ANAR, “Səssizlik” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

SƏSSİZLİK

 

Hər il budaqlarda təzə yarpaqlar

tir-tir titrəşər,

pıç-pıç pıçıldar,

sonra

sovrular,

xəzəl olar,

ayaqlar altda

Xış-xış xışıldar.

Torpağın altında ağac kökləri

yüzillər boyu qalar

səssiz.

 

Dağlarda ruzigar

ulayar, ulayar...

Dağlar səssiz.

 

Cır-cır cırıldar

mancanaqlar,

yerin dibində

susuz quyular –

səssiz.

 

Qayalara çırpılar,

uğum-uğum uğuldar dalğalar.

Qayalar durar

Səssiz.

 

Göydə şimşəklər çaxar,

göyü ildırım yaxar,

göylər gur-gur guruldar.

Ulduzlar – səssiz.

 

Pır-pır pırıldar quşlar,

Yuvalar səssiz.

Şır-şır şırıldar sular,

Sular altında daşlar

əbədi yatar

Səssiz.

 

Meydanlarda kütlələr

hey çığırar, bağırar.

Sızım-sızım sızlayar

qəlbimdəki yaralar,

sızıldar səssiz.

              16 oktyabr 2003

                 Strasburq

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.