Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
Səməd Vurğunla Rəsul Rzanın düşmənçiliyi, məncə, Vaqif Səmədoğlu və Anarın saxta və yalançı dostluğundan üstündür, onların mübarizəsi bunların saxta qardaşlığından yüz qat yuxarıda dayanır. İnanıram ki, yeni gələn ədəbi nəsil bütün bunlara həqiqi qiyməti verəcək. Mən gənc yazarların bunları çox gözəl tanıdıqlarını və qiymət verdiklərini görürəm. Daha onlar haqqında mənim nəsə yazmağıma ehtiyac yoxdur.
Əkrəm Əylisli, “Ədalət” qəzeti, 31 avqust 2005
Hər iki tərəfdən – dırnaq içində deyirəm: “səmədçilər”dən də, “rəsulçular”dan da onillərdir Anarla Vaqifin kəllə-kəlləyə gələcəklərini gözləyənlər var. Kənardan baxıb həzz almaq üçün. Görməyəcəklər. Olmayacaq bu. Çünki biz o tərbiyənin yiyəsi deyilik. Qəzetdə (əleyhimə) yazı çıxanda Anara dedim ki, o cür adamlara reaksiya vermək lazım deyil. Yazı müəllifinin istədiyi odur ki, sən ona cavab verəsən. Cavab verildi. Sonra ikinci, üçüncü yazı yazıldı. Və həmin müəllif öz istəyinə çatdı: yəni mən də varam.
Vaqif Səmədoğluyla müsahibədən. “Azadlıq” qəzeti. 20 iyul 1999
Əvvəla, Səməd Vurğunla Rəsul Rzanın yaradıcılıq mübahisələrini düşmənçilik kimi qələmə verən aravuranlar onların sağlığında da vardılar, indi də, göründüyü kimi, kökləri kəsilməyib.
İkincisi, dostluqda sədaqətin və etibarın nə olduğunu bilməyən, yeri gələndə də, gəlməyəndə də bütün dostlarını satan adamın, əlbəttə, saxta deyil, səmimi dostluq haqqında nə təsəvvürü ola bilər?
Anar
Mən Əkrəm Əylisli haqqında bircə söz demək istərdim. Əkrəm Əylislinin kim olduğunu bilmək istəyirsinizsə, “Dəhnə”ni, “Ağ dərə”ni, “Adamlar və ağaçlar”ı oxuyun. Mən tanıdığım, mən sevdiyim Əkrəm Əylisli ordadır, televiziya ekranlarında gördüyüm Əkrəm Əylisli çox cılız bir varlıqdır.
Vaqif Səmədoğlu, “Yeni Azərbaycan” qəzeti,2 may 2002
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)