ANAR, “Qırx gün, qırx gecə” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, “QIRX GÜN, QIRX GECƏ”

 

Yusif!

Mənim etibarlı, ağıllı, istedadlı dostum, yaraşıqlı, gözəl-göyçək qardaşım! Səni itirdiyimiz o dəhşətli anlardan qırx gün, qırx gecə keçir. Bilirəm, zaman ötdükcə Vaxt ən ağır yaraları sağaltmasa belə, qaysaqlayır, göynərtisini ovudur, amma ölümündən keçən bu qırx günün elə bir saatı, dəqiqəsi olmayıb ki, sənin yoxluğunun dözülməz ağrısını duymayım, hər dərdimi, hər sözümü, həmişəki kimi, səninlə bölüşə bilməyəcəyimin acısını hiss etməyim. Gecələr yuxuma gəlirsən, “bilirsən, filankəs də lax çıxdı” deyirəm, “gündə yeddi dəfə allahlıq iddiasına düşən indi yetmiş yeddi dəfə düşür”, “tək alçaq dağları yox, elə uca dağları da yaratdığını bəyan edir” deyirəm. “Aybənizin nəvəsi oldu” deyirəm.

Ölümündən iki gün qabaq, xəstəxanada son görüşümüzdə ordu orduna yapışmış, kül rəngli sifətində gördüyüm zəif, amma əvvəlki kimi işıqlı təbəssümünlə gülümsünürsən, heç nə demirsən...

Nə deyəcəksən axı? Əbədi sükut dünyasındasan. Elə bir dünyada ki, ora ünvanlanmış suallar həmişə cavabsız qalır. Bizi böyük qismi (hamısı yox, əstəğfürullah!) çörəyi dizinin üstündə olan, dönük, kəmfürsət, paxıl və kinli adamlardan ibarət “ədəbi mühit”də, bu canavar sürüsünün içində qoyub niyə getdin? Bizi – Vaqifi, Fikrəti, Çingizi, Arifi, məni... Çingiz, Arif bizdən cavandırlar, bizlərdən sonra hələ çox illər yaşayacaq və bəlkə haçansa birlikdə işlədiyimiz günləri xatırlayacaqlar: “Anar bir az qaraqabaq idi, Vaqif çox vaxt qaşqabaqlı, Fikrət bəzən dalğın olurdu, amma Yusif... Yusifin həmişə dodağında təbəssüm, dilində xoş bir lətifə, heç kəsi incitməyəcək, heç kəsin qəlbinə toxunmayacaq şux zarafatı olardı”.

Eləydi Yusif. Ağlıma sığışdıra bilmirəm ki, bundan sonra bir daha Yazıçılar Birliyindəki, yaxud Milli Məclisdəki otağımın qapısından o təkrarsız təbəssümünlə içəri girməyəcəksən – çiynində fotoaparat, böyründə cib telefonu, həmişə səliqəli, şıq geyinib-kecinmiş, yaxanda kostyumuna uyğun zövqlə seçilmiş qalstuk, pencəyinin döş cibində eyni rəngli dəsmal, başında dama-dama kepka...

Təpədən-dırnağa aristokrat və ziyalı idin. Qiyafəndə, davranışında, oturub-durmağında, insanlarla rəftarında, sənin əlinə su tökməyə layiq olmayan adamların hücumlarına, böhtanlarına ağayana etinasızlığında... İctimai və ədəbi qara-qışqırığa biganəliyinə, onu eyninə almamağına görə bəzən səni qınayırdım. “Qəribəsən e, – deyirdin, bir it, ya qoca köpək səni dişləyirsə, sən də onu dişləməlisən? Hürüb-hürüb yorulacaqlar...”

