Yeni kitab – “Həsrətimi çəkəcəksən”

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra"  mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Cəlilabad ədəbi mühitinin tanınmış və istedadlı nümayəndələrindən olan Sevinc Şirvanlının yenicə nəşr edilmiş şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.

 

Kitabın əsas məlumatları:

Kitabın adı: "Həsrətimi çəkəcəksən" (Sevinc Şirvanlının poeziya dünyasından bir damla)

Müəllif: Sevinc Şirvanlı

Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə

Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı

Nəşr olunduğu il: 2025

 

Kitab barədə:

Bu kitab mənim "Sevinc Şirvanlı: Cəlilabad ədəbi mühitinin saflıq və ismət nümunəsi" başlıqlıqlı təqdimat və qısa təhlil məqaləmlə başlayır, ardınca müəllif Sevinc xanımın ön sözü, daha sonra isə onun müxtəlif illər boyu fərqli mövzularda qələmə aldığı, eyni halda bir-birindən maraqlı və gözəl olan 50 şeiri ilə davam edir.

Kitabda şair xanımın həyat, rayonumuz, insanlıq, şəhid, uşaqlar, rənglər, milli kinolarımız, qonşular, göyərçinlər, Ulu Tanrı, məzarlıq, Mikayıl Müşfiq, ata, musiqi müəllimləri, şeir, həsrət, Novruz bayramı, ilk kitabım, güllər, yaz havası, mərhum Məşhədi Məhəmməd, Kərbəla, İmam Hüseyn (ə), Nizami Gəncəvi, çox sevdiklərim, ağaclar, dost və digər həyat düşüncələrinə aid mövzularda qələmə aldığı şeirləri yer almışdır.

Kitaba yazdığım təqdimatda qeyd etdiyim kimi, şəxsən Sevinc xanımın şeirlərini oxuyan və onun poeziya dünyası ilə yaxından tanış olan bir oxucu kimi deyə bilərəm ki, Sevinc Şirvanlı əlinə qələm alıb sadəcə nəsə yazmır, əslində büsbütün səmimiyyəti və ülvi hissləri ilə insani keyfiyyətlər və milli-mənəvi dəyərlərimizin poetik carçısı və təbliğçisinə çevrilir. Onun şeirlərinə hakim olan sadəlik və səmimiyyət hər bir oxucunun diqqətini özünə cəlb edir...

Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin dəyərli və istedadlı xanım şairi Sevinc Şirvanlını işıq üzü görmüş ikinci kitabına görə səmimi qəlbdən təbrik edir, bu sahədə mənə göstərdiyi etimada görə ona təşəkkürümü bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram!

Bu arada "Elm və təhsil" nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.