ANAR, “XX əsrin son bədbin şeiri“ Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

MİNİLLƏRİN AYRICINDA

XX ƏSRİN SON BƏDBİN ŞEİRİ

 

Kimdir döyən qapımı,

rüzgarmı, əcəlmidir?

Zülmətlərdən uzanan

bumbuz soyuq əlmidir?

Günlər bir-bir tökülür

payız yarpağı kimi,

Gecə çökür aləmə

tabut qapağı kimi.

Qarlı qış gecəsinin

bəyaz qaranlığında,

ömrün axır çağında,

sonuncu durağında,

Ürək yenə aldanır

bir ümid sorağında

sanki novruzgülütək

açacaq məzar üstə

qalaqlanmış əklillər.

Sanki gedər-gəlməzdən

Bir də geri dönəcək

Əriyib itən illər.

Gecələr xatirələr

Ulduzlartək sayrışır.

Tale ötən günlərlə

Gah küsür, gah barışır.

Xatirələrdir ancaq gecələr bizə qalan,

Sonra səhər açılır –

 həyat adlı bir yalan.

                                 Dekabr, 2000

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.