Haqlısan, Yusif. Sənin belə-belə şeyləri vecinə almamağının səbəbi o idi ki, müdrik insan idin, dünya malında – vəzifə, şöhrət, fəxri ad-filan gözün yox idi. Elə bu hücumların da əksərən məhz bu sayaq şeylərə tamah salanlar tərəfindən edildiyini yaxşı bilirdin. Elə bir ailədə dünyaya gəlmişdin ki, uşaqlıq çağından şöhrətin hər üzünü və ən geniş miqyasını görmüşdün. Bu sarıdan da gözün tox idi. İntizarla onun-bunun ağzına baxıb bir qaşıq tərif payını umanlardan, onun-bunun qələmini pusub özü haqqında mübaliğəli sözlər eşitməyin nisgilini çəkənlərdən və xudanəkərdə, bu sözləri eşitməyəndə özü-özünü şişirdib dağ başına qoyanlardan deyildin. Mirzə Cəlilin topuğundan olub, onunla bəhsəbəhsə girən zavallılara ancaq xəfif bir təbəssümlə gülümsünürdün. Sənin bu təbii kübarlığının, ziyalı ləyaqətinin kökünü yalnız mənşəyinlə, nəslinlə, anadan olduğun, yetişdiyin ailənlə bağlamaq düz olmaz. Əlbəttə, əsil-nəcabətin, ailə tərbiyəsinin də əhəmiyyəti az deyil. Amma bu əsil-nəcabət, ləyaqət bəy nəslinə mənsub olduğu qədər, adi bir çoban nəslinə də mənsubdur. Məsələn, tutalım, çoban ailəsində dünyaya gəlmiş Mövlud Süleymanlının ləyaqəti, daxili mədəniyyəti, ziyalılığı yazıçı ailəsində göz açmış bəzi şərəfdən dəm vuran şərəfsizlərdən min pay artıqdır. Səndə isə hər iki cəhət son dərəcə ahəngdar şəkildə bir-birini tamamlayırdı. Ailəndən gələn ağayanalıq və öz təbiətinin zənginliyi – böyük istedad, dərin zəka, geniş savad, dünyaya, hadisələrə, insanlara, həyata və ölümə müdrik baxış... Və bəlkə dünyanın bütün ağrı-acılarını, insanların bütün naqisliklərini, xırdaçılıqlarını, yekə-yekə sözlər, gurultulu şüarlar ardında vəzifə, kürsü, şan-şöhrət hərisliyi, iyirmi gün ləzzətini duyduqları üç, ya dörd nömrəli telefonları qaytarmaq üçün sifətdən-sifətə düşdüklərini, maaşa dolananların kasıbçılığına rişxənd edən harınların hər üzünü gördüyünçün özünə başqa bir dünya qurmuşdun. Bu dünyaya ailə üzvlərindən və ən yaxın dostlarından başqa heç kəsin yolu yoxdu. Bu dünya sənin düşüncələrinin, aləmə car çəkməyib əzabını içində yaşatdığın dərdlərinin, ağrılarının, min bir milli, ictimai və məişət problemlərinin dünyası idi. Uğurla başa vurduğun bədii əsərlərinin və gələcək yaradıcılıq niyyətlərinin dünyası idi.

İnsanlardan bezəndə bu dünyada quşlarla, balıqlarla ünsiyyət tapırdın – mənzilində saxladığın balıqlarla, quşlarla...

Quşlar, balıqlar, kitablar, musiqi, bir də nəvələrinin məzəli sözləri – bəlkə axır illər sənə qalan son sevinclər idi.

Bir də xatirələrin sevinci. Axı sən elə bir ömür sürmüşdün ki, çoxları yalnız bu ömrün həsədini çəkməklə öz ömürlərini çürüdür. Nə olmayıb sənin ömründə, Yusif? İlk növbədə yaradıcılıq fərəhi – gözəl hekayələrin, filmlərin, ədəbiyyatımızın iftixarı olan, dildən-dilə çevrilmiş “Qətl günü” romanın... Xalqımızın ən ağır günlərində onunla bir olmağın, onun yanında və onun keşiyində durmağın, dərdiylə yaşamağın xatirələri. Apardığın mitinqlər, iştirak etdiyin toplantılar, çıxışların, müsahibələrin... Məqamında sənin adından, şöhrətindən bol-bol istifadə edib sonra səni “unudanların” həqiqi məqsədlərini anlamağın və bu xəyal qırıqlığından qırılmamağın, bədbinləşməməyin... Ölkələr, maraqlı insanlar, kitablar, filmlər, ilk gənclik illərindən sevib-sevilməyin... Hər günü beş ömrə bərabər bir ömür...

