Respublika Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb

 

Poeziya və publisistika sahəsində özünəməxsus mövqeyi olan görkəmli yazıçı, şair və tərcüməçi Əlibala Hacızadənin anadan olmasından 90 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə biblioqrafik icmal hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, vəsaitdə yazıçı Əlibala Hacızadənin həyat və yaradıcılığı, layiq görüldüyü mükafatlar, müəllifi olduğu əsərlər haqqında məlumat verilir. İcmalda yer alan rəsmi sənədlər hissəsində “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın,  tənqidçi Vaqif Yusiflinin “Sevməsən, sevilməzsən” və  yazıçı Camal Zeynaloğlunun “Özünə əbədi ədəbi abidə ucaltmış insan” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bir sıra görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, Əlibala Hacızadənin müəllifi olduğu, redaktə və tərcümə etdiyi “Seçilmiş əsərləri”nin cildləri, “Məhəbbət olmayan evdə”, “Sonuncu mahnı”, “Saib Təbrizi və farsdilli poeziyada Hind üslubu”, “Xəstəlik düşüncədən başlayır: satirik hekayələr, şerlər və detektiv”, “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa icmalı,  müəllifi olduğu və haqqında yazılan dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir. “Əlibala Hacızadə - 90” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal  yerləşdirilib. 

Tərtib edilən biblioqrafik icmal təkcə ədəbiyyatşünaslar və tədqiqatçılar üçün deyil, həmçinin Əlibala Hacızadə irsi ilə yaxından tanış olmaq istəyən geniş oxucu kütləsi üçün də faydalı olacaqdır. Müəllifin əsərlərinin ideya-bədii dəyəri, milli ədəbiyyatın inkişafına verdiyi töhfələr və milli ədəbiyyatımızın inkişafındakı rolu gələcək tədqiqatlar üçün də zəngin material verir.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.