Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
EMİNƏ AĞI
Bir həftə bundan qabaq Emin Sabitoğlu ali məktəblərinin birində dərs dediyi İstanbuldan Bakıya gəlmişdi. Noyabrın 21-də Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan tədbirdə – atası Sabit Rəhmanın 90 illiyi yubileyində iştirak etmək üçün.
Üç həftə bundan qabaq Eminə Xalq artisti adı verilmişdi. Noyabın 17-də Akif Rəfiyevin təklifi və dəvətiylə Eminin gəlişini və ad almasını qeyd etmək üçün dost məclisinə yığışmışdıq: Fikrət Qoca, Vaqif Səmədoğlu, Akif, Emin, mən. Eminin sağlığına badələr qaldırırdıq. O özü içmirdi, amma son illərdə ilk dəfə olaraq Emini belə şən, nəşəli görürdüm. Vaqiflə, mənimlə bir yerdə oxuduğumuz məktəbi, məktəb illərini, gəncliyimizi xatırlayırdıq. Vaxtsız itirdiyimiz dostlarımızı – Arazı, Yusifi yada salırdıq. Ötüb keçən illərin gah kədərli, gah məzəli günlərinə qayıdırdıq. Fikrət, Vaqif köhnə və təzə şeirlərini oxuyurdular. Emin də onlara qoşulub gəncliyimizdən sevdiyi və əzbər bildiyi bir şeiri – Mikayıl Rəfilinin “Pəncərə” şeirini oxudu:
Fikrim bir sap kimi
ilişirdi parıldayan bir xəncərə,
Qarşımdakı böyük şəhər –
bir pəncərə.
Axşam saat 11-də ayrıldıq. Mən evimin tinində maşından düşdüm, maşın Vaqiflə Emini evlərinə apardı. Heç əl verib görüşmədik də... İki gün sonra Yazıçılar Birliyindəgörüşəcəyimizi vədələşdik. Emin atasının yubileyinə dəvətnamələri gətirəcəkdi. Mən maşından çıxanda Emin mənə və Vaqifə qələm bağışladı. Belə şakəri vardı – hər dəfə Türkiyədən Bakıya gələndə hərəmizə bir qələm hədiyyə edərdi. Evə gəldim, saat ikiylə üç arasında yuxuladım. Yuxuda gördüm ki, Emin ölüb.
Səhər saat doqquzun yarısında qızı Ceyran zəng elədi və dedi ki, gecə saat dörd radələrində Eminin ürəyi dayanıb.
Əlli beş illik dostum,
Niyə, niyə axı sən
Həyatdan doydun, bıqdın?
Sən ki etibarlıydın,
Niyə vəfasız çıxdın?
Niyə belə tələsdin,
Qürbətdən betər olan
Ayrılığın acısın
Bilə-bilə tələsdin...
Sənsiz qalan bu dünyam
həsrətli bir aləmdi,
Kədərdi, dərddi, qəmdi,
hıçqırıqdı, ələmdi.
Əlimdə bu qələm də
Sənin son hədiyyəndir –
QARA YAZAN qələmdi...
Eminin məşhur bir mahnısı var. Sözləri Fikrət Qocanındır:
“Payız gəldi, uçdu getdi quşlar”. Dünyaya payızda gəlmişdi – noyabrın 2-də, payızda da uçdu getdi. Son dostluq məclisimiz haqqında Fikrət dedi: “Sən demə, Emini yola salmağa yığışmışdıq”.
Neçə il Türkiyədə işlədi, sanki bayatımızın müdrikliyini təsdiq eləmək üçün Bakıya döndü:
“Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır”.
Əlvida, Emin, əlvida, əzizim, həmdəmim, munisim, məktəb və sənət yoldaşım, uşaqlıq, gənclik, qocalıq dostum. Bir Niyaziyə, bir də sənə maestro deyərdim.
Əlvida, maestro... Əlvida, Emin... Əlvida, Eminciyim...
20 noyabr, 2000
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)