Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
ÜMİDİNİ İTİRMƏ
Atama
Acı sözlər ürəyinə ox olsa da,
Düşmənlərin dostlarından çox olsa da,
Üfüq xətti birdən-birə yox olsa da,
Ümidini itirmə.
Dərdi-qəmin qalaqlanıb dağ olsa da,
Güman ölüb, gümansızlıq sağ olsa da,
Dindirəndə qan ağlayan çağ olsa da,
Ümidini itirmə.
Sevdiklərin bir gün dönüb yad olsa da,
Düşmən görüb nisgilini şad olsa da,
İnandığın hər nə var bərbad olsa da,
Ümidini itirmə.
2 may 1970
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)