Vaqif Səmədoğlu Rəsul Rza haqqında Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU RƏSUL RZA HAQQINDA

 

POEZİYA NƏHRİ

 

Elə çaylar var ki, canlı nə varsa hamısında heyrət və etibar hissi, qəmli, amma güclü məhəbbət hissi oyadırlar. Azərbaycanda, təpələr və meşələr içində gizlənmiş vadilərdə, insan beyninin qırışları kimi qıvrılan dərələr boyu köhnə, kiçik, günəşin kor qoyduğu çaylar var. Təbiət suyu onlara yalnız baharda bəxş edir və bu zaman möcüzə baş verir – çay doğulur...

Suyu qurumuş Arvan çayının sahilində bir uşaq dayanmışdı. Ona tərəf gələn anlamadığı gurultunu təəccüblə izləyirdi. Üstünə çay gəlirdi. Suyla və daşla, baharla və həyatla dolu bir çay. Bu, balaca uşağın – gələcək şair Rəsul Rzanın həyatda ilk sarsıntısı idi.

Sonralar o, bir dəfə də olsun öz uşaqlığına etibarsız çıxmadı. Balaca uşağın ürəyi, şairin ürəyi ilk dəfə titrəyən o ana xəyanət etmədi.

Həyatında heç vaxt qarşıdan gələn gurultulu selin qabağından qaçmadı, gözəl və yenilməz gələcəyin nəhri, yeniliyi, həmişə qeyri-adi və çətin görünən yeniliyi açıq üzlə qarşıladı. Bu gün, altmış yaşında da şair əvvəlki kimi heyranlıq və qüdrətlə Yenini salamlayır.

Elə poeziya var ki, təbiəti xatırladır. Stixiyalara tabe olmayan, düşünən qəlblə və ilhamlı iradəylə yönəldilən təbiəti. Belə təbiət torpaq kimidir, hər şeyin öz məqamında gəldiyi torpaq kimi – öz vaxtında buludlar əkinlərə yağış göndərir, otlar yorğun və ac sürülərin gəlişiyçün boy atırlar, çeşmələr susuzluqdan cadar-cadar olmuş insanların ayaqları altında üzə çıxır.

Rəsul Rza poeziyasının mahiyyəti də belədir. Lazımlı olmaq, gərək olmaq, vaxtında gəlmək – onun devizidir. Ona görə də Rəsul Rzanın öz-özlüyündə qiymətli yaradıcılığı həm də elə bir qaynaqdır ki, poeziyamızın bir çox böyüklü-kiçikli çeşmələri, çayları bu qaynaqdan başlanır. O, susuzluğun məğzini və əlacını dərk etmiş və bu möcüzənin sirrini başqalarına da vermişdir...

Onun poeziyası – xeyirxah müdrik təbiətə və bu təbiətin içində insana həsr olunmuş himndir. Onun poeziyası şüursuz, kortəbii qüvvələrə meydan oxumaqdır.

 

Neçə gündür yağış yağır,

Necə yağır, necə yağır.

Səhər yağır.

Axşam yağır.

Gündüz yağır.

Gecə yağır.

O yanda səhralar yanır,

Burda yağış heçə yağır.

 

Quruculuğun yüksək romantikası, dövrün nəbzinin döyünməsi – qafiyələnmiş sözlər deyil, şairin həyatının özü, şəxsi ömürlüyüdür. O, son dərəcə sadə və eyni zamanda qaynar temperamentlidir, hiss və fikirlərini ifadə edərkən xalq zərb-məsəllərini andıran cümlələr tapır. Belə dildə yazmaqda ona təcrübəsi və erudisiyası, istedadı və yaddaşı kömək göstərir. Xalqımıza gözəl bələddir, onun keçmişini və tarixini, məişətini, nəğmələrini və adətlərini yaxşı tanıyır, qəhrəmanlarını da, xəyanətkarlarını da unutmur, Azərbaycan dilinin hər bir sözünü, demək olar ki, fiziki şəkildə duyur. Bəlkə elə buna görə də şeirlərində hər söz canlı bir varlıq kimi yaşayır; söz hərəkət edir, rəngdən-rəngə düşür, tamamilə yeni ahəngdə səslənir, sanki yenidən doğulur. Məsələ onda deyil ki, şairin söz ehtiyatı çox zəngindir, məsələ ondadır ki, onun şeirində fikir sözün qulu yox, ağasıdır. Söz nə qədər qəşəng səslənsə də, qafıyəsi nə qədər uyar olsa da, Rəsul Rza qələmi onu pozacaq, əvəzində başqa bir söz yazacaq, qoy bu cür gözəl səslənməyən söz olsun, amma fikri daha dəqiq ifadə etsin, yerinə düşsün.

Rəsul Rza şeir və poemalarının ilk misralarından oxucunu özüylə bərabər düşünməyə sövq edir, bədii və ictimai problemlərin həllində onu sanki öz həmkarı, həmfikri sayır. O, oxucusunu müstəqil düşünməyə, yaratmağa (bəli, bəli, hətta yaratmağa) çağırır və addımbaaddım onunla bərabər yeriyir.

Bizim əsrdə, zəka böyük zəfərlər qazandığı bir əsrdə, böyük fikir qısa bir sözə və düstura sığışdırıla bilən zamanda oxucu şeir kitabını açarkən düşünməyə hazır olmalıdır, şeirdə yalnız şirin əyləncə axtarmamalıdır.

