Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
“İstidir, qar uzaqda...”
İstidir, qar uzaqda,
Şaxta da var uzaqda,
Yalnız ümid sazaqda
Belə də qış olarmı?
Şimşək durmadan çaxır,
Fəqət çay quru axır,
Allah haraya baxır,
Belə baxış olarmı?
Qışda od qalamadım,
Yayda yer sulamadım,
Payızda ulamadım,
Belə bayquş olarmı?
Ömür gün-gün azalır,
O günə lap az qalır,
Mənə sükut əl çalır,
Belə alqış olarmı?
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)