Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU
“Susmaq, həmişə susmaq...”
Susmaq, həmişə susmaq...
Anayla söhbət edəndə də,
sevdiyinlə görüşən anda da,
hər an, hər yanda
susmaq, eləcə də susmaq...
hər gün dost-aşna söhbətimizin
sükutuna enmək öz səsinlə,
hər gün bülbül kimi ötən
lal insanlarla rastlaşmaq
və görmək,
və bilmək ki,
bu səssiz bağırtı içində
pıçıltıya ehtiyacı var insan oğlunun.
Nə yaman çətindir, İlahi,
danışa-danışa susmaq,
dillənmədən eşidilmək onnan da çətin!
Susmaq, eləcə susmaq...
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)