ANAR, “Həvəskar şairdən xalq şairinə“ Featured

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

HƏVƏSKAR ŞAİRDƏN XALQ ŞAİRİNƏ

                                              Fikrət Qocaya

Tanış olduğumuz gün necə cavan idik biz,

Yaman uzaqda qaldı moskvalı gəncliyimiz.

 

Çörək kəsdik səninlə, hərdən araq da içdük,

Çox qarışıq illərin yüz sınağından keçdik.

Döndərmək istədilər,

Yolumuzdan dönmədik.

Sındırmaq istədilər,

Söndürmək istədilər,

Biz sınmadıq, sönmədik.

 

Gözlərin əvvəlkitək işıqlıdır, diridir,

Amma burnun da bir az burnum kimi iridir.

Nə qəm, kefini pozma, etmə bunun xiffətin,

Burnun ki heç bir zaman

İy çəkməyib havadan,

“Dostumuz”tək dəyişmir hər havada sifətin.

 

Tanrım hər şeyi bilər, hər işi də düz elər.

İstədiyin işlər də, inşallah, düzələr.

 

Dünya sənə tanışdı,

Gah səninlə dalaşdı,

Gah səninlə danışdı.

Dünya belə dünyadı – mübarizə, döyüşdü.

İllər ötüb keçdikcə dünya yaman dəyişdi.

Sənsə əvvəlki kimi həmin Fikrət Qocasan,

Vüqarın, qeyrətinlə ucalardan ucasan,

Arzum budur, həmişə

ilham qanadlarında

Uçasan, hey uçasan.

Bunu bilirəm, dostum, işimiz çox çətindi,

Amma bax ha, nəbadə,

Bir gün lap təngə gəlib

Balıqçılıq etməkçün

Baş götürüb qaçasan.

                    30 iyul 2001

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.