Gənclər Kitabxanasında Laçın şəhəri günü ilə əlaqədar biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 avqust – Laçın şəhəri günü elan olunması ilə bağlı imzaladığı sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – “Laçın azadlığın qanadında” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, biblioqrafik icmal Laçın şəhərinin tarixi, mədəni, sosial və ədəbi irsi haqqında mövcud nəşrləri, məqalələri və digər informasiya mənbələrini bir araya toplayaraq geniş oxucu auditoriyasına təqdim etmək məqsədilə hazırlanıb. İcmalda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın tam mətni, publisist Yasəmən Musayevanın “Laçına qayıdış büsatı” adlı məqaləsi, “Dəmir Yumruq – Vətən müharibəsi”, “MDB-nin mədəniyyət paytaxtı – 2025” başlığı altında məlumatlar, Laçın şəhərinin mədəni irsi - tarixi abidələrinin foto görüntüləri təqdim edilir. Biblioqrafik icmalda Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  44 günlük Vətən müharibəsində qazanılan qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilir, Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlıların öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Vətən müharibəsi və Laçın şəhərinin tarixi, elmi, ədəbi, mədəni irsi, folkloru, əsrarəngiz təbiəti haqqında qələmə alınan “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər”, “Ədalət zəfər çaldı”, “Böyük Qayıdış: Laçın”, “Laçın rayonu və onun toponimləri”, “Zəngəzurun altun tacı Laçın”, “Mərdlik qalası Laçın” kimi 40-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyası təqdim edilir.

26 avqust Laçın şəhəri günü ilə əlaqədar hazırlanan “Laçın azadlığın qanadında” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytındahttps://www.ryl.az/funds/biblioqrafik-icmal   yerləşdirilib.

Kitabxanada “26 avqust Laçın şəhəri günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə kitabxananın fondunda olan və özündə Laçın şəhəri haqqında məlumatları cəmləyən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsait sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.