olmayan var,

“Yan-yaxıl” ehsanları neyləyirdin, İlahi?

 

Çörəyə pul tapmayan zavallılar önündə

Belə şıq dükanları, bol-bol restoranları neyləyirdin, İlahi?

 

Guya hər şey yerində, qurd quzuyla otlayır,

Belə ağ yalanları neyləyirdin, İlahi?

 

Kağız üstündə qalan, üstünə milçək qonan

Möhürlü fərmanları neyləyirdin, İlahi?

 

Dünən səsini qısan, bu gün bar-bar bağıran,

Bu cür “qəhrəmanları” neyləyirdin, İlahi?

 

Kimsə oxumur kitab, sözə məhəl qoyan yox,

Bəs bunca yazanları neyləyirdin, İlahi?

 

Dediyi böhtan, yalan, heç bir şey anlamayan,

Nə qanan, nə qandıran kütbeyin nadanları neyləyirdin, İlahi?

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.