Sənin və mənim evlərimizdə, iş yerlərimizdə, dost məclislərində, Qazaxda, Göyçayda, Dərbənddə, Almatıda, Bişkəkdə, Moskvada, Türkiyədə, Misirdə, Çində, Kanadada, ABŞ-da birgə keçirdiyimiz unudulmaz günlər, uzun-uzadı söhbətlərimiz – bütün bunlar, – ötən günlər, saatlar sənin olduğu qədər, mənim də xatirələrimdir.

Bilirəm ki, xatirələr yazmamısan, ancaq gündəlik aparırdın. Bu ortaq xatirələrimizin hansıları əks olunub yazılarında, – bilmirəm. Hər halda, bütün bunları canlandırmaq, ötüb keçmiş ömrümüzü bir daha kağız üzərində yaşamaq mənim öhdəmə düşür. Həm öz yerimə, həm sənin yerinə. Əlbəttə, ömür vəfa etsə…

Səninlə bağlı min bir epizodu, dərin-dürüst fikirlərini, dəqiq mülahizələrini, şux zarafatlarını, bənzərsiz yumorunu, zəngin və canlı şəxsiyyətinin müxtəlif cizgilərini daha dolğun və ətraflı şəkildə qələmə almaq indi mənim yoldaşlıq borcum, vəzifəmdir.

Vaqif küçəsində hekayələrini dinlədiyim, hekayələrimi dinlədiyin o uzaq günlər, “Qətl günü”nün əlyazmasını oxuduğum gecə, Ankarada mini-bara qoşduğun məzəli şeir, Qahirədə piramidalara getməyə ərinməyin, “əşi, kinoda görmüşük də” deməyin, İstanbulda Çiçək passajında Eminin hesabına qəhvə içməyimiz, sonra İstiqlal caddəsində Eminə qalstuk almağın, Vaqifin hər təzə şeirindən duyduğun və böyük qardaş təmkiniylə gizlətməyə çalışdığın qürur, mənə bağışladığın qəlyan (“Axır ki, sənin də bir keyfiyyətli qəlyanın olsun”, – dedin), gecə yarısı telefon zənglərin…

Akvarium balıqları və qəfəsdəki quşlar, fotolar və dama-dama kepka… İndi isti-isti bütün bunları xatırlamaq, xəyalımda bir də yenidən yaşamaq mənə çətindir, Yusif. Dəfn mərasimində danışa bilmədim. Arazın matəmində olduğu kimi, o gün də qəhər məni boğurdu. Yalnız bir-iki söz deyə bildim. Bu yazım da bəlkə bir az dağınıq oldu. Bəlkə içimə yığılmış acılar və bu acıları səninlə paylaşa bilməyin imkansızlığı elə sözləri, elə ifadələri işlətməyə məcbur etdi ki, bu gileylər sənin haqqında, – büllur kimi pak, təmiz, qəlbi hər cür həsəddən, kin-küdurətdən, xıltdan xali olan insan haqqında yazıya düşməməliydi. Buna görə bağışla məni, Yusif…

Neyləməli; “Kimə deyim dərdimi, dünya dolu adamdır?” Axı heç birinə heç bir pislik, bədxahlıq etmədiyimiz, əksinə, bacardığımız dərəcədə, imkanlarımız daxilində həmişə yaxşılıq etməyə çalışdığımız, həmişə ancaq və ancaq xeyirxahlıq göstərdiyimiz bu insanlar nə istəyir bizdən, ay Yusif? Nə veriblər ala bilmirlər?

Cavab yoxdur…

Yusif yoxdur…

Yusif Səmədoğlunun vəfatından qırx gün qırx gecə keçir…

                                               Sentyabr, 1998

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.