Yeri gəlmişkən, Rəsul Rzanın bu barədə parlaq və dəqiq sətirləri var:

 

Aydındır şeirin dili.

İstəyirsən sevincdən,

istəyirsən qəmdən yaz.

Elə aydındır bu dil

nadan yüz yol oxusun,

yenə bir şey anlamaz.

 

Bəli, Rəsul Rza poeziyası aydındır. Sözün ən yüksək mənasında aydındır. Şair sanki öz səyini və əsrlər boyu yığılmış zəngin təcrübəni bir vəhdətdə birləşdirir. Onun yaradıcılığının orijinallığı sənətə yuxarıda qeyd etdiyim namuslu münasibətdən yaranır.

Rəsul Rzanın seçdiyi yol əsl poeziyaya aparan yoldur:

 

Düşünürəm, şeir yazıram.

Mən bu uzun yolda

Getməyə, getməyə, getməyə də,

ən yaxın duracaqda düşməyə də hazıram.

Ancaq...

Bu şeiri qurtarım.

Bir yenisini başlayım.

Bir də...

Nə yol qurtarır,

nə arzular.

 

Bu sətirlər 1962-ci ildə yazılmış “Hamımız yoldayıq” adlı gözəl şeirdəndir. Şair bu şeiri iyirmi, otuz il bundan qabaq da yarada bilərdi. “Yol qurtarmır”, amma yol hər an, hər dönüşdə qırıla bilər. Bax buna görə də şair “şeiri” qurtarmağa tələsir, “bir yenisini başlamaq” istəyir. “Vaxt var ikən”, sonsuzluq imkan verənəcən...

Rəsul Rza sistematik təhsil görməmişdir. Özü etiraf etdiyi kimi, “hətta əməlli-başlı ali təhsil məktəbi” də bitirməyib. Tərcümeyi-halında müxtəlif vaxtlarda oxuduğu məktəbləri sadalayır. Onların sayı... on birdir. Həyatda nail olduqları hamısı – müstəqil təhsilin, öz üzərində gərgin işləməsinin nəticəsidir. O, tibbi və fəlsəfəni, kənd təsərrüfatını və kinonu öyrənib. Bu məsələdə o, həm həkim, həm riyaziyyatçı, həm filosof, həm də tarixçi olan klassik şairləri xatırladır.

Rəsul Rzanın öz üzərində inadlı işi əslində özgələrçün görülən işdir. Çünki məhz bu zəhmətin sayəsində o, indiki məqamına çatıb: poeziyada yeni yollar açan şair, gənc, istedadlı şairlər dəstəsi yetirmiş müəllim, alim və ictimai xadim məqamına. Təsadüfi deyil ki, ilk Azərbaycan ensiklopediyasının yaranmasına da o, başçılıq edir.

Şəxsiyyətin çoxcəhətliliyi və zənginliyi yaradıcılığının çoxcəhətli zəngin olmasının rəhnidir və bunların vəhdəti Rəsul Rzanın poeziyasını universallığı ilə fərqləndirir, onun dəstxətini başqalarından seçdirir. Adama elə gəlir ki, həllolunmaz məsələdir – bir konkret rəngdə zidd qütblərdə dayanan fikirləri, assosiasiyaları, günümüzün ən aktual problemlərini cəmləşdirmək! Rəsul Rza bu məsələni, ixtiraya, kəşfə bərabər olan bu məsələni həll edə bilib.

Sətirdən-sətrə, şeirdən-şeirə, poemadan-poemaya Rəsul Rza yorulmadan insanın yaşarılığından, onun xilasedici, hər şeyə qalib gələn vəzifəsindən danışır. O, “insan ülfəti”nə inanır, çünki insanlığın taleyi, yer üzündə sülhün taleyi bundan asılıdır.

60 illiyini qeyd etdiyimiz günlərdə şairin şeirləri sanki yeni cür səslənir. Bəlkə də kimsə bu şeirlərdə bir yorğunluq duyacaq – uşaq yaşlarından ağır zəhmətə alışmış insanın yorğunluğunu. Ağır şair zəhmətinin nəticəsi olan yorğunluğu. Şair əməyi, məlum olduğu kimi, istirahət günləri və məzuniyyət ayları olmayan, ümid lağımlarında gecə-gündüz aparılan işdir. Ancaq bu, yalnız zahirən yorğunluq kimi görünə bilər. Axı şairin “təqaüd yaşı” – yalnız onun ölümündən sonra başlayır. Rəsul Rzanın damarlarında qəribə enerji ilə aşılanmış bir qan axır və o, hər an ilhamlı əməyə çevrilməyə hazırdır. Hər dəfə öz gəlişiylə bizi heyrətləndirən bahara oxşayır bu əmək.

Bax beləcə, bahar kimi, çay, nəhr kimi, Rəsul Rza yaradıcılığı da hələ uzun illər şair və oxucu nəsilləri qarşısına çıxacaq. Poeziya adlanan bu dolğun, qüdrətli nəhr özüylə səslər və rənglər, mərdlik və həqiqət gətirəcək.

                                                                                     "Vışka" qəzeti, 19 iyun, 1970

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.