Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU RƏSUL RZA BARƏDƏ
Rəsul Rza haqqında esselər və şeir yazmış Vaqif Səmədoğlu müsahibələrində deyir: “Rəsul Rza Azərbaycan ədəbiyyatı tarixində ən anlaşılmaz şairdir. Rəsul Rzanı sevənlər də, sevməyənlər də əksərən ona çox səthi platformadan yanaşırlar” (“Xəzər” dərgisi, №2, 1997).
“Rəsul Rzanın müasirliyi bizim bugünkü çağdaşlığımızdan çox-çox irəli gedən müasirlikdir. Onun poeziyası XXI əsrin yox, XXII əsrin astanasında duran bir poeziyadır. Elə bəlkə o səbəbdən Rəsul Rza öz çağdaşları arasında layiq olduğu populyarlığı qazanmayıb” (“Azərbaycan müəllimi” qəzeti, 6-12 yanvar, 2000).
“Rəsul Rza şəxsən mənim üçün bir insan, bir şair kimi kim idi? Mən 17 yaşım olanda atamı itirdim. Azərbaycanın başqa böyük şairini, Səməd Vurğunu itirdik. Mən ədəbiyyata gələndə artıq atam yox idi. Onun müdrik, yolgöstərən məsləhətlərindən tale məni məhrum etmişdi. Ancaq mən xoşbəxt adamam ki, Rəsul Rza mənim əlimdən tutdu. Taleyim belə gətirdi. 1950-ci illərin sonunda, 60-cı illərin əvvəllərində Rəsul Rza, mən daxil olmaqla, Azərbaycanın bir qrup gənc şairinə, yazıçısına sözün əsl mənasında həm arxa olub, həm də bizi arxasınca aparan olub. Mən ona əmi deyirdim.
***
Şeir oxumağa başladığım vaxtdan onun poeziyasını sevmişəm. Elə həftə, elə ay olmayıb ki, Rəsul Rzanın şeirlərini oxumayım. Hər dəfə oxuyanda hətta məlum şeirlərində yeni fikir, yeni həqiqətlər tapmışam.
1962-ci ildən şeir yazıram. Şeirlərimin ilk hakimi, onlara ilk qiymət verən Rəsul Rza olmuşdur. Əgər onlar gərəklidirsə, qorxunc yalan torundan uzaqdırsa, mən bunun üçün Rəsul Rzaya borcluyam. Çünki məsuliyyət hissiylə şeir yazmağı mənə Rəsul Rza öz şeirləri və söhbətləri ilə öyrətdi. Onun estetik zövqünün yüksəkliyi, sadəliyi, poetik söz üçün daşıdığı böyük məsuliyyət məndən ötrü həqiqi məktəbdir.
***
O, Azərbaycan dilinin hər bir sözünü, demək olar ki, fiziki şəkildə duyur. Bəlkə elə buna görə də şeirlərində hər söz canlı bir varlıq kimi yaşayır; söz hərəkət edir, rəngdən rəngə düşür, tamamilə yeni ahəngdə səslənir, sanki yenidən doğulur. Məsələ onda deyil ki, şairin söz ehtiyatı çox zəngindir, məsələ ondadır ki, onun şeirində fikir sözün qulu yox, ağasıdır. Söz nə qədər qəşəng səslənsə də, qafiyəsi nə qədər uyar olsa da, Rəsul Rza qələmi onu pozacaq, əvəzində başqa bir söz yazacaq, qoy bu cür gözəl səslənməyən söz olsun, amma fikri daha dəqiq ifadə etsin, yerinə düşsün. Rəsul Rza şeir və poemalarının ilk misralarından oxucunu özüylə bərabər düşünməyə sövq edir, bədii və ictimai problemlərin həllində onu sanki öz həmkarı, həmfikri sayır. O, oxucunu müstəqil düşünməyə, ya yaratmağa (bəli, bəli, hətta yaratmağa) çağırır və addımbaaddım onunla bərabər yeriyir.
Rəsul Rzanın 90 yaşı tamam olur. Minillik Azərbaycan poeziyasının ən Anlanmamış Şairinin! Xalqına, torpağına uzatdığı əli hələ də havada qalmış, bu yurdun Mütəfəkkir Şairinin 90 yaşı. Bu əl gödək deyil, o uzalı ələ çatmayan bizim əlimizdir. Bunu etiraf etməsəm, öz qələmimi yerə qoyasıyam. Ancaq mən o günü görürəm, bu əllər qovuşacağı günü. Rəsul Rza marafonu sona yetəndə. Orda bu böyük Şairin və əsrimizin ən maraqlı parlaq insanlarından birini onun özü arzuladığı və aydın gördüyü bir Azərbaycan gözləyir. Azad düşüncəli, maariflənmiş, savadlı, güclü, dözümlü və həzin bir Vətən”.
“Rəsul Rza marafonu” məqaləsindən
Nigar xala,
Niyə demədim sənə:
– Rəsul öldü.
Niyə aldım əlindən
Necə il bir yastığa baş qoyduğun
acıdil, alagöz ərinin üstündə
dil deyib,
diz döyüb,
ağlamaq haqqını?
Eh, Nigar xala,
Eh, Rəsul əmi…
Fələk də ayıra bilməzdi sizi
Bu dünyada bir-birinizdən.
İndi o dünyada
necə tapacaqsınız bir-birinizi?
Necə tapacaqsan, Nigar xala,
sən onun ölümündən,
o sənin olümündən xəbərsiz?
Necə,
necə, Nigar xala?
Bəlkə gəldiyimiz bu dünyanı unutduğumuz tək
getdiyimiz dünyada da unuduruq
gəldiyimiz bu dünyanı.
Hələ soyumamış meyitinin yaddaşından
çıxmayıb ki, Rəsul əmi?
Yerişi ağır, ayağındakı yaradan azacıq axsaq,
oturuşu xan oturuşu,
ürəyi pambıq,
dili bıçaq,
gözləri ala…
Görəndə tanı
Tanı, Nigar xala…
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)