Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyi çərçivəsində növbəti material istifadəçilərə təqdim edilib

Ötəngün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Fikrət Qoca – sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Xalq şairi Fikrət Qocanın müxtəlif orden və medallar ilə təltif edilməsi, yubiley tədbirlərinin keçirilməsinə dair imzaladıqları rəsmi sənədlərin mətni ilə yanaşı, Xalq şairi Rəsul Rzanın, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun şair haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Virtual kitab sərgisində Fikrət Qocanın müəllifi olduğu əsərləri və onun haqqında qələmə alınan nəşrlərin, məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Xalq şairi Fikrət Qocanın zəngin bədii irsindən, yaradıcılıq yolundan bəhs edən “Bu dünyadan bir Fikrət Qoca keçdi”, “Gözəl şair, kamil ziyalı”, “Şeirləri sevgidən yaranan şair”, “Azərbaycan poeziyasının Fikrət Qoca dünyası”, “Fikrət Qoca gecəsi” kimi məqalələrin tam mətni sərgilənir.

 

“Fikrət Qoca – Sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

Gənclər Kitabxanasının sosial şəbəkə hesablarında https://www.ryl.az/our-activity/fikret-qoca-90 mütəmadi olaraq Fikrət Qocanın yaradıcılıq nümunələrindən ibarət paylaşımlar, məlumat xarakterli qısa tanıtım çarxları da istifadəçilərə təqdim edilir.

 

Bundan əlavə kitabxananın rəsmi saytında yaradılan “Fikrət Qoca - 90” adlı elektron resurslar bazasına yeni materialların əlavə edilməsi işi davam edir. Xatırladaq ki, bazada internet məkanında görkəmli şair haqqında dərc edilən materiallar toplanır.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.